Təyyarələrdə yoxlama aparacaq şəxslər necə seçiləcək? – QAYDA
28 dekabr 2012 16:23 (UTC +04:00)

Təyyarələrdə yoxlama aparacaq şəxslər necə seçiləcək? – QAYDA

Stresslə bacarmalı, ingilis, rus, fransız, ispan, ərəb, Çin dillərindən birini bilməli, ingilis dilini işçi səviyyəsində mənimsəməlidirlər

 

Nazirlər Kabineti “Yoxlamaların aparılmasına cəlb edilən şəxslərin anket məlumatlarının toplanması, yoxlanması və onların seçilməsi Qaydası”nı təsdiq edib.

Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu Qayda mülki aviasiyanın təhlükəsizliyi sahəsində keyfiyyətə nəzarət üzrə yoxlamaların aparılmasına cəlb edilən şəxslərin anket məlumatlarının toplanması, yoxlanması və onların seçilməsi metodlarını, şərtlərini və tələblərini müəyyən edir.

Bu Qayda aviasiya təhlükəsizliyi sisteminin gücləndirilməsini və təkmilləşdirilməsini təmin edən, müvafiq xidmət mədəniyyətinin formalaşmasına kömək edən, aviasiya təhlükəsizliyi sistemində keyfiyyətə nəzarət üzrə yoxlamaları aparmaq bacarığı olan namizədlərin işə cəlb edilməsi üzrə seçim və biliklərin yoxlanılması məsələlərini tənzimləyir. Aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində keyfiyyətə nəzarət məqsədi ilə tədbirlərin həyata keçirilməsi üçün ayrılan personalın sayı, yerinə yetirilən vəzifələrin həcmindən və xarakterindən asılı olaraq, Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının (DMAA) rəhbərliyi tərəfindən müəyyən edilir. Fəaliyyət qabiliyyətinə malik olmaması və ya məhdud fəaliyyət qabiliyyətinə malik olması məhkəmənin qərarı ilə təsdiq edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər keyfiyyətə nəzarət üzrə yoxlamaların aparılmasına cəlb olunmurlar. Seçim zamanı ali təhsili olan, Beynəlxalq Mülki Aviasiya Təşkilatının ( ICAO) rəsmi 6  dilindən birini bilən şəxslərə üstünlük verilir. Mülki aviasiyanın təhlükəsizliyi sahəsində keyfiyyətə nəzarət üzrə yoxlamaların aparılmasına cəlb edilən şəxslərin vəzifə təlimatlarını DMAA hazırlayır və təsdiq edir.

 Aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində keyfiyyətə nəzarət etmək üçün təyin edilmiş bütün personal əvvəlcədən müəyyənləşdirilmiş və aşağıda göstərilmiş ixtisas meyarlarına və peşəkarlıq hazırlığına dair tələblərə uyğun olmalıdır:

- aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində keyfiyyətə nəzarət orqanının fəaliyyətini tənzimləyən normativ sənədlər üzrə biliklərə malik olmalıdır;

- aviasiyanın fəaliyyətinin tənzimlənməsi sahəsində və ya hava gəmilərinin daxili və beynəlxalq istismarçılarının fəaliyyətinin təftiş edilməsi üzrə ən azı 2 (iki) il iş stajı olmaqla və ya ən azı son 5 (beş) il müddətində aviasiya təhlükəsizliyi üzrə mütəxəssis, baxış aparılması üzrə müfəttiş və ya aviasiya subyektlərində təhlükəsizlik üzrə müfəttiş qismində iş təcrübəsinə malik olmalıdır;

-tələb edilən ixtisasa və təcrübəyə uyğun olan, hal-hazırda fəaliyyətdə olan və ya əvvəllər verilmiş vəsiqəyə və sertifikata malik olmalıdır;

- aviasiya təhlükəsizliyinin təmin edilməsinə dair Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyaya (Çikaqo Konvensiyası) əlavələrin, digər beynəlxalq standart və tövsiyələrin, habelə bu sahədə milli qanunvericiliyin və təlimat xarakterli materialların tətbiq edilməsi məsələləri üzrə müvafiq biliyə malik olmalıdır;

- yoxlama sənədlərini tərtib etməyi bacarmalıdır;

- çoxmilli mühitdə işləməyi bacarmalıdır;

 - ICAO-da tətbiq edilən rəsmi dillərdən (ingilis, rus, fransız, ispan, ərəb, Çin) birini bilməli və ingilis dilini işçi səviyyəsində mənimsəməlidir;

- kargüzarlığın elektron üslubda aparılmasını bacarmalıdır;

- yaxşı idarəçilik vərdişlərinə və müvafiq təcrübəyə malik olmalıdır.

 Aviasiya təhlükəsizliyi sahəsində keyfiyyətə nəzarət tədbirlərinin aparılmasına cəlb edilmiş auditorlar:

- təftiş və tam həcmli yoxlamaları, aviasiya təhlükəsizliyi sisteminin təhlükəsizlik vəziyyətinin icmalını və ya sınağını həyata keçirməyi bacarmalıdır;

- aviasiya təhlükəsizliyi sahəsində beynəlxalq təcrübəni və prosedurları bilməlidir;

- “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı”nın və “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın müddəalarını bilməli və onların yoxlama obyekti olan aeroport, hava gəmilərinin istismarçıları və digər aviasiya subyektləri tərəfindən necə tətbiq edilməsi barədə məlumatlı olmalıdır;

- baxış aparılan yerdə təhlükənin səviyyəsinin qiymətləndiril-məsinin nəticələrinə dair məlumatlara malik olmalıdır;

- təhlükəsizliyin təmin edilməsi metodlarına və texnologiyalarına dair təcrübi biliklərə və vərdişlərə malik olmalıdır.

Yoxlamaların aparılmasına cəlb ediləcək şəxslərin seçimi müsabiqə yolu ilə həyata keçirilir.  Yoxlamaların aparılması üçün şəxslərin seçimi zamanı aşağıdakılar nəzərə alınır:

- stresslə bacarmaq qabiliyyəti;

- yüksək iş yükünə tab gətirmək qabiliyyəti;

- aviasiya təhlükəsizliyi sahəsində istifadə olunan texniki vasitələrlə işləmək qabiliyyəti;

- peşə bilikləri;

- xidməti vəzifələrə münasibət;

- təhlil aparmaq və qərar vermək bacarığı;

- yaradıcılıq və təşəbbüskarlıq;

- əmək intizamı;

- iş təcrübəsi və onu bölüşmə;

- kollektivdə işləmək bacarığı, ünsiyyət, işçilərarası münasibətlər;

- təhlil və proqnozlaşdırma;

- idarəetmə;

- kollektiv daxilində nüfuz və ruhlandırmaq bacarığı;

- komanda qurmaq bacarığı.

- Keyfiyyətə nəzarət tədbirləri ilə əlaqədar şəxslərin cəlb olunması proseduru aşağıda qeyd edilənlər nəzərə alınmaqla həyata keçirilir:

- namizədin yazılı ərizəsi;

- namizədin ixtisas səviyyəsinin və imkanlarının qiymətləndirilməsi üçün onunla aparılan test imtahanı və müsahibə (biliklərin yoxlanılması);

- anket məlumatlarının yoxlanılması və əmək fəaliyyəti barədə məlumatların təsdiqlənməsi;

- sənədləşmənin aparılması.

 Yoxlamaların aparılmasına yüksəkixtisaslı şəxsləri cəlb etmək məqsədi ilə DMAA-nın Müsabiqə Komissiyası tərəfindən müsabiqə (yazılı test imtahanı və müsahibə) keçirilir. Müsabiqənin keçirilməsi üçün müvafiq olaraq DMAA-da 5 (beş) nəfərdən ibarət Müsabiqə Komissiyası (bundan sonra - Komissiya) yaradılır. Komissiyanın tərkibi sədr, sədrin müavini və digər üzvlərdən ibarət olmaqla, DMAA-nın direktoru tərəfindən təsdiq edilir. Komissiya üzvlərinin səlahiyyət müddəti 3 ildir. Səlahiyyət müddəti bitmiş üzvlər yenidən bu Komissiyanın tərkibinə daxil edilə bilərlər. Komissiyanın işinə DMAA-nın məsul əməkdaşları, mülki aviasiya subyektlərinin mütəxəssisləri və digər şəxslər cəlb edilə bilərlər. Müsabiqə imtahandan və müsahibədən ibarətdir.  İmtahan test üsulu ilə həyata keçirilir. İmtahanın müəyyən olunmuş qaydada keçirilməsini təmin etmək məqsədi ilə mülki aviasiya subyektlərinin və aidiyyəti dövlət qurumlarının mütəxəssisləri cəlb oluna bilərlər.  İmtahan 50 sualdan ibarətdir və 1 saat 30 dəqiqə müddətində fasilə verilmədən keçirilir. İmtahanın suallarını və cavablarını konfidensiallıq təmin edilməklə Komissiya hazırlayır və bu hazırlıq prosesinə mütəxəssislər də cəlb edilə bilər. Hazırlanmış sualların sayı imtahanda istifadə ediləcək sualların sayından ən azı beş dəfə çox olmalıdır. Suallar imtahana ən azı 10 gün qalmış hazırlanır, Komissiyanın qapalı iclasında baxılaraq təsdiq edilir və zərfə qoyularaq möhürlənməklə xüsusi yerdə saxlanılır.

Komissiya, imtahan suallarına düzgün cavabların siyahısını da hazırlayır və onun konfidensiallığını təmin edir. İmtahana 2 gün qalmış konfidensiallıq təmin edilməklə və ya texniki imkanlar yol verdikdə, vahid auditoriyada keçirilən imtahan zamanı namizədlərin iştirakı ilə həmin gün suallar toplusundan 40 imtahan sualı seçilir. Bu suallar mülki aviasiyanın konkret sahələrinə və fəaliyyətinə dair qanunvericiliyi əhatə edir. İmtahana namizədin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi bilik səviyyəsini və dünyagörüşünü müəyyən etmək üçün mövcud suallar toplusundan əlavə 10 sual seçilir. İmtahanda istifadə olunacaq suallar namizədlərin sayına görə sual kitabçası şəklində çoxaldılır, ayrıca zərflərə qoyulur və üzərində qeydlər edilir, möhürlənir və xüsusi yerdə saxlanılır. İmtahanın müəyyən edilmiş qaydalarda keçirilməsini təmin etmək məqsədi ilə imtahan rəhbəri və nəzarətçiləri təyin olunurlar. İmtahan nəzarətçilərinin sayı iki nəfərdən az olmamalıdır. İmtahana bir saat qalmış zərflər namizədlərə verilmək üçün imtahan rəhbərinə verilir. İmtahanın başlanmasına 15 dəqiqə qalmış imtahan rəhbəri nəzarətçi və müşahidəçi ilə birlikdə cavab kartı zərfinin möhürünü açır, cavab kartını namizədlərə paylayır və onları doldurmaq qaydalarını izah edir. Sonra isə sual kitabçası paylanır.

İmtahan qurtardıqdan sonra namizəd cavab kartını imtahan nəzarətçilərinə təhvil verməli və otağı tərk etməlidir. İmtahanın başa çatması barədə protokol tərtib edilir. Həmin protokol nəzarətçilər və bir namizəd tərəfindən imzalanır. Protokol və cavab kartları zərfə qoyulur, möhürlənir, imtahan rəhbərinə təqdim edilir və o möhürlənmiş zərfi aidiyyəti üzrə verir. Namizəd imtahanın keçirilmə qaydalarını pozduqda, o cümlədən saxta sənədlər təqdim etdikdə, köçürməyə yol verdikdə, imtahana rabitə vasitəsi gətirdikdə, imtahana öz yerinə başqasını göndərdikdə, yaxud imtahan qaydalarına zidd hərəkətlərə və digər saxtakarlıqlara yol verdikdə, imtahanın rəhbəri və nəzarətçi bu barədə akt tərtib edir və namizəd imtahandan kənarlaşdırılır. Onun imtahan nəticələri Komissiya tərəfindən ləğv edilir. Komissiya tərəfindən cavab kartlarının yoxlanılması və balların hesablanması müvafiq mütəxəssislər cəlb edilməklə həyata keçirilir. Möhürlənmiş cavab kartları ilə yanaşı, imtahan suallarına düzgün cavabların siyahısı cəlb edilmiş mütəxəssislərə təqdim edilir. İmtahanda mülki aviasiyanın konkret sahələrini və fəaliyyətini əhatə edən qanunvericiliyə dair hər bir sualın düzgün cavabı 1 balla qiymətləndirilir (cəmi 40 mümkün bal).

İmtahanda namizədin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi bilik səviyyəsini və dünyagörüşünü müəyyən edən 10 sualın hər birinin düzgün cavabı 0,5 balla qiymətləndirilir (cəmi 5 mümkün bal). Suala düzgün olmayan cavab və ya sualın cavabsız saxlanması “0” bala bərabərdir. Cavab kartlarının yoxlanılması qurtardıqdan sonra imtahanın nəticələri Komissiyanın sədrinə təqdim edilir. Nəticələr namizədlərə qısa müddətdə elan olunur. Hər namizədə onun xahişi ilə topladığı ballara dair arayış verilir.  İmtahanın yekununa görə 30 və daha artıq bal toplamış namizədlər müsahibəyə buraxılırlar. Komissiya imtahanın keçirildiyi gündən 1 (bir) il müddətində cavab kartlarının saxlanılmasını təmin edir.

 Namizədlərlə müsahibə fərdi qaydada və 30 dəqiqə müddətədək həyata keçirilir. Müsahibə zamanı hər namizədə ixtisas səviyyəsinə və ümumi dünyagörüşünə dair 5 sual verilir. Müsahibə zamanı namizədin verdiyi hər cavab Komissiyanın hər bir üzvü tərəfindən 0, 1, 2, 3, 4 və 5 ballardan biri ilə qiymətləndirilir və sonra Komissiya üzvlərinin verdiyi qiymətlər toplanaraq müsahibədə iştirak edən Komissiya üzvlərinin sayına bölünür.  Müsahibənin nəticəsi üzrə ən çox 25 bal toplamaq mümkündür. Komissiya üzvləri arasında müsahibə ilə bağlı fikir mübadiləsi keçirilə bilər. Suallar və cavablar Komissiyanın üzvləri tərəfindən bal cədvəlinə yazılır və qiymətləndirilərək Komissiyanın sədrinə təqdim edilir. Müsahibənin nəticələri üzrə namizəd mümkün balın 60 faizini və daha çox bal topladıqda müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur.

Aviasiya təhlükəsizliyinin keyfiyyətinə nəzarət tədbirlərini həyata keçirən personala hər hansı bir nəzarət tədbirinə dair hüququn verilməsi zamanı cinayət məsuliyyətinə cəlb edilmə halları da daxil olmaqla, həmin şəxsin şəxsiyyətinin və əmək fəaliyyətinin araşdırılması məqsədi ilə anket məlumatlarının toplanılması və yoxlanılması həyata keçirilir.  Şəxsə dair məlumatların toplanılması və yoxlanılması DMAA-nın sorğusu əsasında həyata keçirilir.

Anket məlumatlarının yoxlanılması üçün aşağıdakılar nəzərdə tutulur:

- şəxsiyyəti təsdiq edən sənədlərin yoxlanılması yolu ilə namizədin şəxsiyyətinin müəyyən edilməsi;

- cinayət məsuliyyətinə cəlb olunması barədə məlumatların yoxlanılması;

- ən azı son 5 (beş) il müddətində əmək fəaliyyəti, təhsili və yaxud digər fəaliyyəti barədə məlumatların yoxlanılması.

Anket məlumatlarının yoxlanılması namizədin keyfiyyətə nəzarət tədbirlərinə cəlb olunmasına və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məxfi məlumatlarla işləməyə buraxılış verilməsinə qədər başa çatdırılmalıdır.

Şəxs aşağıdakı hallarda yoxlamaların aparılmasına cəlb edilə bilməz:

- DMAA-dan, aviasiya subyektlərindən, həmçinin digər müvafiq dövlət qurumlarından onun yoxlamadan azad edilməsi barədə yazılı qərar olduqda;

- əvvəlki auditdə və yoxlamada iştirakı zamanı vəzifələrini mövcud qaydaya uyğun yerinə yetirmədikdə.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1966
avatar

Oxşar yazılar