Azərbaycanda bu gündən rezidenturaya sənəd qəbulu başlayır. Bu barədə Lent.az-a TQDK-nın mətbuat xidmətindən məlumat verilib. Qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsilə aparılacaq. Namizəd şəxsiyyət vəsiqəsindən (seriyasından, nömrəsindən və PİN kodundan) və "TQDK-nın virtual ödəmə kartı"ndan (iş nömrəsindən və şifrindən) istifadə etməklə TQDK-nın müvafiq internet səhifəsinə (tqdk.gov.az/erizerez) daxil olmalı və oradakı "Namizədin elektron ərizəsi" formasını doldurmalıdır. Namizəd virtual ödəmə kartını internet ödəmə və ya SMS xidmətindən istifadə etməklə əldə edə bilər. Qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçiriləcək. İmtahanın birinci mərhələsi 2013-cü il sentyabrın 9-da, ikinci mərhələsi sentyabrın 10-da keçiriləcək. Namizədlər imtahana gələrkən imtahana buraxılış vərəqəsini və şəxsiyyəti təsdiq edən sənədin əslini mütləq özləri ilə gətirməlidirlər.
Rezidenturaya sənəd qəbulu avqustun 23-də bitəcək. Sınaq imtahanı isə avqustun 17 və 18-i keçiriləcək.