Ürəyimizə dağ çəkib Vətən dağına çevrilən oğulların günü - 27  sentyabr
27 sentyabr 2024 13:55 (UTC +04:00)

Ürəyimizə dağ çəkib Vətən dağına çevrilən oğulların günü - 27 sentyabr

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

44 gün davam edən müharibədə ağır artilleriya atəşləri nəticəsində uşaqlar, qadınlar və qocalar daxil olmaqla ümumilikdə 94 mülki şəxs öldürülüb, 400-dən çox mülki şəxs yaralanıb, üç mindən Azərbaycan əsgəri şəhid olub, mindən çox əsgər yaralanıb, 6 nəfər itkin düşüb. Son antiterror əməliyyatı ilə Xankəndi işğaldan azad edilərkən 192 hərbi qulluqçu həyatını itirdi, 511 hərbi qulluqçusu yaralandı. 

Əsgər balama baş çəkmək üçün hərbi hissəyə getmişdm. Qapıda onun gəlişini gözləyirəm və yanımdan çoxlu-çoxlu əsgərlər, hərbi qulluqçular keçir. Maraqlı bir məqam diqqətimi çəkir. Bir- birlərinə müraciət forması “kişi, kişilər” şəklindədir. Kimsə gəlib topa dayanmış hərbiçilərin yanından keçirsə, “Salam kişilər” deyir, biri-birindən nəsə soruşanda “kişi, filankəsi gördünmü?” deyib xitab edir. Təəccüblənirəm. 100 illik ənənəni geri qaytarıblar. Jurnalist marağı ilə  onlardan birinə yaxınlaşıram. Mayordur. “Cənab mayor, nə üçün hamı kişi deyə müraciət edir? Adətən rütbə ilə xitab edir hərbiçilər”. 

Mayor gözünü qıyıb fəxrlə hərbiçilərə, sonra da yol kənarına qatar-qatar düzülmüş şəhid şəkillərinə baxır: “Kişidirlər də. Alnımızdakı qara ləkəni, damğanı qanı ilə yumuş kişilərdir bunlar, əsl kişilər. Burda sağ gördüyünüz hər hərbiçi potensial şəhiddir”.

Komandir danışarkən yaxındakı avtomobilin radiosundan dalğa-dalğa hansısa xanənədinin yanıqlı səsi yayılır. Muğamı o qədər yanğıyla oxuyur ki, ürəyim paralanır. Bu ifa deyil, ağıdır, dərd əlindən  mələməkdir, ulamaqdır, yanan ürəyinin atəşini göyün yeddinci qatına göndərməkdir, tanrıya səslənməkdir....

Əzizim ulu dağlar
Çeşməli sulu dağlar
Burda bir igid ölmüş
Göy kişnər, bulud ağlar

Bir xalqın nə qədər dərin yarası olar ki, gen yaddaşına belə bir kədər hopar? Sonra da düşünürəm ki, torpaq, vətən uğrunda yaralanmaq, ölmək alın yazısıdır türkün. Biz əsrlər boyu torpağımızı qanımızla qoruduq, oğullarımız düşmən çəpəri oldu. Yaramız həmən sağalmadı. Oğlum yaxınlaşır. Boyuna sarılıb öpüb oxşamaqdan utanıram - Şəhid analarından. O şəkillərdən vüqarla, təbəssümlə boylanan oğulların hamısı çox daha yaraşıqlı, çox daha igid idi. 

Duyğularım o qədər qarmaqarışıqdır ki... Allaha ağır gedər deyə qorxub tövbə edirəm. Bunu ancaq bir qadın ürəyi anlaya bilər. Balasını itirməkdən qorxan, amma şəhid anasının yanında da özünü borclu hesab edən, utanan ana ürəyi.

2908 oğul! Yazıda sadəcə rəqəm kimi görünür. Amma...Kimi anasının yeganə övladı, umuduydu, kimi geridə ailəsini, yetim uşaqlarını, kimi arzularını, xəyallarını, gizli sevdalarını qoyub getdi. Getdikcə ürəyimizdən, ciyərimizdən parçalar da alıb apardılar. Hamısı da biri-birindən yaraşıqlı, sərv boylu, həyat eşqi ilə dolu igidlər. Qəribədir, niyə onların hamısının çöhrəsindən nur tökülür?! Niyə təbəssümləri, gülüşləri insanı özünə çəkir. Niyə bu qədər doğmadırlar?! 
 
Onlar dünyaya göstərdilər ki, biz Vətəni fəda etmirik, hər şeyi Vətənə qurban edirik.
44 günlük savaşla Azərbaycan KİŞİSİ, hər bir şəhidimiz mübarək qanı ilə tariximizə şərəfli səhifələr yazdı, yumruğunun zərbəsi ilə beynəlxalq masalarda cizilmiş, boynuna biçilmiş taleyi dəyişdi. Azərbaycan əsgəri Xocalıda soyqırıma məruz qalan məsumlarımızın qisasını almaq kimi müqəddəs bir missiyanı şərəflə yerinə yetirdi, düşmən əsirliyində zülm görən, işgəncə yaşayan soydaşlarımızın yarasına məlhəm oldu. Vətən torpaqlarının azadlığı uğrunda 44 gün davam edən bu savaş milli həmrəyliyimizin rəmzinə çevrildi, tariximizə qürur mənbəyimiz kimi həkk olundu. Möhtəşəm zəfər tariximizi, dövlətçilik irsimizi daha da şərəfləndirdi. Əsgərlərimiz, zabitlərimiz, çavuşlarımız döyüş meydanlarından bütün dünyaya göstərdilər ki, vətən uğrunda mübarizə necə olur. 44 günlük müharibə heç bir pafos olmadan deyə bilərik ki, hərb tarixinin qızıl səhifəsi oldu, hərbi məktəblərin döyüş taktikası dərsliklərinə yer aldı. Əsl cəngavər necə olur, dünya gördü bildi. 

Qurban verdiyimiz manqal ürəkli, aslan biləkli oğullar  şanlı tariximizə, qürur mənbəyimizə çevrildilər. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi. Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan düşmənin günahsız mülki insanları hədəfə alması, çoxsaylı müharibə cinayətləri xalqımızı qələbə əzmini sarsıda bilmədi.

Bu gün Anım günümüzdür. Heç vaxt unutmayacağımız, ürəyimizə dağ çəkib Vətənin dağlarına, Xan çinarlarına çevrilən aslanlarımızın, igidlərimizin bir daha xatırlandığı gündür. Onlar şəkillərdən bizə təbəssümlə baxırlar. Çünki  canları, qanları hədər yerə getmədi. Dastana, əfsanəyə dönən igidlikləri sayəsində Vətən torpağı başdan-başa azad oldu, sərhədlərimizin bütövlüyü, Dövlət Suverenliyimiz təmin edildi. O ailə, o nəsil yoxdur ki, Qarabağ uğrunda savaşda qanı tökülməmiş olsun. Bu mənada hamımız yaralandıq, hamımız qürurlandıq hamımız küllərimizdən doğulduq, Qarabağ hamımızındır, Qarabağ elə bütöv Azərbaycandır!
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4086
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar