Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzində nazirliyin yaranma günü münasibətilə təntənəli bayram mərasimi keçirilib.
APA-nın Cənub bürosunun məlumatına görə, FHN-nin Cənub Regional Mərkəzi, Dövlət Yanğın Nəzarət Xidmətinin Cənub Regional İdarəsi, Dövlət Sularda Xilasetmə Xidmətinin Cənub dalğıc-axtarış qrupu və Lənkəran xilasetmə məntəqəsi, Kiçik Həcmli Gəmilərin Dövlət Müfəttişliyinin Cənub Regional Şöbəsi əməkdaşlarının və yerli kütləvi informasiya vasitələri nümayəndələrinin birgə iştirakı ilə keçirilən tədbir ümummilli lider Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlayıb. Daha sonra bayram toplantısında FHN Dövlət Yanğın Nəzarət Xidmətinin Cənub Regional İdarəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Əşrəf Rəfiyev, Cənub Regional Mərkəzinin ictimaiyyətlə əlaqələr və təbliğat sektorunun rəisi Zaur Hüseynov və digərləri FHN-nin yaranma tarixindən, ötən 7 illik fəaliyyəti dövründə keçdiyi şərəfli inkişaf yolundan söz açıblar.
Çıxışlarda fövqəladə hallar sahəsində etibarlı şəbəkənin yaradılması, mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen hallardan, mümkün terror hadisələrindən qorunması, yanğın təhlükəsizliyinin və su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması ilə bağlı əhalinin təhlükəsiz yaşaması istiqamətində vacib olan işlərin geniş miqyasda həyata keçirildiyi, FHN tərəfindən tabeliyinə verilən və yeni yaradılan qurumlarında işin daha səmərəli, operativ və çevik olması məqsədilə normativ-hüquqi bazanın möhkəmləndirildiyi, fövqəladə halların idarə olunması üzrə böyük təcrübəyə malik dövlətlərlə intensiv əməkdaşlıq münasibətlərinin qurulması istiqamətində ciddi addımların atıldığı dönə-dönə qeyd olunub.
Tədbirdə iştirak edən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini İlkin Rəhimov icra başçısı Taleh Qaraşovun adından regional mərkəzin kollektivini peşə bayramları münasibəti ilə təbrik edərək, onlara çətin və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb.