“Son vaxtlarda kiberdələduzluq hallarının sayında artım müşahidə olunur. Belə ki, kiberdələduzlar vətəndaşlara onların ailə üzvlərinin nömrələri ilə eyni olan nömrələrdən zənglər edərək həmin şəxsin səsi ilə hər hansı baş vermiş hadisə ilə bağlı yalan məlumatlar verir və zərərin aradan qaldırılması ilə bağlı müvafiq bank hesabına pul vəsaitinin göndərilməsini istəyirlər”.
Bu açıqlamanı Elektron Təhlükəsizlik Xidməti Lent.az-ın sorğusuna cavab olaraq bildirib.
“Qeyd edək ki, telefon zəngləri və SMS mesajlarının zəng edən tərəfin nömrəsini və ya kimliyini saxta şəkildə göstərmək üçün istifadə olunan nömrəni saxtalaşdırmaq üsulu “spoofing” adlanır. Kiberdələduzun müəyyən etdiyi nömrə istənilən telefon nömrəsi ola bilər. Məsələn, hər hansı bir bank və yaxud istifadəçinin öz şəxsi nömrəsi kimi zəng zamanı telefonda əks oluna bilər.
Elektron Təhlükəsizlik Xidməti (ETX) bu cür kiberhücumun qurbanına çevrilməmək üçün vətəndaşlara naməlum şəxslərdən gələn zənglərə qarşı diqqətli olmağı, fərdi məlumat və bank kartı məlumatlarını qarşı tərəfə ötürməməyi tövsiyə edir”, - deyə məlumatda bildirilib.
Sonda qeyd edilib ki, Elektron Təhlükəsizlik Xidməti tərəfindən kiberdələduzluq hallarının qarşısının alınması ilə bağlı mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirilir, həmçinin rəqəmsal medianın sosial şəbəkə seqmentində kibertəhlükəsizliklə bağlı maarifləndirici paylaşımlar icra edilir. Tədbirlərin həyata keçirilməsində əsas məqsəd kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması və onlayn mühitdə kibertəhlükəsizliyin təmin edilməsidir.