Ucarda niyə 3 kəndin camaatı mal-qaranın yolu  ilə gedir?
19 avqust 2024 11:36 (UTC +04:00)

Ucarda niyə 3 kəndin camaatı mal-qaranın yolu ilə gedir?

Ucar rayonunun Əlikənd, Ramal, Şahlıq kənd sakinlərinin  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən şikayəti var. Adı çəkilən kəndlər Bakı- Gəncə magistralının sol tərəfində yerləşir. Kəndə girmək üçün magistraldan sola burulmaq lazımdır.

 Kənd sakinləri bildiriblər ki, İpək Yolu çəkildikdən sonra bu üş kəndə aparan ana yola girişin önünə beton sədlər qoyulub: "Əvvəllər böyük ala qapı mövcud idi, giriş, çıxış da çox rahat idi.İndi kənd camaatı kəndə girmək üçün 30 kilometr irəli gedib Ağdaş rayonun Ləki qəsəbəsindən dönüb, geri gəlməlidirlər. Bu da əlavə yarım saat vaxt itkisidir. Kəndə yanğınsöndürən briqada, təcili tibbi yardım maşınlarının gəlməsi bu səbəbdən ləngiyir, halbuki  belə çətin anlarda hər dəqiqənin hökmü var".

Kənd sakinləri bildirilər ki, yolu bir az qısaltmaq üçün mal qara üçün qoyulmuş yeralıt keçiddən istifadə edirlər.
“Biz niyə heyvanların yolu ilə getməliyik? Həmin yola sadəcə kiçik minik maşınları ilə girmək mümkündür,  yağış yağanda isə yeralıt keçiddə su qurşaqdan yuxarı olur”,- deyə sakinlər giley-güzar ediblər.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sözçüsü Anar Nəcəfli mövzu ilə bağlı Lent.az-a bildirib ki, adətən yollara beton maneələr təhlükəsizlik məqsədi ilə düzülür və yol təhlükəsizliyinin təminatı ilə onların təşkilatı məşğul olmur. “Lakin sakinlər rəsmi qaydada müraciət etsələr, komissiya təşkil edilə, əraziyə başı keçirilə bilər”,- deyə o bildirib.

Təxminən 60 il ərzində mövcud olmuş giriş yolunun hansı təhlükəsizlik məqsədi ilə bağlandığı anlaşılmazdır. Kənd varsa, kəndə aparan yol da olmalıdır. Lazımdırsa, hansısa yol nişanları qoyula bilər, yolun girişinə maneə qoymaq, qurulmuş işə mane olmaq deməkdir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3078
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar