Günəşin batmadığı ölkədən REPORTAJ
15 dekabr 2012 11:22 (UTC +04:00)

Günəşin batmadığı ölkədən REPORTAJ

Ərcan Hava Limanında məni kıbrıslı dostum Osman Evirgen qarşıladı. Səhər yenicə açılsa da, günəşin şüaları adamın üzünü işıqlandırırdı. Qeyri-ixtiyari olaraq, bu sözləri pıçıldadım: “Kıbrıs məni yenə bol günəşlə qarşıladı”. Osman dərhal reaksiya verdi: “Kıbrısda günəş heç vaxt batmır”. Quzey Kıbrıs Türk Cümhuriyyətində qonaq qaldığım dörd gün ərzində dostumun bu qənaətində yanılmadığına yüz faiz əmin oldum.

 

Mavi dəniz, yaşıl çəmən, bol günəş...

 

Quzey Kıbrıs bir ada dövlətidir. Ağdənizin qoynunda özlərinə yuva salmış kıbrıslıların sayı 300 mini keçmir. Heç bir dözlət Quzey Kıbrıs Türk Cümhuriyyətinin müstəqilliyini tanımadığı üçün bu kiçik adanın dünyadan təcrid olunduğunu söyləyə bilərik. Quzey Kıbrıs Türkiyənin maddi və mənəvi dəstəyi ilə öz varlığını qoruya bilir. Anadolu insanı “yavru vətən” adlandırdığı bu kiçik ölkəni özünün bir parçası sayır. Obrazlı desək, türk xalqı uzun illərdi ki, öz çörəyini kıbrıslı qardaş və bacıları ilə bölür.

 

Təbiət Kıbrısdan öz səxavətini əsirgəməyib. Mavi dəniz, yaşıl çəmən və bol günəş Quzey Kıbrısı turistlər üçün daha da cəlbedici edir. Buna baxmayaraq, Quzey Kıbrıs ildə cəmi 9 min turist qəbul edir. Yunanıstanın davamlı təzyiqi ilə üzləşən turist şirkətləri Quzey Kıbrısla əlaqələrə bir o qədər də meyl göstərmirlər. Turistlərin bu ölkəyə gəlişini əngəlləyən digər bir səbəb isə Kıbrısa birbaşa təyyarə reyslərinin olmamasıdır. Kıbrısda dincəlmək istəyən turistlər əvvəlcə Türkiyəyə getməli, sonra isə böyük şəhərlərin birindən bu adaya uçmalıdırlar. Qənaətcilliyi ilə məşhur olan əcnəbilər bu mürəkkəb marşrutla hərəkət etməyə həvəs göstərmədikləri üçün Kıbrıs özünün turizm potensialından tam istifadə edə bilmir.

 

Kıbrıslılar ciblərində 3 ölkənin pasportunu gəzdirirlər

 

Kıbrıslılar öz parsportları ilə Türkiyədən başqa heç bir ölkəyə səfər edə bilmirlər. Buna görə də hər bir kıbrıslı cibində öz ölkəsinin pasportu ilə yanaşı, həm də Türkiyə pasportu gəzdirir. Kıbrıslılar arasında hətta yunan Kiprinin vətəndaşı olanlar da var. Kıbrıslılar yunan Kiprinin vətəndaşı olmaqla Avropa Birliyinə daxil olan ölkələrdə sərbəst hərəkət etmək imkanı qazanırlar. Quzey Kıbrısda olduğum dörd gün ərzində tez-tez yunan Kiprinə səfər edən türklərlə qarşılaşırdım. Həmsöhbətlərimin arasında yunanlarla dostluqdan ağızdolusu danışanlar da vardı. Söhbətləşdiyim hər beş nəfərdən ən azı üçü yenidən rumlarla bir arada yaşamağa hazır olduqlarını deyirdilər. Belə demək mümkündürsə, kıbrıslılar qarşı tərəfə bəslədikləri kin-küdurəti çoxdan unudublar. Yunan Kiprinin iqtisadi cəhətdən daha çox inkişaf etməsi adadakı türklərin birgə yaşamaq arzusunu bir qədər də qüvvətləndirir. Kıbrıslıların arasında ötən günlərin nostalgiyası ilə yaşayanların sayı getdikcə artır.

 

Fermerlər dövlətin qayğısında razıdırlar

 

Quzey Kıbrısın müstəqilliyinin tanınmaması bu ölkənin iqtisadiyyatına mənfi təsir göstərir. Yerli iş adamları Türkiyədən başqa heç bir ölkəyə mal ixrac edə bilmirlər. Istehsalı artırmaq və iş adamlarını həvəsləndirmək üçün dövlət səviyyəsində bir sıra tədbirlər görülür. Paytaxt Lefkoşadan təxminən 30 kilometr uzaqlıqda yerləşən Çamlıbel bölgəsində yaşayan fermer Murad Çiftçi bizimlə söhbət zamanı dövlətin qayğısından razı qaldığını dedi. 85 baş qaramala, təxminə bir o qədər də qoyun-quzuya sahib olan fermer sağdığı südün hər litrini 1 lirə 14 quruşa (təxminən 55 qəpik) dövlətə satır. Maraqlısı isə odur ki, dövlət fermerden litrini 1 lirə 14 quruşa aldığı südü yağ-pendir istehsalı ilə məşğul olan zavodlara cəmi 86 quruşa satır.

 

Murad Çiftçinin fermasında gəzərkən heyvanların böyüklüyü diqqətimizi xüsusi olaraq cəlb etdi. Murad bəy dedi ki, 2-3 illik erkək heyvanlar ən azı 1000 kiloqram təmiz ət verir. Bir illik qoçların təmiz çəkisi isə 80-100 kiloqramdan aşağı olmur. Murad bəyin bizimçün kəsdiyi xoruzun isə 10 kiloqrama yaxın əti oldu. Fermer məhsuldarlığı xüsusi bəsləmə yolu ilə artırdıqlarını dedi.

 

Quzey Kıbrısda göz işlədikcə uzanan zeytun və portağal bağları var. Bu adanın sakinlərinin portağal almaq üçün bazara getməsinə ehtiyac yoxdur. Yolların kənarlarında bitən portağal ağacları ötən illərdə olduğu kimi yenə bol məhsul gətirib. Dövlət xaricə portağal ixrac etmək istəyən sahibkarlara hər cür şərait yaradıb. Üstəlik, ixrac olunan portağalın hər tonuna görə, sahibkara əlavə 100 dollar vəsait ödənilir. Türkiyədə də portağal bol olduğu üçün kəndlilər yetişdirdikləri məhsulu qardaş ölkəyə ixrac etməyə çətinlik çəkirlər. Hazırda Kıbrıs bazarlarında portağalın bir kiloqramı bizim pulla 18 qəpiyə satılır.

 

Ərzaq ucuz, paltar bahadır

 

Kıbrısda liberal iqtisadi sistem mövcuddur. Amma ölkə kiçik olduğu üçün yerli sahibkarlar öz potensiallarından yetərincə istifadə edə bilmirlər. Kıbrısda nəinki yerli istehsal, hətta xaricdən gətirilən meyvə-tərəvəz də ucuz qiymətə satılır. Qaldığım məşhur “Golden Tulip” otelinin beş addımlığında yerləşən marketdən bananın bir kiloqramını bizim pulla cəmi 86 qəpiyə alanda əməlli-başlı təəccübləndim.

 

Ərzaq və meyvə-tərəvəzdən fərqli olaraq, Quzey Kıbrısda geyim çox bahadır. İstanbulda 25 lirəyə satılan köynəklər Lefkoşada müştərilərə 45-50 lirəyə təklif olunur. Onu da qeyd edək ki, kıbrıslılar əsasən tanınmış firmaların mallarını geyinməyə üstünlük verirlər. Bu isə çox vaxt süni qiymət artımına səbəb olur.

 

Kıbrısda hamı məmur olmaq istəyir

 

Kıbrısda biznes imkanları məhdud olduğu üçün dövlət müəssisəsində çalışmaq ən prestijli iş sayılır. Əlində diplomu olan kıbrıslılar nəyin bahasına olursa-olsun, dövlət idarələrinin birində işə düzəlməyə çalışırlar. Kıbrısda məmurların orta aylıq əmək haqqı 1500-2000 dollar civarındadır. Vəzifəli şəxslərin maaşı isə daha yüksəkdir. Deputatlar isə bir qədər də çox, ayda 7000 lirə maaş alırlar. Bu, isə bizim pulla təxminən 3000 manat edir. Kıbrıs parlamentinin cəmi 50 üzvü olduğu üçün bu imkandan çox az adam yararlana bilir. 2013-cü ildə Türkiyənin Quzey Kıbrıs Türk Cümhuriyyətinə edəcəyi yardımın məbləği 3 milyon avro həcmində müəyyənləşib. Bu məbləğ adada bir çox problemlərin həlli üçün yetərli sayıla bilər.

 

Kıbrısda 1000-ə yaxın azərbaycanlı tələbə təhsil alır

 

Quzey Kıbrıs bu ölkədə mövcud olan universitetlərin nüfuzu sayəsində dünyada tanınmaq istəyir. Hazırda Kıbrısda 6 universitet fəaliyyət göstərir. Cəmi 300 min əhalisi olan adada 48 min tələbə təhsil alır. Quzey Kıbrıs bir dövlət kimi tanınmasa da, bu ölkədə fəaliyyət göstərən universitetlərin diplomları dünyanın hər yerində tanınır. Artıq Orta Doğu Texnik Universiteti və İstanbul Texnik Universiteti kimi məşhur təhsil ocaqları da Kıbrısda öz filiallarını açıblar. Kıbrısda fəaliyyət göstərən universitetlərin sayının yaxın iki-üç ildə 10-a çatacağı gözlənilir.

 

Hazırda Quzey Kıbrısın müxtəlif universitetlərində 1000-ə yaxın azərbaycanlı tələbə təhsil alır. Kıbrıs universitetlərində təhsil pulludur. Əcnəbilər üçün bu məbləğ 3700 ABŞ dolları həcmində müəyyənləşib. Yataqxana və gündə 3 dəfə isti yeməklə təmin olunmaq istəyən tələbələr isə ildə 7200 dollar ödəməlidirlər. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi imtahanlarda 550-dən artıq bal toplayan azərbaycanlılar Quzey Kıbrısda pulsuz təhsil almaq hüququ qazanırlar. Savadlı tələbələrin yemək xərcləri də universitetlər tərəfindən qarşılanır.

 

Kıbrısın azərbaycanlı gəlinləri

 

Son vaxtlar Azərbaycan vətəndaşları ilə ailə həyatı quran kıbrıslıların sayı xeyli artıb. İstər paytaxt Lefkoşada, istər Girnə və Mağusa kimi böyük şəhərlərdə, istərsə də ucqar kəndlərdə kıbrıslı oğlanlarla ömür yolunu birləşdirən azərbaycanlı qızlarla, hətta keçmiş həmkarlarımızla qarşılaşmaq mümkündür. Kıbrıs səfəri çərçivəsində Lefkoşada Salih Dəmirdağ adlı iş adamı ilə ailə həyatı quran jurnalist həmkarım Elza Alışovanın evində qonaq oldum. Elza xanımın 4 yaşlı oğlu Doğan Dəmirdağın Azərbaycan bayrağındakı rəngləri ardıcıllıqla sayması, sonra isə bu rənglərin mənasını aydın şəkildə izah etməsi sinəmi qürur hissi ilə doldurdu. Girnə yaxınlığındakı Çamlıbel qəsəbəsində yaşayan Osman adlı Kıbrıs türkü ilə ailə həyatı quran keçmiş iş yoldaşım Mənsurə Səttarovanın evində qonaq olanda da eyni hissləri yaşadım. Mənsurənin 4 yaşlı qızı Nərminin və onun 2 yaşlı bacısı Nehirin Azərbaycanın dövlət himnini əzbər söyləməsi məni xeyli sevindirdi. Uşaqların ifasında vətənə aid müxtəlif şeirlər dinləyəndə isə göz yaşlarımı tuta bilmədim...

Bakı-Lefkoşa-Bakı

# 2808
avatar

Seymur Verdizadə

Oxşar yazılar