Bələdiyyənin məsuliyyəti yoxdur, yeni Mənzil Məcəlləsi MİS-lərin bu səlahiyyətinin üzərindən xətt çəkib
“Neçə aydır üç böyük yaşayış binasının qarşısındakı həyətdə qalaq-qalaq yığılan zibilliyi təmizləyən yoxdur. Vəziyyət o yerə gəlib çatıb ki, evin içərisində də zibilliyin iyindən nəfəs almaq olmur, qapı-pəncərəni açan kimi üfunət dolur evə. Bu barədə aidiyyəti qurumlara həm yazılı, həm də şifahi məlumat vermişik. Bizim bu vəziyyətimizi Mənzil İstismar Sahəsində də, bələdiyyədə də bilirlər. Amma məsuliyyəti bir-birlərinin üzərinə atırlar”.
Bu fikirlər Bakıda, M. Hadi küçəsindəki 69 saylı binada yaşayan sakinlərin birinin Lent.az-ın əməkdaşının elektron poçtuna göndərdiyi məktubundandır. Arif Süleymanov adlı oxucumuz yazır ki, əvvəllər də bu binanın qarşısındakı məişət tullantıları vaxtlı-vaxtında daşınmayıb. Ancaq son vaxtlar zibil qalıqlarının həcmi artığından sakinlər məişət tullantılarının əməlli-başlı ekoloji problem yaradacağından və ərazidə yoluxucu xəstəliklərin yayıla biləcəyindən narahatdır: “Xeyli vaxtdır azyaşlı uşaqların həyətə çıxmasına, onların məhəllədə oynamasına da qadağa qoymuşuq. Ətraf zibilliklə dolu olduğundan buna məcburuq. Xətai rayon bələdiyyəsinin, icra hakimiyyətinin və cavabdeh MİS-lərin rəhbərliklərinə dəfələrlə müraciət etsək də, onların məsələyə barmaqarası baxması üzündən problem həllini tapmır”.
Arif Süleymanov M.Hadi küçəsində 69 və 71 saylı binaların həyətinin nə vaxtsa zibillikdən təmizlənəcəyini, buranın tezliklə abad məhəlləyə çevriləcəyini gözləmir. Onun sözlərinə görə, aidiyyəti qurumlar nəinki zibilliyin daşınmasına, hətta yaşayış binalarının həyətinin ayrı-ayrı şəxslər tərəfindən zəbt edilərək çəpərə alınmasına da göz yumur. İndi onu qayğılandıran əsas məsələ aylarla həyətdə yığılıb qalan və ara-sıra səhər tezdən naməlum şəxslər tərəfindən yandırılan zibilliyin hansı təşkilat tərəfindən daşınmalı olduğunu aydınlaşdırmaqdır. Çünki istər 69, istərsə də divar-divara qonşu olan 71 saylı binanın sakinləri zibilin daşınması üçün hər ay 97 saylı Mənzil İstismar Sahəsinə adambaşına 50 qəpik ödəyir. Amma 69 və 71 saylı binaların həyətində təmizlik işlərini yerli bələdiyyə həyata keçirir. O da ki, sakinlərin çoxsaylı xahiş-minnətindən sonra.
Bəs məişət tullantılarının daşınması və nəqli xidmətləri ilə hansı qurumlar məşğul olur və bu xidmətlərə görə ödənişlər hara və necə ödənilir? Bələdiyyələr məişət tullantılarının toplanmasında və daşınmasında iştirak edə bilərmi?
Bəri başdan deyək ki, mövcud qanunvericiliyə görə, məişət tullantılarının daşınması xidmətlərini Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin yerlərdəki Mənzil İstismar Sahələri həyata keçirir. Tarif Şurasının 4 noyabr 2011-ci il tarixli 5 saylı qərarına əsasən, Azərbaycanın bütün şəhər və rayonlarında məişət tullantılarının daşınması və zərərsizləşdirilməsinə görə əhali qrupu üzrə adambaşına 30 qəpik xidməthaqqı tutulur. Qeyri-əhali qrupuna aid abunəçilər üçün 1 kubmetr zibilin daşınması xərci 10 manat, 1 ton üçün isə 45 manat 50 qəpik təşkil edir. Bu vəsaitlərin hamısı Mənzil İstismar Sahələri tərəfindən yığılır və icra hakimiyyətinin hesabına toplanır.
İdarəçilik dəyişməlidir
Xatırladaq ki, Milli Məclisin 12 iyun 2012-ci il tarixli iclasında “İstehsalat və məişət tullantıları haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. Həmin dəyişikliklərə əsasən, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, həmin yerlərdə saxlanılmasına görə fiziki şəxslər 20 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 500 manat həcmində cərimə olunur. Şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumların (urnaların) yerləşdirilməsi zamanı qanunvericiliklə müəyyən edilmiş məsafənin nəzərə alınmamasına görə vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər 1000 manat cərimə ödəməlidir. Amma göründüyü kimi, Xətai rayonunda yaşayış binasının qarşısındakı həyətin zibil meydançasına çevrilməsinə görə indiyədək nə hansısa fiziki şəxsə, nə də zibilin daşınmasına görə hüquqi məsuliyyət daşıyan Mənzil İstismar Sahəsinə cərimə tətbiq olunmayıb.
Ekspertlər isə bildirirlər ki, əslində problem tullantıların daşınmamasına görə inzibati məsuliyyətin nə dərəcədə sərt olmasında deyil, tullantıların düzgün idarə olunmamasındadır. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev deyir ki, indiki şəraitdə zibilin daşınmamasına görə cərimələrin məbləğinin artırılmasındansa, məişət tullantılarının idarə olunması ilə bağlı qanunvericiliyə dəyişikliklər edilməsi daha vacibdir. Onun fikrincə, bu sahədəki idarəçilik mexanizmi kökündən dəyişdirilməli, zibillərin daşınması icra hakimiyyətlərindən alınıb yerli bələdiyyələrə verilməlidir: “Əslində əvvəllər də bu işi elə bələdiyyələr görürdü. Yəni 2000-ci illərin əvvəllərinədək zibillərin daşınması xidmətini bələdiyyələr həyata keçirirdi. Bələdiyyələr yaradılanda zibillərin daşınması yerli özünüidarə qurumlarının səlahiyyətində idi. Sonradan bu iş rayon icra hakimiyyətlərinə verildi. Elə həmin ərəfədə “Təmiz Şəhər” ASC yaradıldı və şəhərin təmizliyi ilə məşğul olan bu quruma hər il dövlət büdcəsindən vəsait ayrılır”.
Yeri gəlmişkən, tullantıların daşınmasına görə hər il dövlət büdcəsindən 160 milyon manatadək vəsait xərclənir. Bu vəsaitlər yerli icra hakimiyyətlərinə ayrılır və həmin qurumlar öz növbəsində vəsaitləri zibilliklərin daşınması üçün Mənzil-Kommunal Departamentinə yönəldir. Samir Əliyev bildirir ki, əslində zibilliklərin daşınması ilə yerli özünüidarə qurumları məşğul olmalıdır. Onun sözlərinə görə, yerli əhəmiyyətli problemlərlə qarşılaşan hər kəs öz narazılığını bələdiyyə qurumlarına daha asan şəkildə çatdıra bilir. İcra hakimiyyətləri isə vətəndaşlar qarşısında hesabat vermədiyindən bu tip məsələlərə ciddi yanaşmır: “Bələdiyyələri isə vətəndaşlar seçir və onlar yerlərdə vətəndaşlara hesabat verməyə borcludur. Ümumiyyətlə, ictimai xidmətlər, o cümlədən işıq, qaz və su kimi kommunal sahələrin idarəçiliyi bələdiyyələrə verilməlidir. Hazırda digər kommunal xidmətlər dövlətin inhisarında olsa da, heç olmasa, məişət tullantılarının daşınması xidmətini bələdiyyələrə vermək olar. Lakin burada başqa bir nüans da var ki, istər qanunvericilikdə, istərsə də ölkəmizin qoşulduğu beynəlxalq Xartiyada yerli hökumətin, yəni bələdiyyələrin səlahiyyətləri müəyyənləşdirilərkən onun maliyyə təminatı da həmin qurumlara verilməlidir. Hazırda zibil daşınması xərclərinə görə icra hakimiyyətlərinə hər il kifayət qədər iri məbləğlərdə vəsait ayrılır. Prinsip etibarilə həmin vəsaitləri bələdiyyələrə verməklə zibil daşınması xidmətinin keyfiyyətini də yaxşılaşdırmaq olar”.
Ekspert bələdiyyələrin büdcəsinin kiçik olmasından da gileylənir. Onun sözlərinə görə, hazırda ölkədə mövcud olan 1738 bələdiyyənin illik büdcəsi 36-37 milyon manatdan çox deyil. Samir Əliyev deyir ki, təkcə zibil yığımı xərcləri bu qurumlara verilsə, bələdiyyələrin büdcəsi indikindən ən azı 3 dəfə arta bilər: “Hökumət rəsmilərinin açıqlamalarından da görünür ki, yuxarı dairələrdə bu istiqamətdə müəyyən müzakirələr gedir. Həm də Azərbaycan hökuməti bələdiyyələrə bu tip səlahiyyətlər verməklə bağlı Avropa Şurası qarşısında müəyyən öhdəliklər götürüb. Ona görə də güman etmək olar ki, yaxın vaxtlarda ən azı zibil daşınması xidmətləri MİS-lərdən alınıb bələdiyyələrə veriləcək”.
MİS-lər “yarımştat” rolunda
Samir Əliyev hazırda icra hakimiyyətlərinin zibillərin daşınması ilə bağlı hər hansı öhdəliyinin olmadığını da deyir. Onun sözlərinə görə, bu qurumların vəzifələrində qeyd olunur ki, mənzil təsərrüfatının idarə olunması ilə bağlı MİS-lər kommunal xidmətlər göstərir: “Amma 2009-cu ildə qüvvəyə minən yeni Mənzil Məcəlləsi ilə bunun üzərindən xətt çəkilib. Sadəcə olaraq bu qurumlar icra hakimiyyətinin bir bölməsi kimi büdcədən icra hakimiyyətlərinə ayrılan vəsaitdən pay alır. Əslində MİS-lər zibil daşınması ilə məşğul olmur, bu işi icra hakimiyyətləri həyata keçirir. MİS-lər isə sadəcə olaraq icra hakimiyyətinin bu xidmətlərinə görə əhalidən pul yığmaqla məşğuldur. Ona görə də faktiki olaraq zibilin vaxtında daşınıb-daşınmaması üçün heç bir məsuliyyət müəyyənləşməyib. Yəni kimsə iddia qaldıra bilməz ki, icra hakimiyyəti hansısa bir məhəllədə zibili niyə daşımadı? Əslində “İstehsalat və məişət tullantıları haqqında” qanunda müəyyən öhdəliklər nəzərdə tutulub. Ancaq bu öhdəliklərin icra mexanizmi olmadığından işləmir və qanunla müəyyən edilən cərimələr də daha çox zibili təyin olunmuş yerə atmayan fiziki və hüquqi şəxslərə aiddir”.
Zibilin vaxtında daşınmamasına görə hansısa vətəndaşın icra hakimiyyətini və ya Mənzil İstismar Sahəsini, yaxud bələdiyyəni məhkəməyə vermək hüququnun olub-olmamasına gəlincə, Samir Əliyev deyir ki, hüquqi cəhətdən bu məsuliyyət yerli özünüidarə orqanlarına aid olmadığından heç kəs bu qurumu məhkəməyə verə bilməz. Onun fikrincə, indiki şəraitdə zibillərin daşınmasına görə məsuliyyəti icra hakimiyyətləri daşıyır və məhkəməyə də yalnız bu qurumun müvafiq bölmələri verilə bilər.
Dövlət imkan yaradacaq ki...
Milli Məclisin Regional siyasət komitəsinin üzvü Tahir Rzayev də məişət tullantılarının daşınması xidmətlərinin bələdiyyələrə verilməsinin tərəfdarıdır. Onun sözlərinə görə, məişət tullantılarının daşınması və çeşidlənməsi işini bələdiyyələr daha keyfiyyətli şəkildə həyata keçirə bilər: “Əslində bələdiyyələr elə indi də bu işlə məşğuldur. Ancaq könüllü şəkildə. Bu xidmət sahələri onların səlahiyyətinə verilsə, məsuliyyət də müəyyənləşər və bələdiyyələr şəhərin təmiz saxlanılması işində daha yaxından iştirak edər”.
Millət vəkili bəzi səlahiyyətli qurumların məişət tullantılarının MİS-lərdən alınıb bələdiyyələrə verilməsinin effektiv olmayacağı barədə izahatları ilə razılaşmadığını deyir. Onun sözlərinə görə, bəzi icra orqanları zibildaşıma xərclərinin icra hakimiyyətlərinin öhdəliyində qalmasında maraqlıdır. Bu isə sosial yönümlü xidmətlərin bələdiyyələrə verilməsində fikir ayrılığı yaradır: “Halbuki bələdiyyə institutunu inkişaf etdirmək üçün mütləq onlara müəyyən səlahiyyətlər verilməlidir. Bu səlahiyyətlərdən biri də məişət tullantılarının daşınması xidmətidir. Əgər bələdiyyələr bu iş Mənzil İstismar Sahəsindən yaxşı görürsə, niyə bu səlahiyyət, ona ayrılan vəsaitlər bələdiyyələrə verilməsin? Hətta mənzil-istismar sahəsinə dair bütün xidmətlər, təmizlik, yaşıllaşdırma, əlil uşaqlara, tənha və kimsəsizlərə, ahıl və qocalara xidmətin göstərilməsi də bələdiyyələrə verilə bilər. Bununla da bələdiyyələr öz ərazilərində vətəndaşlara həm tam xidmət göstərər, həm də müəyyən vəsait əldə edə bilər. Nəticədə bu xidmət sahələrinə yönəldilən vəsait də bələdiyyələrin büdcəsinə köçürülər və bələdiyyələr bundan istifadə edərək müəyyən işlər görə bilər”.
Bələdiyyələrin işinin daim dövlətin diqqətində olduğunu deyən millət vəkili deyir ki, əslində bələdiyyələrin əsas vəzifəsi yerli əhəmiyyətli sosial-iqtisadi problemləri həll etməsidir. Onun sözlərinə görə, dövlət yaxın gələcəkdə bələdiyyələrə bu istiqamətdə fəaliyyətini genişləndirmək üçün yeni imkanlar yaradacaq: “Dövlət imkan yaradacaq ki, bələdiyyələr həm zibilliklərin daşınmasında, həm ekoloji təmizliyin qorunmasında, həm də digər sosial yönümlü xidmətlərin təşkilində öz potensialından istifadə edə bilsin. Bununla həm bələdiyyələrin büdcəsinə əlavə vəsaitlər daxil olacaq, həm də əhaliyə göstərilən sosial xidmətlərin keyfiyyəti yüksələcək”.