Bayram günləri: kim necə işləyir? - ARAYIŞ
24 dekabr 2012 14:00 (UTC +04:00)

Bayram günləri: kim necə işləyir? - ARAYIŞ

Nazirlər Kabinetinin imzaladığı qərara əsasən dekabrın 31-dən yanvarın 7-dək yeni il bayramı ilə əlaqədar qeyri-iş günləri hesab olunur.

 

Bəs bayram günlərində nəqliyyat, elektrik enerjisi, su təchizatı və digər sahələrdə vəziyyət necə olacaq?

 

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Nadir Əzməmmədov Lent.az-a açıqlamasında deyib ki, dekabrın 28-dən etibarən ADY gücləndirilmiş iş rejiminə keçəcək: “Bayram günlərində dəmir yollarından istifadə edən sərnişinlərin sayında xeyli artım müşahidə olur. Artıq dekabrın 18-dən etibarən, yəni on gün öncədən sərnişinlər tərəfindən biletlər alınmağa başlayıb. Bundan başqa, sərnişinlərin sıxlığı nəzərə alınaraq bayram günlərində qatarlara əlavə vaqonlar qoşulacaq”. ADY-in sözçüsü onu da vurğulayıb ki, dekabrın 28-də Gürcüstana turist qatarı səfər edəcək: “Həmin qatar yanvarın 2-də Bakıya qayıdacaq”.  

 

“Bakı Beynəlxalq Avtovağzalı” kompleksindən isə bildirilib ki, narahatçılığa heç bir əsas yoxdur: “Sərnişinlərin daşınması sahəsində heç bir problem olmayacaq. Sərnişin avtobuslarımız kifayət qədərdir. Əgər ehtiyac yaranarsa, sərnişinlərimizin rayonlara daşıması əlavə avtobuslar xəttə buraxıla bilər”. Beynəlxalq Avtovağzaldan onu da qeyd ediblər ki, qiymət məsələsinə də ciddi nəzarət ediləcək. “Hər zaman nəzarət olunur ki, sürücülər süni şəkildə qiymətləri artırmasınlar. Bayram günlərində bu nəzarət həyata keçiriləcək” - deyə, vurğulanıb.

 

Dekabrın 25-dən etibarən “Bakıelektrikşəbəkə” ASC də gücləndirilmiş iş rejiminə keçəcək. “Bakıelektrikşəbəkə”-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev sözlərinə görə, “Bakıelektrikşəbəkə” ASC dekabrın 25-dən yanvarın 10-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək: “Bayram günlərində növbətçilər olacaq, qəza xilasetmə briqadaları yaradılacaq. Uşaqlar üçün yeni il şənliklərinin keçirildiyi ərazilərə texniki xidmət heyəti cəlb olunacaq: “Bundan başqa, biz bayram günləri ilə əlaqədar olaraq yenidənqurma işlərini də müvəqqəti olaraq təxirə salacağıq”. 

 

T. Mustafayev borclu abunəçilərə bir daha müraciət edərək bildirib ki, ayın sonuna qədər elektrik enerjisinə olan borclarını ödəməlidirlər: “Biz bayram günlərini nə borclu, nədə borcu olmayan abunəçilərimizin enerji təchizatını dayandırmırıq. Ancaq yaxşı olar ki, vətəndaşlarımız da bu ilin borclarını gələn ilə saxlamasınlar”.

 

“Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı da bayram günlərində su təchizatı ilə bağlı problemin yaşanmayacağını söyləyib: “Bütün bayramlarda istər “Azərsu” ASC-nin mərkəzi aparatında, istərsə də yerli su-kanal idarələrində rəhbər heyətdən ibarət növbətçilik sistemi fəaliyyət göstərir. Dekabrın 30-dan yanvarın 6-dək bu növbətçilik sistemi yenidən fəaliyyət göstərəcək. Bütün müraciətlərə operativ şəkildə baxılacaq. Vətəndaşlarımızı əmin edirəm ki, su təchizatı ilə bağlı heç bir problem olmayacaq”. “Azərsu” ASC-nin şöbə müdirinin sözlərinə görə, müəyyən qəzalar olarsa, bu da qəza xidməti tərəfindən aradan qaldırılacaq. 

 

Bakı şəhər Təxirəsalınmaz Təcili Tibbi Yardım Xəstəxanasının baş həkiminin müavini Oqtay Şahmaliyev açıqlamasında deyib ki, təcili tibbi yardım bütün günlər operativ şəkildə fəaliyyət göstərir: Bayram günlərində təcili yardıma müraciət edənlərin sayında artım müşahidə olunur. Həmin günlər poliklinikaların fəaliyyət göstərməməsi nəticəsində bütün yük təcili yardımın üzərinə düşür. Təbii ki, təcili tibbi yardımın bütün heyəti əhaliyə bayram günlərində də yüksək səviyyədə xidmət göstərəcək”. 

 

Anar Məcidzadə

     

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1823
avatar

Oxşar yazılar