© Kollaj lent.az-a məxsusdur
27 may 2021 17:15 (UTC +04:00)

© Kollaj lent.az-a məxsusdur

Tarixi dəyişən Paşa, Türkiyədən son məktub - Lent.az bir əsr əvvəl baş verən döyüşlərdən YAZIR...

...Birinin qəbri Bığır kəndindəki Türk dağında.

Başqa birininki Arvan dərəsində.

Lütfiyyə Əfəndi, İsmayıl Haqqı, Zəki Əfəndi, Kazım, İbrahim...

Başqa birinin qəbri isə İsmayılının Mollaisaqlı kəndinə gedən yolda dağların arasındadır. Göyçayda bir qəbir də var: Rayonun Cəyirli kənd qəbiristanlığında, Osman Dədəoğlunun qəbri. Türkiyənin Təkirdağından, daha dəqiqi Saray kəndindəndi əsli. 28 yaşında tale onu Göyçaya gətirib çıxarmışdı. Və taleyin gərdişinə bax, bir də geri, Təkirdağa qayıda bilməmişdi. 94 yaşında elə Cəyirlidəcə canını tapşırmışdı.

Kimdi axı bu Osman Dədəoğlu? İsmayıl Haqqı, Kazım, elə o Əfəndilər, neyləyirmişlər axı onlar bu torpaqlarda?

Hə, tale 103  il bundan əvvəl Osmanlının bu və ya digər vilayətindən olan bu gəncləri Azərbaycana gətirib çıxarmışdı. Və onların çoxu üçün son mənzil olacaqdı Azərbaycan, Göyçay. Nuru Paşanın əsgərləri idi onlar. O əsgərlər ki, 103 il əvvəl göylərin od tutub yandığı bu günlərdə, elə bu Göyçayda Azərbaycanın müstəqilliyi üçün şəhid olmuşdular. Və bu müstəqilliyin tam bərqərar olunmasında Göyçay döyüşləri birmənalı şəkildə həlledici rol oynamışdı.

...Çox gözəl tarixçidir Aqil müəllim, Aqil Kəngərli. Əyalətdə, Göyçayda yaşayan bu orta məktəb müəllimi bəlkə də az adamın edə biləcəyi araşdırmalarla məşğuldu. Xüsusən də Göyçayın tarixini. Onunla elə Göyçay döyüşlərindən danışırıq, Azərbaycan tarixini dəyişən döyüşlərdən. Azərbaycanda tarix yazan Paşadan və onun əsgərlərindən.

Tarixçi Aqil Kəngərli

“1918-ci il aprelin 25-də yaradılan Bakı xalq Komissarlar Soveti, hansı ki, Stepan Şaumyan başçılıq edirdi, öz hakimiyyətini təkcə Bakı və Bakı ətrafı bölgələrə yox, bütün Azərbaycana yaymaq istəyirdi. Onlar 1918-ci ilin mayın 28-də elan edilmiş Azərbaycan Xalq Cümhuriyyətini qəbul etmək istəmirdilər. Buna görə də Azərbaycan Milli Qüvvələrinin cəmləşdiyi Gəncə üzərinə hücuma keçdilər. Belə olduqda yeni yaradılmış bu dövlət 1918-ci ilin iyunun 4-də Osmanlı ilə Batum müqaviləsi imzalayır. Bu müqaviləyə görə, Nuru Paşanın başçılığı ilə Qafqaz İslam Ordusu Azərbaycana köməyə gəlir. Bu müddət ərzində isə Bakı Xalq Komissarları soveti və onun hərbi komissarı olan Korqanov Azərbaycanın şəhərlərini ard-ardı ələ keçirərək Gəncəyə doğru yürüşə başlamışdı.  Belə ki, Bakıdan sonra Quba, Şamaxı, Kürdəmir, Ağsu işğal edilmişdi və Göyçaya yaxınlaşmışdılar.

Hə, elə Cümhuriyyətin taleyi də məhz Göyçayda həll olunub. 1918-ci ilin iyun ayında Göyçayın Qaraməryəm və Veysəlli kəndləri ətrafında, o cümlədən o dövrdə Göyçay qəzasına daxil olan - hazırda İsmayıllının kəndləridir -Sultankənd, Mollaisaqlı döyüş meydanına çevrilmişdi. Aqil müəllim deyir ki, ilk ağır döyüş Qaraməryəmdə olub.

“Bu döyüşdə Osmanlı ordusu 200 şəhid verib. 156 nəfər əsgər isə yaralanıb. Eyni zamanda türk ordusunun iki topu da düşmən əlinə keçmişdi”.

Həmsöhbətimizin dediyinə görə, həmin vaxt şəhid olanları Gəncəyə, indiki Göygölə aparıb orada dəfn edirdilər. Amma Göyçay ərazisində dəfn olunanlar da var idi. Hazırda onların bəzilərinin məzarları da qalır.

“Onlardan birinin xatirəsinə Göyçayın Bığır kəndinin girəcəyində abidə qoyulub, məzarı da kəndin Türk dağı deyilən yerindədir. Bığır kəndindən İsmayıllıya doğru gedən yolda, Mollaisaqlı kəndinə çatmamış dağların arasında da şəhid məzarları var. Eyni zamanda Göyçayda Arvan dərəsi deyilən bir yerdə də türklərin məzarları yerləşib. Göyçay uğrunda döyüşlər 1918-ci ilin iyunun 27-dən iyulun 1-ə qədər davam edib. Həmin dövrdə ermənilər əsasən Bozdağda, - Göyçayda, ora “Pələng tullanan” da deyilir - qərar tutublar. Qafqaz İslam Ordusunun mövqeləri isə Göyçayın Potu kəndindəki “Şahtut” deyilən yerdəymiş. Bir maraqlı faktı deyim, həmin vaxt ermənilərin açdığı top atəşi Göyçay şəhərindəki çinarın üzərinə düşüb və ağacı yandırıb. Amma buna baxmayaraq ağac məhv olmayıb. Dörd hissəyə ayrılıb və yenidən pöhrələnib. Bu gün də bu ağac qalmaqdadır”.

Aqil müəllimin dediyinə görə, o ərəfələrdə Bakı Xalq Komissarlar sovetinin qoşununun sayı 30 min, Azərbaycandakı Türk Hərbi qüvvələrinin sayı isə heç 5 min nəfər də deyildi. Yəni qüvvələr nisbəti ermənilərin, bolşeviklərin xeyrinə idi.

“Həmin vaxt onlar isti havada, susuz şəraitdə döyüşürdülər. Orduya yerli əhalidən qoşulanlar çox deyildi. Göyçay uğrunda gedən döyüşlərdə xüsusi şücaət göstərildi. Göyçay şəhəri azad edildi. Nuru Paşa özü Göyçayda qərargah düzəltmişdi və döyüşlərə  birbaşa başçılıq edirdi. Nuru paşanın qərargahı hazırda Göyçayda qalır. Həmin bina hələ də salamatdır. Vaxtı ilə o Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirliyinin müavini vəzifəsində çalışmış Sadıq bəy Ağabəyzadə və onun qardaşı Həzrət bəyin evi olub. Qərargah 1918-ci il iyunun 20-də təşkil edilib”.

Bir maraqlı fakt. 1919-cu il oktyabrın 4-də, ADR hökumətinin tapşırığı ilə Sadıq bəy Batumi şəhərində ABŞ prezidentinin şəxsi nümayəndəsi general Ceyms Harbortu qarşılamağa yollanır. Sadıq bəy oktyabrın 10-a kimi prezident nümayəndəsini müşayiət edib. Deyirlər ki, generalın gəlişinə həsr olunmuş ziyafətlərin birində, o, şəxsən müəyyən səbəblərdən ziyafətdə iştirak etməyən Sadıq bəyin sağlığına tost deyib. Və öz tostunda qeyd edib ki, Sadıq bəy yüksək intellektual imkanlara malik olan bir insandır. O, hərbçilər arasında belə yüksək təhsilli və maraqlı insana rast gəlməyib. Maraqlıdır ki, Göyçay döyüşləri gedən vaxtlar ermənilər də şəhərin içində özləri üçün qərargah qurublarmış.

Nuru Paşanın qərargahı

“Sandro adlı erməninin mülki idi həmin yer. Bu mülkə onlar xeyli silah-sursat yığmışdılar ki, Bakı Xalq Komissarlar Sovetinə dəstək olsunlar. Elə həmin bina da qalır. Ora indi Göyçayın Hərbi səfərbərliyinin binasıdı. Əgər ermənilər qələbə qazanacaqdılarsa, keçmiş musiqi məktəbinin binasında xüsusi ziyafət təşkil etməyi planlamışdılar. Bütün bunlar Göyçay azad olunandan sonra məlum olmuşdu” deyir Aqil müəllim.

Əslində, bayaq da qeyd etdiyimiz kimi Göyçay döyüşləri Azərbaycan xalq Cümhuriyyətinin mövcudluğunu sual altına düşməyə qoymadı. Nuru Paşa və Azərbaycanın hərbi qüvvələri qələbə qazandı.

“Onu da xüsusi qeyd edim ki, şəhid olanlar və yaralananlardan başqa Nuru Paşanın Qafqaz islam Ordusunun hərbiçilərindən Göyçayda qalanlar da olub.  Onlardan biri Osman Dədəoğlu deyilən bir nəfər idi ki, o yaralanıb Göyçayda qalıb. Daha sonra Sovet dövründə Sibirə sürgün olunub. 15 il Sibirdə qalıb və yenidən qayıdıb Göyçayda yaşayıb. 1984-cü ildə vəfat edib. Həmin kişi Göyçayın Cəyirli kəndində dəfn olunub. Ailə üzvləri də hazırda elə həmin kənddə yaşayır”.

Osman Dədəoğlu

Nəvəsi Taleh Cəbrayılov dediyinə görə,  babası 1918-ci ilin iyununda Qaraməryəm uğrunda döyüşlərdə ayağından yaralanıb.

Osman Dədəoğlunun nəvəsi Taleh Cəbrayılov

“Bərgüşad tərəfdə postda çox ağır yaralanıb.  Həmin vaxt onu  Cəyirli kəndindən olan Xasməmməd və Dostməmməd adlı qardaşlar xilas edib. Bu qardaşlar yaralı əsgərləri  kənddəki evlərdə türkəçarə müalicə edib, sonradan Gəncəyə, Bakıya hospitallara yola salarmışlar. Osmanın yarası isə çox ağır olub. Yerindən belə tərpənə bilməyib. Hətta türk qoşunları Azərbaycanı tərk edəndən sonra belə geri qayıda bilməyib. Həyatını Cəyirliyə bağlayıb”.

Osmanı sonradan Cəyirlidə evləndiriblər də. Amma bu evliliyi də Osman düz-əməlli yaşaya bilməyib. Onu məhz türk olduğuna görə, Sibirə sürgün ediblər. Bir oğlu dünyaya gəlib ilk evliyindən.

1930-cu ilin elə bu ayında Osman həbs edilir və 15 il Sibirdə sürgündə olur. Bir də 1945-ci ildə qayıdır Cəyirliyə. Amma qayıdanda məlum olur ki,  arvadı vəfat edib. “Kəndin ağsaqqalları onu yenidən evləndiriblər. Özü də 65 yaşında. Bu evlilikdən də Səfiyyə və Rəsmiyyə adlı iki qızı dünyaya gəlir”.

Kənddə mollalıq edir Osman kişi. Təkirdağdakı qardaşlarıyla bir neçə dəfə məktublaşa bilir.

Qardaşından Osmana məktub

Amma son məktubu 1975-ci ildə alır qardaşı Hüseyndən. 1984-cü ildə, 94 yaşında vəfat edir…

Aqil müəllim bir məqama da toxunur. Deyir 1918-ci ildə Nuru Paşa Göyçaya gələndə  ona yerli əhalidən də kömək edənlər olub.

“Mənim həm iş yoldaşım, həm də müəllimim olan bir insan vardı, Böyükağa Mürsəlov. Onun atası vaxtı ilə Nuru Paşanın ordusuna kömək edib. Göyçayın Qarabaqqal kəndindən olub. Məhz buna görə sonradan onları Qazaxıstana sürgün ediblər. 1918-ci ildə Nuru paşa Göyçaya gələndə onlar onun şəklini bir məcməyinin içinə döydürübmüş. Haradasa 15-16 il öncə mən Böyükağa müəllimin əlində həmin məcməyini gördüm və təklif etdim ki, onu muzeyə versin. Bildiyim qədəri ilə o vermədi muzeyə. İndi həmin məcməyi salamat qalıbmı, haradadır, bax, bunu bilmirəm. Böyükağa müəllimin əmisi də Nuru Paşa ilə dost idi. Onun adı Qaçaq Məhəmməd olub. Onların hamısı sonradan repressiyaya məruz qalıblar”.

Müsahibimiz deyir ki, Nuru paşanın ordusunda vuruşmuş türk əsgərlərindən Osman Dədəoğlundan başqa iki nəfər də Göyçayda qalıbmış. Hər ikisi də Qarabaqqal kəndində.  Onlardan biri Əli Çavuş, digəri isə Lazım adlı şəxslər olub. Onlar elə bu kənddə ailə qurub yaşayıblar. Əli Çavuşun məzarı Qarabaqqal kəndindədir”.

Hə, Nuru Paşanın yerləşdiyi qərargah bir neçə il öncəyə qədər idarə kimi fəaliyyət göstərirmiş. Daha doğrusu bir neçə idarə orada yerləşirdi. Hazırda isə həmin bina hansısa bir sahibkara məxsusdur.

“Əlbəttə o tarixi bir binadır. Yaxşı olar ki, həmin bina dövlət tərəfindən qorunsun. Elə Göyçayda Nuru Paşaya büst qoyulması da çox yaxşı olardı”.

Yeri gəlmişkən, Bakıda Şəhidlər Xiyabanında 1999-cu ildə Qafqaz İslam Ordusunun şərəfinə ucaldılmış abidə kompleksində Göyçay döyüşlərində şəhid olmuş türk hərbçiləri  Halit Əfəndi,  İsmayıl Haqqı Əfəndi Yakub oğlu, İbrahim Əfəndi,  Musa Kazımın adları yazılmış lövhə var. Bundan başqa hazırda Göyçayın Bığır kəndi ilə İsmayıllının Mollaisaqlı kəndləri arasındakı yüksəklikdə türk hərbçisi, şəhid Mustafa çavuşun qəbri mövcuddu. Amma çox təəssüf ki, Göyçay döyüşlərində şəhid olmuş türk hərbçilərinin bir çoxunun adlarını hələ də dəqiqləşdirmək mümkün olmayıb. Onların dəfn olunduğu yerlərdə abidələr ucaldılsa da, üzərində naməlum türk əsgərlərinə sözləri yazılıb. Və bu abidələr, qəbirlər Göyçaydan üzü Bakıya çox yerdə var.

Naməlum türk əsgərinin qəbri

Lamiyə Məmmədova

Səbuhi Məmmədli

Göyçay

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7017
avatar

Oxşar yazılar