"Təyyarəyə qəlpələr dəyib" - Əməkdar pilot sirləri açdı
27 dekabr 2024 15:09 (UTC +04:00)

"Təyyarəyə qəlpələr dəyib" - Əməkdar pilot sirləri açdı

"Bakı-Qroznı istiqaməti üzrə hərəkət edən “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin Aktau şəhərində qəzaya uğramasına səbəb olaraq təyyarənin salonunda balonunun partlaması versiyasının irəli sürülməsi absurddur".

Lent.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycanın Əməkdar pilotu Tahir Ağaquliyev bildirib.

Tahir Ağaquliyev bildirib ki, təyyarənin göyərtəsində balonlar yoxdur, oksigen balonu var.

“Oksigen balonundan da hər hansı problem yarandığı hallarda istifadə olunur ki, sərnişinlər rahat nəfəs ala bilsinlər. Yalandan yazırlar ki, balon partlayıb. Belə şey ola bilməz”, - deyə Tahir Ağaquliyev qeyd edib.

Tahir Ağaquliyev bildirib ki, təyyarənin zədələnməsi raket partlayışından qəlpələrin yayılması nəticəsində baş verib: “Bunlar hidravlik sistemi, hidravlikanı zədələyən raket parçalarıdır. Təyyarənin sükanı hidravlika əsasında işləyir”.

Əməkdar pilot onu da vurğulayıb ki, göyərtədə oksigen maskalarının açılması yalnız salonun kipliyinin pozulması nəticəsində baş verir.

“Raket özü təyyarəyə dəyməyib, təyyarəyə qəlpələr dəyib. Raket haradasa 10 metr aralıda təyyarəyə çatmamış partlayıb. Balon məsələsi isə cəfəngiyyat, absurddur. Sadəcə, deməyə sözləri qalmayıb, kirlərini necə yuyacaqlarını bilmirlər”, - Tahir Ağaquliyev vurğulayıb.

Qeyd edək ki, Rusiya və digər ölkələrin informasiya resursları AZAL-ın təyyarəsinin qəzaya uğramasına səbəb kimi salonda balonunun partlaması versiyasını yayır.

Məlumat üçün deyək ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2892
avatar

Oxşar yazılar