Silah gəzdirən vəzifəlilər psixoloji testdən keçirilməlidirmi? -  Psixoloqdan AÇIQLAMA
24 may 2021 18:21 (UTC +04:00)

Silah gəzdirən vəzifəlilər psixoloji testdən keçirilməlidirmi? - Psixoloqdan AÇIQLAMA

“Polis kimi stresli peşələrdə çalışanların psixoloji diaqnostikasına və müayinəsinə xüsusi fikir vermək lazımdır. Çünki polislər, yanğınsöndürənlər və bu qəbildən olan digər peşələrdə çalışanlar gündəlik fəaliyyətləri dövründə gah stresli, gah da ekstremal vəziyyətlərə üzləşirlər”.

Bunu psixoloq Fuad Əsədov Lent.az-a açıqlamasında bildirib.

Bir neçə gün öncə Yasamal rayonu ərazisində rayon polis idarəsinin əməkdaşı, 26 yaşlı Həsən Osmanov qısqanclıq zəminində tabel silahından atəş açaraq, sevgilisi 25 yaşlı Fatimə Hüseynovanı qətlə yetirib, özünün isə intihar etməsi ciddi müzkirəyə səbəb oldu. Bu hadisə bir sualı da ortaya çıxartdı: "Silah gəzdirən vəzifəli şəxslər hər hansı psixoloji testdən keçirilməlidirmi?"

Psixoloq Fuad Əsədovun sözlərinə görə, nəinki vəzifəli şəxslər, ümumiyyətlə, hər kəs psixoloji testdən keçməlidir.

“Ümumiyyətlə, nəinki silah gəzdirənlər, eləcə də hər kəs psixoloji testdən keçməlidir. Davamlı olaraq psixoloji terapiyaya getmək vərdişləri olmalıdır. Bu bir növ həyat tərzinə çevrilməlidir. Bu təkcə polislərə, yaxud da hansısa vəzifəli şəxslərə aid edilmir. Hər kəsə aiddir. Məsələn, avtobus sürücüləri də psixoloji testdən keçirilməlidirlər. Çünki onlar da gün ərzində müştərilərlə işləyirlər və çox sayda insanın həyatının məsuliyyətini daşıyırlar. Polis kimi stressli peşələrdə çalışanların psixoloji diaqnostikasına və müayinəsinə isə xüsusi fikir vermək lazımdır. Çünki polislər, yanğınsöndürənlər və bu qəbildən olan digər peşələrdə çalışanlar gündəlik fəaliyyətləri dövründə gah stresli, gah da ekstremal vəziyyətlərə düşürlər”.  

Psixoloq bildirir ki, psixologiyada buna aid ayrı bir sahə də var:

“Ekstremal vəziyyətlərin psixologiyası” adlı sahədir. Əlbəttə ki, bu polislərə tətbiq olunmalıdır. Açığı tətbiq də olunur. Polis Akademiyasında psixologiya dərsləri də keçirilir. Amma bu insan faktorudur. Nə qədər qabaqlayıcı tədbirlər görülsə də, belə hallar baş verəcək, çox təəssüf. Sadəcə, çalışmaq lazımdır ki, belə hadisələri norma yox, istisnalar kimi görək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2142
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar