Qurban Yetirmişli: “Zaqatala-Balakən bölgəsində fəallıq davam edəcək” - AÇIQLAMA
29 dekabr 2012 14:53 (UTC +04:00)

Qurban Yetirmişli: “Zaqatala-Balakən bölgəsində fəallıq davam edəcək” - AÇIQLAMA

“Bu il Azərbaycanda 65-i dağıdıcı olmaqla, 3300 yeraltı təkan qeydə alınıb”

 

“Zaqatala- Balakən zonasında az da olsa gərginlik qalmaqdadır”. Bunu Zaqatalada baş verən 4.5 bal gücündə olan zəlzələ ilə bağlı  Lent.az-ın sualını cavablandıran Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişi söyləyib.

 

Qurban Yetirmişli bildirib ki, həmin bölgədə 5 bal və 5 baldan güclü zəlzələ gözlənilmir, narahatlığa ehtiyac yoxdur: “Ümumiyyətlə Zaqatala, Balakən. Şamaxı və Qərb zonası seysmik cəhətdən aktiv zonadır. Biz öncə də bildirmişdik ki, Zaqatala-Balakən bölgəsində fəallıq bir müddət davam edəcək. Proqnozumuz özünü doğruldur”.

 

Qurban Yetirmişli il ərzində Azərbaycanda baş verən zəlzələnin statistikasını açıqlayıb. Onun sözlərinə görə, bu il Azərbaycanda 3300 yeraltı təkan qeydə alınıb. Onlardan 65 hiss olunub. 3-ü isə güclü zəlzələ olub: “Bunlar may ayında Zaqatalada, oktyabrda Şamaxı və Balakəndə baş verən zəlzələlərdir. Bu zəlzələlərin maqnitudası 5.6, yəni 7 bal olub. Bu zəlzələlərin ocaqları çox dərinlikdə olduğu üçün dəhşətli dağıntılara yol açmayıb. Əgər zəlzələ ocaqları dərinlikdə olmasaydı, ciddi dağıntılara səbəb olacaqdı”.

 

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru deyib ki, dünyada seysmik aktivliyin artması insan fəaliyyəti ilə də bağlıdır. Onun sözlərinə görə, tektogen amillərdən əlavə, nüvə silahlarının sınaqdan keçirilməsi də seysmik aktivliyə təsir edir”.

 

Qurban Yetirmişli onu da bildirib ki, 2013-cü ildə Azərbaycanda dağıdıcı zəlzələlər gözlənilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 965

Oxşar yazılar