TikTok rüsvayçılığı:  Baxma, yayma, varlandırma!!!
17 dekabr 2024 15:00 (UTC +04:00)

TikTok rüsvayçılığı: Baxma, yayma, varlandırma!!!

TikTok-da təzə komediya başlayıb. Köhnə Azər Zahid “tik-tokda” ötən şousundan bəri ortaya çıxan səviyyəsizləri bir yerə toplayıb təzədən camaatı “Təkər”ə salıb.

Neçə gündü ayrı-ayrı blogerlərin, saytların tənqid hədəfində olan bu “veriliş”ə baxmaq qərarına gəldim. Baxmaq deyəndə ki, oturub zövqlə baxılacaq heç nə yoxdur. Canlı yayın başlayan kimi, çox təəssüf ki, vaxtilə bir televiziya proqramı tərəfindən “şairə” statusu ilə cəmiyyətə sırınan (son aylarda heç bir televizya verilişində görünməyib) İlhamə adlı qadın ortada atılıb-düşməyə başlayır. Sözün həqiqi mənasında, toy toğlusu kimi ortada atılıb-düşən, düşük-düşük, latayır, yaşından başından utanmayan danışıqları ilə zəhlə tökən bu qadın şounun favoritidi. O, başqa bir favoritin, uzun illərdir ki, vaxtilə gəlini olduğu ailəyə qarşı sosial media terroru həyata keçirən, hər gün bu ailəni sosial şəbəkədə, yəni kütləvi yayında təhqir edən və təəssüf ki, cəzasız qalan Ləman adlı tik-tokerkanın belə öhdəsindən gəlib. Bunu hardan bildim? Tik-tokun alqoritminə görə, eyni mövzuda bir videoya baxdınsa, digər videolar ardıcıl olaraq sənə təqdim olunur. Sonra gərək bir neçə dəfə menyudakı “maraqlanmıram” düyməsinə tıklayıb, bu mərətləri sənə göstərməməsi üçün tik-toka ricalar göndərəsən. Dünən vaxtımın bir hissəsini də bu mərətlərin videolarını bu cür iqnor eləmək aldı.

Amma məsələ nədir? Məsələ odu ki, mənim yayına baxdığım 15-20 dəqiqə ərzində 10 min adam ortalıqda hoqqa çıxaran arvada baxırdı, onu hədiyyə yağışına tuturdu. Səviyyəsiz, düşük, özünü toplum içində təqdim etməyi bacarmayan, yəqin ki heç bir normal təhsili olmayan bir dəstə qadın-kişi də orda bu arvadı daha biədəb, daha iyrənc “rəqslər” və “nitqlər” üçün həvəsləndirirdi.

Bir anlıq düşündüm, bu adamlar niyə belə edir? Yalnız pul qazanmaq üçünmü? Qərarımı da deyim, yox, qətiyyən. Bu adamlar çevrələrindən, cəmiyyətdən təpki əvəzinə dəstək görürlər, ona görə belə həvəslənirlər. Bu cür özünü apara bilməyən, toyda-mağarda şitlik edən, səviyyəsiz danışığı ilə adamı bezdirənlərə hər kənddə, qəsəbədə rast gəlmək olur. Adətən, bizim eldə özünü yüngül aparan kişini, toy toğlusu kimi bədəninin bütün əzalarını əsdirə-əsdirə ortalıqda hoppanıb düşən qadını yaxına buraxmazdılar, elələri gələndə hamı toyda, məclisdə üzünü yana tutardı, “bu düşük yenə gəldi, indi zəhləmizi tökəcək, abrımız gedəcək” deyərdi.

Mən bilmirəm biz nə yeyib, nə içdik ki, indi bu cür ortalıq adamlarını hələ pulla mükafatlandırıb, vaxtımızı xərcləyib, ağzımızı ayırıb baxırıq. Niyə də? Hər şey cəhənnəm, bu adamların nəslində-kökündə, evində-eşiyində bir ağlı başında adam yoxdurmu ki, bunlara bir qohum-əqrəba qınağı eləsin? Başa düşürəm, hamı müstəqil adamdı, öz qərarlarını özü verir. Amma “ictimai qınaq” dediyimiz elə yaxın çevrənin “ayıbdı, belə eləmək olmaz” deməsidi də.

Amma indi vəziyyət dəyişib. Bu yaxınlarda eşitdim ki, bir quruma problemi ilə bağlı müraciət etmiş şəxs bu tik-tokerkalardan birinin adını çəkirmiş: “Mən filan tiktokerin qohumuyam”. Gözümüz aydın!

Bu tip şoularda və ümuniyyətlə, tik-tokda qara pulların yuyulması əməliyyatlarının aparılması barədə dünyanın müxtəlif ölkələrində zaman-zaman araşdırmaların nəticəsi açıqlanır. Məsələn, elə qonşu Türkiyədə bu sahədə çox böyük, yüzlərlə tik-toker və instaqram blogerini əhatə edən bir neçə iri əməliyyat keçirilib.

Amma bu adamlara baxanlar, onları dəstəkləyən və pula boğanlar təkcə qara pulunu yumaq istəyənlər deyil. Burda “tik-tok” iqramaniyasının qurbanı olanlar, çox aşağı büdcəli adamlar da var.

Bu həftə Media Agentliyi tərəfidən ölkədə “media savadlılığı” həftəsi elan edilib. Çox yaxşı təşəbbüs, çox əla addımdır. Camaatımız “media savadlılığı” sözünü eşidəndə elə bilir ki, bu ancaq jurnalistlərə aiddi. Yox, əziz izləyici, bu dəfə sizə aiddi. Tik-tokda İlhamənin hoppanıb-düşməsinə baxan 10 min nəfər, bu, sizin hər birinizə aiddir.

Sən dəyişməlisən, sən, əziz izləyici!

Deyilənə görə, “Tik-tok”un Azərbaycan seqmentində 5.2 milyon aktiv profil var. Burda aktiv olan, məsələn, 2 milyonun hərəsinin iki və daha çox aktiv səhifəsi də ola bilər. Ölkənin bütün TV-lərinin, saytlarının tik-tokda operativ xəbər yayan səhifələri var. Tanınmış həkimlər, hüquqşünaslar, daşınmaz əmlak mütəxəssisləri, psixoloqlar və s vacib peşə sahibləri burda mütəmadi canlı yayınlar edirlər, faydalı məsləhətlər verirlər, sualları cavablandırırlar. Bir neçə müğənni həftənin müxtəlif günləri canlı konsert proqramı ilə çıxış edir. Xəbər aparıcıları dərhal baş verən xəbərləri çatdırırlar. Yəni, tik-tokda kifayət qədər maraqlı, zəngin kontent var. Bununla yanaşı isə sayı 15-20 nəfəri keçməyən, sözün hərfi və həqiqi mənasında küçədən gələn, normal adamların tərbiyəsi və dünya görüşü ilə etməyi özünə yaraşdırmadığı hərəkətləri edən və bununla diqqət çəkən guruh var. Bunların sayı doğrudan da 15-20 nəfəri keçmir. Əlbəttə ki, bu adamlar real həyatda da bu cür tərbiyəsiz davranırlar. Eyni tərbiyəsizliyi də kamera qarşısında təkrarlayırlar. İnsana xas olmayan formada bağırırlar, ədəbsiz və iyrənc, görgüsüz formada yemək basmarlayanda video çəkirlər, daim içində böyüdükləri ailələrdə adi olan söyüşləri normal sözmüş kimi (çünki onların qulağı buna öyrəşib və onlara görə normaldı) canlı yayında səsləndirirlər. Və ən əsası, bu adamların mütləq əksəriyyətini heç bir televiziya, heç bir media qurumu Sizə təqdim etməyib. Heç biri tanınmış, hansısa peşəyə, sənətə məxsus adamlar deyil. Bu adamları künc-bucaqdan Siz dartıb çıxarıb məşhur etmisiniz, üstünüzə qışqırmağa, sizi danlamağa izn vermisiniz, hətta buna həvəsləndirmisiniz, əziz tik-tok əhli. Onminlər sadaladığımız ağıllı, savadlı, nəsə öyrənə biləcəyi, faydalı kontentə yox, bu ədəbsiz iyirmiliyə baxmağa vaxt tapır, hətta onların davam eləməsi üçün ruhlandırmağa pul da xərcləyir. Əlbəttə, onların xeylisini elə qara pul yuma əməliyyatı üçün bəzi biznesmenlər ortaya çıxardı. Bunu inkar etmək sadəlövhlük olardı. 

Bu adamlara baxan onminlər isə bəzən onları təhqir eləməklə öz içindəki travmasını yatırır. Bəziləri bunlara baxıb belə olmadığı üçün təsəlli tapır. Bəziləri də utanmadan belə yazır: “Dövlət hara baxır”. Canına azzara baxır! Lap elə birbaşa belə! Dövlət nə etməlidir? Sənin əlindəki telefonu alıb, bu cür iyrəncliyə baxan gözünü bağlasın, ya pul atan əlini kəssin, ya buna irişən beynini söndürsün? Nə etsin dövlət? Baxma da! Bax-maaa!

Bu şou baxılmasa, yayılmasa, müzakirə olunmasa, İlhamə orda hoppanıb düşəndə say artmasa, sayla bərabər pul da artmasa onda Azər Zahid daha səviyyəli bir şey hazırlayacaq. Azər Zahid vaxtilə səviyyəli veriliş hazırlayıb, ölkənin mərkəzi TV-lərində işləyib, bacarır da. Sən, bu “verilişə” baxıb, sonra da elə baxdığı videonun altında “dövlət hara baxır” yazan izləyici, sən İlhamənin tullanıb düşməyinə baxırsan. Sən normal adama baxmırsan, baxmırsan! Baxdığı o düşük videonun altına yazır ey, “dövlət hara baxır?” Dövlət sənin canının dərdinə baxır! Dövlətin lisenziyalı televizyası bunu göstərmir, dövlət sənin baxmağın üçün alternativ məhsul da təqdim edir. Elə o girib içindən çıxmadığın tik-tokda təqdim edir.

Sənə isə (tik-tok istifadəçisinin bir hissəsi nəzərdə tutulur) həkimin, hüquqşünasın, jurnalistin danışığı maraqlı deyil. Sənə Ləmanın qaynanası barədə 5 ildi danışdığı çeynənmiş qeybətlərini dinləmək, Baboşun iyrənc yemək yeməyini izləmək, İlhamənin hoppanıb düşməyinə baxmaq maraqlıdı. Sənin xoşuna gəlir ki, Bayram Nurlu səni qarşısına qoyub danlayır. Bu, xoşuna gəlir! Yoxsa baxmazsan, yaymazsan, pul göndərməzsən, müzakirə etməzsən!

Sən dəyişməlisən, sən, əziz izləyici!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 15750
avatar

Cavidan HUN

Oxşar yazılar