Məhkəmə-Hüquq Şurası sədrinin səlahiyyət müddəti 2 dəfə artırıldı
21 dekabr 2012 15:15 (UTC +04:00)

Məhkəmə-Hüquq Şurası sədrinin səlahiyyət müddəti 2 dəfə artırıldı

Bu gün Milli Məclisdə Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlara dəyişiklik də müzakirəyə çıxarılıb. Lent.az-ın məlumatına görə, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

 

Dəyişikliklərə əsasən, Məhkəmə-Hüquq Şurasının sədrinin səlahiyyət müddəti 2 il 6 aydın 5 ilə qədər artırılır. Eyni zamanda hakimlər öz razılığı ilə Məhkəmə-Hüquq Şurasının qərarına əsasən 2 ilədək müddətə Məhkəmə-Hüquq Şurasının Aparatına, habelə müvafiq icra hakimiyyəti orqanının müraciəti olduqda, tədris fəaliyyətində və ya birinci və apellyasiya instansiyası məhkəmələrində nəzərdə tutulmuş sahələr üzrə işin təşkili vəziyyətinin yoxlanılmasında iştirak etmək üçün həmin quruma ezam edilə bilərlər. Zərurət olduqda bu müddət ezam edilmiş hakimin razılığı ilə yenidən 2 ilədək uzadıla bilər. Məhkəmə-Hüquq Şurasının Aparatına və ya müvafiq icra hakimiyyəti orqanına ezam edilmiş hakimin hakimlik stajı davam edir, hakimlərin statusundan irəli gələn maddi və sosial təminatları və imtiyazları saxlanılır. Ezam edilmiş hakim özünün və ya ezam edildiyi qurumun təşəbbüsü ilə Məhkəmə-Hüquq Şurasının qərarı ilə əvvəl işlədiyi vəzifəyə qaytarılır.

 

Millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, əlavə və dəyişikliklərin hamısı mütərəqqi deyil: “Seçilən şəxs hakim seçilir, müəllim seçilmir. Nə haqqımız var ki, onu işindən ayıraq, deyək ki, get, 2 il dərs keçməklə məşğul ol?! Biz əslində hakimlərin sayının artırmalıyıq”.

 

O, Məhkəmə-Hüquq Şurasının sədrinin səlahiyyət müddətinin 5 ilə qaldırılmasına da etiraz edib: “Məhkəmə hakimiyyəti ayrıca hakimiyyət qoludur, ancaq Azərbaycanda Məhkəmə-Hüquq Şurasının sədri Azərbaycanda ədliyyə naziridir. Məhkəmə-Hüquq Şurasının sədri Konstitusiya Məhkəməsinin hakimi olmalıdır. Hakimləri beş il yüz dəfə belə yoxlamaq imkanı yaradılır. O halda hakim necə müstəqil ola bilər? ABŞ-da hakimlərdən birinə sual verdim ki, çəkişən tərəflərdən birinə sual vermisiniz? Dedi ki, 8 ildir hakiməm, çəkişən tərəflərdən heç birinə sual verməmişəm. Hakiməm, prosesin prosessual qaydaya uyğun keçməsinə nəzarət edirəm. Prokuror, vəkil Azərbaycanda hakimin seçilməsində niyə iştirak etməlidir?”

 

Vitse-spiker Ziyafət Əsgərov isə ali məktəbdə oxuduğu illəri xatırladıb: “O vaxt deyirdik ki, kaş Ali Məhkəmədən bir müəllim gələydi, dərs deyəydi. Məhkəmə çox yaxşı predmetdir, mən təhsil illərimdə onu yaxşı mənimsəyə bilmədim. Səməd Seyidovun atası dərs deyirdi, çox yaxşı pedaqoq idi. Məhkəmə statistikası üzrə müəllim yox idi. Niyə hakimlər, prokurorlar gəlib ali məktəblərdə dərs deməsinlər?! Biz ali məktəbdə oxuyanda təcrübə keçirdik, ancaq hakim və prokurorların ali məktəbdə mühazirə keçməsinin nəyi pisdir?!”

 

Millət vəkili Fazil Mustafa bildirib ki, Azərbaycanda hüquqşünas təhsili sahəsində ciddi problem var: “Biz ilk növbədə hakimlərin əməkhaqqını qaldırmalıyıq. Həm də hakimin fəaliyyətinə kifayət qədər müdaxilə imkanları var. Yazıq hakim necə müstəqil olsun?! Hakimlər elmi, pedaqoji fəaliyyətlə məşğul olmamalıdır, üçüncü hakimiyyət qoludurlar. Hakimlərin bu cür yüklənməsi düzgün deyil. Hakimlərin yoxlanılmasına gəlincə, hamı yoxlamağa çalışacaq. Xaricdə hakimlər niyə ömürlük seçilir?! Vəkillərə gəlincə, bu gün Azərbaycanda müstəqil vəkil tapmaq da çətindir. Hakimlə, prokurorla münasibəti olmayan vəkilin hər hansı problemi həll etmək imkanı olmur. Necə ola bilər ki, bu ölkədə birinci məhkəmə instansiyası qərar qəbul edir, növbəti instansiya onu ləğv edir, üçüncü məhkəmə instansiyası qərarı bərpa edir? Bu kimi halların aradan qaldırılması üçün hakimlərin müstəqilliyini artırmaq lazımdır. Mən Məhkəmə-Hüquq Şurasının sədrinin Azərbaycanda ədliyyə naziri olmasını normal qəbul edirəm. Ancaq heç olmasa müstəqil hüquqşünaslar Məhkəmə-Hüquq Şurasına təyin olunmalıdırlar. Ona görə də bu qanun layihəsinin əleyhinə səs verəcəm”.

 

Ziyafət Əsgərov deyib ki, məhkəmələri bu qədər aşağılamaq düzgün deyil: “Həm də biz hakimlərin üzərinə vəzifə qoymuruq. İstəyər, gedər tədrislə məşğul ola, istəməz, məşğul olmaz. Yaxud Ali Məhkəmənin hakimi bir ay təcrübəsini rayon məhkəmələrində bölüşərsə, bunun nəyi pisdir? Təcrübə mübadiləsinin nəyi pisdir? Fazil bəy, mən başa düşürəm ki, bəlkə ürəyiniz doludur, ancaq bu məqam ürəyin boşaldılması məqamı deyil”.

 

Əli Hüseynli iradları cavablandırıb: “Məhkəmə-Hüquq Şurası vaxtilə Avropa Xartiyası əsasında yaradılıb. Ona görə yaradılıb ki, hakimlərlə bağlı qərarı ancaq hakimlər qəbul etsin. Məhkəmə-Hüquq Şurasının 15 üzvü var və hakimlərlə bağlı qərarı da məhz 9 üzv hakim qəbul edir, biz müşahidəçilərik. Bunun özü də hakimlərin müstəqilliyini təmin edir. Mən Məhkəmə-Hüquq Şurasında parlamenti təmsil edirəm, hakim partiyanın da təmsilçisiyəm. Ancaq partiya mənsubiyyəti burada rol oynamır, gələcəkdə başqa parlament üzvü də təmsil oluna bilər. Məhkəmə-Hüquq Şurasının sədri də yalnız iclasa sədrlik edir. Hakimlərin təminatına gəlincə, hakimiyyətin digər qollarında maddi təminat necədirsə, məhkəmə sistemində də o səviyyədədir. Digər tərəfdən, hakimlər pozuntuya yol verərsə, digər hakimlər bunu araşdıra bilməlidirlər. Həm də ömürlük hakim seçilmək ölənə qədər yox, son yaş həddinə qədər hakimlikdən söhbət gedir. Azərbaycanda da son yaş həddi 65 yaşdır”.

 

O, vəkillik institutu barədə də danışıb: “Hazırda Azərbaycan vəkillərin sayına görə orta səviyyədədir, 400-ə qədər hakimimiz var. Ancaq adambaşına düşən vəkillərin sayı azdır. Məhkəmə-Hüquq Şurası düşünür ki, necə etmək olar ki, həm vəkillərin sayı artsın, həm də pulsuz vəkillik xidməti həyata keçirə bilək. Əsas səyimiz odur ki, mülki işlərlə bağlı vahid məhkəmə təcrübəsi olsun. Yəni heç kimdə şübhə olmasın ki, bu iş belə həll olunub, digər iş niyə fərqli həll olunsun. Millət vəkilləri əvvəllər hakimlərin cəzalandırılmamasına irad bildirirdilər. İndiyə qədər 100-ə qədər hakim inzibati icraat cəzasına cəlb edilib”.

 

Ziyafət Əsgərov deyib ki, mülki qanunvericiliyin tətbiqində həqiqətən problemlər var: “Ona görə də niyə təcrübəli hakimlər təcrübələrini cavan hakimlərlə bölüşməsinlər?”

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1265
avatar

Oxşar yazılar