Azərbaycan 12 illik ümumi təhsil sisteminə keçəcək
29 dekabr 2012 18:49 (UTC +04:00)

Azərbaycan 12 illik ümumi təhsil sisteminə keçəcək

Orta məktəblərdə “bulud” texnologiyaları tətbiq olunacaq

 

Azərbaycanda 12 illik ümumi təhsil sisteminə keçid təmin ediləcək, bununla əlaqədar təhsil proqramları və dərsliklər müasir tələblər baxımından yeniləşdiriləcək.

 

Lent.az-ın verdiyi məlumata görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün fərmanla təsdiqlədiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında yer alıb.

 

 

Konsepsiyada qeyd edilib ki, təhsil sisteminin informasiyalaşdırılması məqsədilə 2013-2020-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılmasına dair Dövlət Proqramı qəbul ediləcək. Dövlət Proqramı çərçivəsində  Azərbaycanın bütün təhsil müəssisələri (o cümlədən ucqar bölgələrdəyerləşən məktəblər)  internet əlaqəsi ilə təmin olunacaq, hər bir təhsil müəssisəsi lazımi texniki avadanlıqla təchiz ediləcək və bütün təhsil müəssisələrinin vahid təhsil şəbəkəsinə qoşulması reallaşdırılacaq. Ümumtəhsil məktəblərində hər bir sinif otağı noutbuk, proyektor və elektron lövhə ilə, təhsil alan bütün şagirdlər 1 şagird – 1 kompüter layihəsi çərçivəsində netbuk və ya planşetlərlə təmin ediləcəklər. Elektron təhsil texnologiyalarının tətbiqi daha da genişləndiriləcək, müəllim və şagirdlər üçün virtual öyrənmə mühiti formalaşdırılacaq. Bu məqsədlə bütün fənlər üzrə elektron tədris və metodik resursların yaradılması davam etdiriləcək, elektron resursların etibarlı saxlanılması və onlara asan çıxışın təmin olunması üçün “bulud” texnologiyaları tətbiq olunacaq. Ödənişsiz əsaslarla fəaliyyət göstərən təlim resursları yaradılacaq, bu resurslar, müəllif-hüquq lisenziyaları ilə təmin olunmaqla, təhsil prosesinə inteqrasiya ediləcək və açıq istifadəyə veriləcək. “Elektron məktəb”lərin sayı 1000-ə çatdırılacaq, rəqəmsal təhsil resurslarından istifadə imkanları genişləndiriləcəkdir. Özünütəhsilə və ömür boyu təhsilə artan tələbatın ödənilməsi üçün kitabxana fəaliyyəti modernləşdiriləcək, elektron kitabxanaların sayı artırılacaq, distant təhsilin inkişafı dəstəklənəcək və ali təhsil müəssisələrində distant təhsil geniş tətbiq olunacaq.

 

Təhsil TV onlayn televiziya kanalı yaradılacaq və geniş ictimaiyyətə təqdim ediləcək.  Müəllimin İKT bacarıqlarına yiyələnməsi üçün çevik sistem yaradılacaq. Azərbaycanda müəllimlərin təkmilləşdirilməsi beynəlxalq standartlarla uzlaşdırılacaq, müəllimlər üçün yeni modul-kredit sisteminə əsaslanan stimullaşdırıcı ixtisasartırma sistemi inkişaf etdiriləcək, müəllimlərin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması, qabaqcıl müəllimlərin iş təcrübəsinin yayılması sahəsində müasir tələblərə uyğun mexanizmlər yaradılacaq. Bununla yanaşı, nəticələrə əsaslanan diferensial əmək haqqı və mükafatlandırma sistemi hazırlanacaq. Pedaqoji kadrların işə qəbulu sahəsində tətbiq edilmiş yeni mexanizm beynəlxalq təcrübəyə uyğun daha da təkmilləşdiriləcək, ucqar kənd məktəblərinin pedaqoji kadrlarla təminatı üçün nəzərdə tutulmuş maddi stimullaşdırma tədbirləri gücləndiriləcək. 2015-2020-ci illər üçün gənclərin xarici

ölkələrdə təhsil almasına dair yeni Dövlət Proqramı qəbul ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2866
avatar

Oxşar yazılar