Hakerlərin əsas müştəriləri ərlərini güdən qadınlardır - ONLARI  HƏBS GÖZLƏYİR
03 iyun 2022 10:19 (UTC +04:00)

Hakerlərin əsas müştəriləri ərlərini güdən qadınlardır - ONLARI HƏBS GÖZLƏYİR

Sosial şəbəkələrin əsas problemlərindən biri kibercinayətkarlıqdır. Dəfələrlə kibercinayətkarlıqla (hakerlik) məşğul olan şəxslərin “müştəri”lərini aldatmaları və buna görə də saxlanılmaları barədə məlumatlara rast gəlmişik. Elə bir neçə gün əvvəl də “Whatsapp” yazışmalarını ələ keçirmək vədi ilə 394 nəfəri aldadan 22 yaşlı oğlan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanıldı.

Bəs görək, hakerlərə ən çox kimlər və nə üçün müraciət edirlər?

Sualımıza kibertəhlükəsizlik mütəxəssisi Elman Mütəllim cavab verib. O, Lent.az-a açıqlamasında sosial şəbəkədə belə xidmət təklif edənlərin fırıldaqçılar olduqlarını qeyd edib:

“Ümumilikdə hakerlik fəaliyyəti kibercinayətkarlıqdır və qanunla qadağandır. Bu xidməti göstərənlər də hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülür və saxlanılır. Onlara əsasən, instagram hesablarının sındırılması, mesajların oxunması və s. kimi müraciətlər edilir. Amma əksər hallarda müraciət edənlər aldadılır. Belə ki, kibercinayətkarlıqla məşğul olanlar müştərilərindən təqdim etdikləri kart hesabına pul göndərmələrini istəyir. Pul göndərildikdən sonra isə yoxa çıxırlar. Çünki onsuz da, Azərbaycanda bu xidmət aktiv deyil və qanunsuzdur. Hətta bunu bacaran şəxslər varsa da, qanunazidd olduğu üçün belə xidmət göstərmirlər. Əgər, sosial şəbəkələrdə rastınıza belə elanlar və hakerlik xidməti göstərənlər çıxsa bilin ki, fırıldaqçılardır. Çox təəssüf ki, ən çox müraciət edənlər, həyat yoldaşlarının şifrələrini ələ keçirmək istəyən xanımlardır”.

“Norma” hüquq mərkəzinin direktoru, hüquqşünas Şamil Paşayev də hakerlərin və onların müştərilərinin cinayət məsuliyyəti daşıdıqlarını dilə gətirib:

“Şəxsi yaxud ailəvi məlumatların, video, foto və s. görüntülərin yayılması, satılması Cinayət Məcəlləsinin 156-cı maddəsi ilə məsuliyyətə səbəb olur. Həmçinin şəxsin kompüterinə daxil olaraq, onun məlumatlarını götürmək də kibercinayətkarlıq hesab edilir. Konkret olaraq, hakerlik edənlər bu məcəllənin 156 və 271-ci maddələri ilə məsuliyyətə cəlb olunurlar. Onlara müraciət edərək, xidmət tələb edənlər də Cinayət Məcəlləsinin 32.4-cü maddəsi ilə təqsirli bilinirlər. Həmin maddə hədə-qorxu gəlmək, ələ almaq, sövdələşmək və s. üsullarla başqa şəxsi də cinayət əməlinə vadar edənlər təhrikçi sayılır. Müştərilər bu maddədə göstərilən hallarla başqasının şəxsi məlumatlarını ələ keçirmək istədikləri halda həmçinin 156  və 271-ci maddələrlə cinayət məsuliyyətinə cəlb olunurlar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5817
avatar

Mehman Nəbiyev

Oxşar yazılar