Valideynlər Səhiyyə Nazirliyinin qabağına TOPLAŞDI:  dərmanlar ölümə səbəb olur? - YENİLƏNİB
14 yanvar 2025 12:52 (UTC +04:00)

Valideynlər Səhiyyə Nazirliyinin qabağına TOPLAŞDI: dərmanlar ölümə səbəb olur? - YENİLƏNİB

Səhiyyə Nazirliyi valideynlərin narazılığına səbəb olan məsələyə münasibət bildirib.

Nazirlikdən Lent.az-a bildirilib ki, ixtioz və bullyoz epidermoliz genetik qüsurlar nəticəsində yaranan və dərinin zədələnməsi ilə nəticələnən irsi xəstəlikdir. 

"Bu xəstəlikdən əziyyət çəkən xəstələrin dərman və tibb vasitələri ilə təminatı məqsədilə Nazirlər Kabinetinin 2 sentyabr 2023-cü il tarixli Sərəncamı əsasında “2023-2027-ci illər üzrə ixtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsinə və profilaktikasına dair Tədbirlər Proqramı”nın təsdiq edilib.

Tədbirlər Proqramı ixtioz və bullyoz epidermoliz xəstəliklərinin erkən aşkarlanmasına, ixtioz və bullyoz epidermolizli xəstələrin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsinə, həyat keyfiyyətinin artırılmasına, onların qoruyucu sarğı materialları, digər sistem və xarici təsirli dərman vasitələri ilə təmin edilməsinə, əhalinin bu sahədə məlumatlılığının artırılmasına yönəlib.

Sərəncamla təsdiq edilən Tədbirlər Planının icrası ilə bağlı Səhiyyə Nazirliyində “İxtioz və bullyoz epidermoliz xəstəliyi ilə mübarizə aparan tibb müəssisələrinin dərman preparatları, zəruri reaktiv, avadanlıq və tibbi ləvazimatlarla davamlı təminatına dair” müvafiq Komissiya yaradılıb və siyahıya Komissiya tərəfindən baxılır. Sərəncama əsasən Tədbirlər Proqramında nəzərdə tutulan işlərin icrasının monitorinqi və qiymətləndirilməsini Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi həyata keçirir.

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrinə əsasən, təsdiq edilən Tədbirlər Proqramının icrası üçün dövlət tərəfindən ayrılan vəsaitə uyğun olaraq qeyd edilən xəstələrin həyat tərzinin yaxşılaşdırılması və simpomların yüngülləşdirilməsi məqsədi ilə istifadə olunan yerli kremlər, dərman preparatlarının siyahısı tərtib olunub. Bu siyahılara uyğun olaraq xəstəliyin ağırlıq dərəcəsinə görə, onların gündəlik tələbatları təmin edilir. Qeyd edək ki, dərman preparatlarının molekulyar tərkibi dəyişməyib. Bu səbəbdən həmin dərmanların uşaqlara mənfi təsiri istisnadır. Səhiyyə Nazirliyinin mütəxəssisləri dəfələrlə valediyenlərlə bu barədə söhbətlər aparıb və onlara dərmanların tərkibinin dəyişməməsini təsdiq edən beynalxalq standartlara əsasən klinik protokollar barəsində məlumatlar veriblər".

Nazirlikdən həmçinin bildirilib ki, zəruri dərman preparatları və ləvazimatları alınaraq, davamlı olaraq TƏBİB-in istifadəsinə verilir:

"Hazırda xəstələrin reyestri yaradılıb, TƏBİB-in tabeliyində olan Uşaq Dəri-Zöhrəvi Dispanseri və Respublika Dəri-Zöhrəvi Mərkəzində qeydiyyatda olan xəstələrin dispanserizasiyası keçirilib. Dispanserizasiyadan keçən xəsətələrə reseptlər yazılıb və imtiyazlı qaydada TƏBİB-in tabeliyində olan 9 nömrəli şəhər poliklinikasının aptekindən təminatı həyata keçirilir. 

Proqrama əsasən Komissiya tərəfindən bu xəstəliklərin müalicəsi və profilaktikası işinin təşkili məqsədilə dərman preparatlarının tərkibi, illik miqdarı, habelə istifadəsi barədə hər ilin sonunda Səhiyyə Nazirliyinə hesabat təqdim ediləcək. 

Səhiyyə Nazirliyinə Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Tədbirlər Proqramında nəzərdə tutulan işlərin həyata keçirilməsinin yalnız əlaqələndirilməsi və Tədbirlər Proqramının icra vəziyyəti barədə ildə bir dəfə Nazirlər Kabinetinə məlumat verilməsi tapşırılıb".

***

saat 12:37

Bir qrup vətəndaş övladlarının dərmanları dəyişdirildiyi üçün Səhiyyə Nazirliyinin önündə etiraz edir.

Lent.az xəbər verir ki, bu barədə Oxu.Az-a xəstə uşaqların valideynləri məlumat veriblər.

Valideynlərdən biri ümumi şikayəti bu cür izah edib:

"Bizim övladlarımız ixtioz, bullyoz epidermoliz, kəpənək xəstələridir. Altı ildir, onlar üçün eyni dərmanları alırdıq. Bizi bu yaxınlarda Səhiyyə Nazirliyində qəbul etdilər, məlumat verdilər ki, fevralın 6-dan dərmanlar dəyişdiriləcək. Biz isə dərmanların dəyişdirilməsini istəmirik. Biz bu dərmanları artıq tanıyırıq. Yeni dərmanları istifadə edəndə, bəlkə, övladıma düşməyəcək, həyatını itirəcək. Bu yaxınlarda dünyasını dəyişənlər oldu, ağır vəziyyətdə olan uşaqlar var. Bu uşaqlar hansısa həkimin onların üzərində təcrübə aparması üçün uyğun deyillər, adi səhv həyatlarını itirmələri ilə nəticələnə bilər. Bizim övladlarımız eksperiment siçovulu deyillər".

Dermatoloq Zakir Abıyev mövzu ilə bağlı Oxu.Az-a açıqlamasında bildirib ki, dərmanların yenilənməsi onların pis olması demək deyil:

"Söhbət sürtmə dərmanlardan gedir. Mən belə şeyi ilk dəfədir, eşidirəm. Dermatologiyada dərmanların müxtəlifliyinə görə Azərbaycan kifayət qədər yuxarı pillələrdədir. Moskvada tapmadığım dərmanlar ölkəmizdə var. Dərmanların yenilənməsi o demək deyil ki, onlar pisdir. Yeni dərmanların təsir mexanizmi yazılmalıdır. Nəyə, necə təsir edir, bunu bilmək lazımdır. Sakit, adekvat dəri əlamətlərinə görə təyin etmək olar. Dəriyə sürtülən dərmana görə niyə uşaq dünyasını dəyişsin? Bir-iki dəfə istifadə edəndən sonra dərmanın təsiri görünür. Daxilə qəbul edilən dərman olsa, haradasa anlayaram".

Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsindən sorğumuza cavab olaraq bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, təsdiq edilən Tədbirlər Proqramının icrası üçün dövlət tərəfindən ayrılan vəsaitə uyğun olaraq, qeyd edilən xəstələrin həyat tərzinin yaxşılaşdırılması və simptomların yüngülləşdirilməsi məqsədilə istifadə olunan yerli kremlər, dərman preparatlarının siyahısı tərtib olunub:

"Bu siyahılara uyğun olaraq, xəstəliyin ağırlıq dərəcəsinə görə onların gündəlik tələbatları təmin edilir. Qeyd edək ki, dərman preparatlarının molekulyar tərkibi dəyişməyib. Bu səbəbdən həmin dərmanların uşaqlara mənfi təsiri istisnadır. Səhiyyə Nazirliyinin mütəxəssisləri dəfələrlə valideynlərlə bu barədə söhbətlər aparıb və onlara dərmanların tərkibinin dəyişmədiyini təsdiq edən, beynəlxalq standartlara uyğun klinik protokollar barəsində məlumatlar veriblər".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3249
avatar

Oxşar yazılar