Saxta qazilərə zəif ictimai təpki 
06 may 2022 17:16 (UTC +04:00)

Saxta qazilərə zəif ictimai təpki 

Qarabağ qazisi adından çirkin davranışlar şəhidlərin, əsl döyüşçülərin ucaldığı müqəddəs zirvəyə ləkədir.

Azərbaycanda Qarabağ müharibəsi qazilərinə, iştirakçılarına, şəhid ailələrinə olan həssas münasibət 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərdən sonra daha da aktuallaşıb və demək olar ki, hər gün bu kateqoriyanı əhatə edən şəxslərə yönələn sosial müdafiə, anım və bu qəbildən olan müxtəlif tədbirlərin, real müsbət addımların şahidi oluruq. 30 illik işğala son qoyan, qanını, canını Vətən uğrunda fəda edən qəhrəman Vətən övladları hazırda bütövlükdə cəmiyyətin ən böyük diqqətini görürlər və bu, belə də olmalıdır. Əminliklə vurğulamaq mümkündür ki, qaziyə, şəhidə qarşı dövlət başda olmaqla, bütün cəmiyyətin ən yüksək səviyyədə münasibəti formalaşıb. 

Fəqət, təəssüflər olsun ki, cəmiyyətdə bu münasibətdən yararlanmaq istəyən şəxslərə də rast gəlinir. İş o həddə çatıb ki, kimlərsə özünü “qazi” kimi təqdim edib qazanc üçün iyrənc yollara belə baş vurur və bu müqəddəs ad altında nələrsə əldə etməyə çalışır.

Son günlər yenə özünü yalandan “qazi” kimi təqdim edən şəxslər haqda yayılan məlumatlar bunun əyani sübutudur. Baxın, nə tələblər var: əlavə imtiyazlar istənilir, torpaqlar zəbt edilir, dövlət orqanlarına, az qala, hücum çəkilir. Araşdıranda isə həmin şəxsin saxta qazi olması üzə çıxır. Hətta bu günlərdə “qazi” adı altında gizlənib, dilənçilik edən şəxsə belə rast gəlindi.
Bütün bunlar olduqca xoşagəlməz, utancverici hadisələrdir. Təbii ki, kimlərinsə bu yollara baş vurması ilk növbədə həmin şəxsin əsl mahiyyətini, mənəvi keyfiyyətlərini ortaya qoyur. Amma unutmaq olmaz ki, ictimai qınağın yetərsizliyi qazi adından sui-istifadə hallarını doğurmaqda başlıca rol oynayır. Təkcə dövlət qurumlarının rəsmi açıqlamaları kifayət etməz, bu məsələdə ictimai rəyin tənqidləri də vacibdir. Bu səhv yol ilk gündən ictimai qınağa tuş gəlsəydi, meydana belə yalançı “qazilər” çıxmazdı. Nədənsə insanlara elə gəlir ki, birisi çıxıb “qaziyəm”- deyirsə, o, düz danışır, amma onun qaziliyinin şübhəliliyi haqqında iddia edən qurumlar yalan deyir. Bu yanaşma tamamilə səhvdir və daha mənfi nəticələrə yol aça bilər. Ağla qaranı hər birimiz seçməliyik. 

Diqqət etsək görərik ki, bu gün həqiqi döyüş yolu keçmiş şəxslərin heç biri özünə əlavə imtiyazlar tələb etmir, hansı ki buna daha çox haqqı çatır. Müharibədə iştirak etmiş, ən ağır əməliyyatları, o cümlədən Şuşa əməliyyatını həyata keçirmiş xüsusi təyinatlılar arasında bir nəfər də bu cür davranan şəxsə rast gəlinməyib. Dövlət onların, Vətən uğrunda döyüşmüş, şəhid olmuş hər bir şəxsin fədakarlığını qiymətləndirib. 

Fırıldaqçılarsa təkcə özlərini yox, həm Ordunu, həm də əsl qaziləri gözdən salır. Onların çirkin metodlara əl atması şəhidlərin, qazilərin ucaldığı ən müqəddəs zirvəyə ləkədir.
Vətən uğrunda canından keçmiş insanlar, bu müqəddəs yolda savaşanlar hər birimiz üçün doğmadır, əzizdir. Onlara olan qayğı, diqqət heç zaman əksilməyəcək və bu yöndə sosial müdafiə tədbirləri daha da genişlənəcək. Bu siyasətin həmişə davam edəcəyi heç kimdə zərrə qədər şübhə doğurmur. Qarabağ müharibəsi iştirakçıları üzərindən başqa oyun quranların uğursuzluğa məruz qalması, bu pis tendensiyanın irəliləməməsi üçün isə cəmiyyət ayıq olmalı, belə hallar ən mənfi münasibət ortaya qoyulmalıdır.

Bakı Mühəndislik Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev

# 2427
avatar

Elman Babayev

Oxşar yazılar