Oktyabrın 1-də Qobustan Regional Təlim Mərkəzinin açılış mərasimi keçirilib. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev, yerli və xarici neft şirkətlərinin nümayəndələri, xarici ölkələrin ali məktəblərinin və qeyri-neft sektorunda fəaliyyət göstərən müəssisələrin təmsilçiləri iştirak ediblər.
Qeyd edək ki, Təhsil Nazirliyi ilə Dövlət Neft Şirkətinin birgə əməkdaşlığı sayəsində ərsəyə gəlmiş Qobustan Regional Təlim Mərkəzində 15 ixtisas üzrə ilkin mərhələdə 350, növbəti tədris ilindən isə 400-dən çox şagird təhsil ala biləcək. Mərkəzdə şagirdlər üçün 1 illik təhsil müddəti ərzində 10 ay nəzəri biliklərin tədris edilməsi və 2 aylıq təcrübə kurslarının təşkili nəzərdə tutulub.