Azərbaycanda səhiyyənin idarə olunmasında mərkəzləşmədən imtina ediləcək
29 dekabr 2012 19:08 (UTC +04:00)

Azərbaycanda səhiyyənin idarə olunmasında mərkəzləşmədən imtina ediləcək

Stasionar yardıma istiqamətləndirilmiş təbabətdən ilkin tibbi-sanitariya yardımının üstünlük təşkil etdiyi təbabətə keçiləcək

 

Səhiyyənin idarə olunmasında həddən artıq mərkəzləşmədən imtina edilməsi, idarəetmədə  sırf icraçı funksiyalarının inzibati-iqtisadi formalarla əvəz olunması üçün tədbirlər görüləcək.

 

Lent.az-ın verdiyi məlumata görə, bu, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin bu gün fərmanla təsdiqlədiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əksini tapıb.

 

 

Konsepsiyada qeyd edilib ki, bununla da müxtəlif səviyyəli idarəetmə strukturlarının səlahiyyətlərinin səmərəli şəkildə ayrılması və onların fəaliyyətinin əlaqələndirilməsi təmin ediləcək. İcbari tibbi sığortaya keçilməsi təmin ediləcək və onun əsasında tibbi yardımın keyfiyyətinə, pasiyentlərin hüquqlarının qorunmasına nəzarət mexanizmlərinin təkmilləşdirilməsinə şərait yaradılacaq. Səhiyyə sisteminin islahatları nəticəsində əsasən stasionar yardıma istiqamətləndirilmiş təbabətdən ilkin tibbi-sanitariya yardımının üstünlük təşkil etdiyi təbabətə keçilməsi reallaşdırılacaq, ailə həkimi

praktikasının genişləndirilməsinə müvafiq şərait yaradılacaq. Eyni zamanda

ambulator-poliklinika xidmətinin təkmilləşdirilməsi üçün fəal və məqsədyönlü iş

aparılacaq.

 

Dövlət tərəfindən sosial xəstəliklərə (diabet, hemofiliya, talassemiya, onkoloji

xəstəliklər, immunoprofilaktika, hemodializ, vərəm, QİÇS və s.) qarşı mübarizə, əhalinin sağlamlaşdırılması üzrə profilaktik tədbirlər, sanitariya maarifi işi, narkomaniya, alkoqolizmə və tütünçəkməyə qarşı mübarizə  müxtəlif dövlət proqramları vasitəsilə həyata keçiriləcək. Yoluxucu xəstəliklərin profilaktikası məqsədi ilə profilaktika tədbirləri gücləndiriləcək, müvafiq tədbirləri nəzərdə tutan 2015–2020-ci illər üçün sanitariya-epidemioloji xidmətin İnkişaf Proqramı hazırlanacaq. Bununla yanaşı, qeyri-infeksion xəstəliklərə  (tütünçəkmə, piylənmə, fiziki fəallığın olmaması, spirtli içkilərdən sui-istifadə və s.) qarşı mübarizəyə dair 2013–2020-ci illəri əhatə edən xüsusi Strategiya qəbul ediləcək, sağlam həyat tərzi üçün şərait və imkanlar yaradılması, əhalinin öz sağlamlığı üçün məsuliyyətinin və marağının artırılmasından ötrü maarifləndirmə işlərinin genişləndirilməsi istiqamətində əməli tədbirlər görüləcək.

 

Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2013–2020-ci illəri

əhatə edən Dövlət Proqramı qəbul ediləcək, uşaq və yeniyetmələr arasında

profilaktik müayinələr və dispanserləşdirmə aparılması işi gücləndiriləcəkdir.

Yoluxucu xəstəliklərə qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə uşaqlar arasında immunoprofilaktika işlərinin aparılması üçün müvafiq tədbirlər həyata keçiriləcək. Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə Milli Fəaliyyət Planı (2014–2020-ci illər) hazırlanacaq, uşaqlara göstərilən stasionar xidmətin daha da yaxşılaşdırılması ilə bağlı uşaq tibb müəssisələri profilləşdiriləcək.

 

Bunlarla bərabər, əsas həyati vacib dərman preparatlarının bütün əhali qrupları üçün fiziki və iqtisadi cəhətdən əlçatan olmasının, həmçinin dərman   preparatlarının keyfiyyəti, səmərəliliyi və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onların vahid qeydiyyat sisteminin yaradılması üçün zəruri tədbirlər görüləcəkdir. Dərman bazarına lisenziyalaşmamış və aşağı keyfiyyətli dərman preparatlarının daxil olmasının qarşısının alınması istiqamətində əməli addımlar atılacaq.  Səhiyyə sahəsində kadr təminatının təkmilləşdirilməsi ən vacib məsələ kimi diqqət mərkəzində olacaq, tibb mütəxəssislərinin bilik və bacarıqlarının daim yüksəldilməsi üçün müvafiq mexanizmlər yaradılacaq, o cümlədən xarici ölkələrdə təlimlər təşkil ediləcəkdir. Kənd yerlərində işləyən həkim və orta tibb işçiləri üçün uyğun həyat şəraitinin yaradılması üzrə müvafiq işlər görüləcək və təşviqləndirici maddi təminat mexanizmləri müəyyənləşdiriləcəkdir. Tibb işçilərinin əməyinin son nəticəyə görə qiymətləndirilməsi prinsipinin tətbiq olunması üçün tədbirlər görüləcək. Əhalinin sağlamlığının monitorinqi üzrə müxtəlif tibbi elektron registrlər, vətəndaşların “elektron sağlamlıq kartı” sistemi və  vahid səhiyyə informasiya sistemi yaradılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 763
avatar

Oxşar yazılar