TQDK sədri: “Təhsil Nazirliyi düzgün siyasət yürüdəcək”
04 aprel 2013 13:14 (UTC +04:00)

TQDK sədri: “Təhsil Nazirliyi düzgün siyasət yürüdəcək”

TQDK sədri Məleykə Abbaszadə yenidən dərsliklərdən danışıb. Lent.az-ın məlumatına görə, Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib ki, hər kəsin öz vəzifəsi var: “Azərbaycanda təhsil siyasətini həyata keçirən bir qurum var. O da Təhsil Nazirliyidir. Biz orta məktəblərdə istifadə edilən dərsliklərin monitorinqini prezidentin tapşırığı əsasında həyata keçiririk. Monitorinqin nəticələrini ictimaiyyətə və ölkə rəhbərliyinə çatdırırıq və bu proses açıqdır. Biz indiyə kimi 1, 3 və 4-cü sinif dərsliklərinin monitorinqini başa çatdıraraq rəyləri təqdim etmişik. Bu həftə 2-ci sinif dərsliklərinin monitorinqi başa çatır, gələn həftə nəticələri Təhsil Nazirliyinə göndərəcəyik. Təhsil Nazirliyi bizə yalnız 1 və 3-cü sinif dərslikləri ilə bağlı cavab verib”.

TQDK sədri onu da qeyd edib ki, monitorinqin nəticələri ilə bağlı dərslik müəlliflərinin obyektiv və ya subyektiv fikirləri ola bilər: “Dərsliklərin monitorinq prosesində iştirak edən alimlər, mütəxəssislər iradlar tuturlarsa, bircə müəllif monitorinqin nəticələri ilə razı deyilsə, bu, onun öz problemidir. Təbii ki, bununla bağlı Təhsil Nazirliyinin düzgün siyasət həyata keçirəcəyini düşünürəm”.

M. Abbaszadənin sözlərinə görə, adıçəkilən nazirlik hər hansı bir müəllifin hüquqlarını müdafiə etmir, təhsilimizin hüquqlarını müdafiə edir.

# 892

Oxşar yazılar