Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146), Kommutator xidmətinə daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2015-cü ilin may ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, statistikaya əsasən ümumilikdə Telefon Məlumat Mərkəzinə 8285 zəng və Kommutator xidmətinə 3500-ə yaxın zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 4326 vətəndaşa xidmət göstərilib.
757 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzində 1346 sənəd (394 ərizə, 829 məktub, 123 digər sənədlər) qəbul olunub və qeydiyyata alınıb.
Daxil olan müraciətlər daha çox təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), ali təhsil müəssisələrinə bərpası və köçürülməsi, ümumtəhsil məktəblərinin I siniflərinə qəbul, ümumtəhsil müəssisələrində şagirdlərin yerdəyişməsi, müəllimlərin işə qəbulu, gənclərin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramında iştirakı, qriflərin verilməsi və attestatların alınması məsələləri ilə bağlı olub.