Saxta “QAZİLƏR”:  Onlarla necə mübarizə aparılmalıdır?
25 may 2022 13:34 (UTC +04:00)

Saxta “QAZİLƏR”: Onlarla necə mübarizə aparılmalıdır?

Uzun illər işğal altında qalan torpaqlarımız 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbəmizlə düşməndən azad olundu. Ordumuz bu müharibədə üç minə yaxın şəhid verdi, minlərlə hərbçimiz qazi adı aldı.

Şəhid ailələri, qazilərə qayğı hər zaman dövlətin prioritet istiqamətlərindən olub. Son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı yüksək səviyyədədir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman və sərəncamlar, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir. Bu gün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır. Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da ölkə ictimaiyyəti tərəfindən yüksək minnətdarlıqla qarşılanır.

Təəssüf ki, bu gün bütün bu imtiyazların fonunda şəhid ailəsi, qazi adından sui-istifadə hallarına da rast gəlinir. Onların bu müqəddəs dəyərlərə xas olmayan əməllər törətdiyini görəndə insan təəssüflənir. Hətta bəzi şəxslərin özlərini qazi kimi təqdim edərək imtiyazlar əldə etmək məqsədilə dövlət orqanlarını şantaj etməkdən belə çəkinmirlər.

Belə faktlar çoxdur...

Bir müddət əvvəl Bakıda özünü qazi kimi təqdim edərək dilənçiliklə məşğul olan şəxs saxlanıldı. Ağdaş rayon sakini, 1996-cı il təvəllüdlü Ümid Məmmədov daha asan və daha çox “qazanc” əldə etmək məqsədilə ənənəvi üsullardan kənar yollarla dilənçilik fəaliyyəti ilə məşğul olurmuş. Heç şübhəsiz hər zaman olduğu kimi, bu dəfə də hüquq-mühafizə orqanları bu faktı aşkar edərək həmin şəxs barəsində hüquqi tədbir gördü. 

Bundan başqa, bəzi hallarda özlərini Vətən müharibəsi iştirakçısı, şəhid ailəsinin nümayəndəsi və ya qazi kimi təqdim edənlərin polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamalarına dair faktlara da rast gəlirik.

Bəs, bu şəxslərlə necə mübarizə aparılmalıdır?

Hərbi ekspert Ədalət Verdiyev mediaya açıqlamasında bildirir ki, qanun həqiqi hərbi xidmətdən tərxis olunan hərbi qulluqçuların hansı hallarda hərbi geyim formaları daşıya biləcəyini konkret olaraq müəyyənləşdirib. Ekspert qeyd edir ki, hərbi xidmətdən tərxis olunan heyət bu geyim formasını daşıya bilməz və qanun bunun üçün kifayət qədər yüksək məbləğdə cərimələr nəzərdə tutur:

“Biz hələ də bəzi insanların heç orduda xidmət etmədikləri halda fərqli qoşunlara aid geyim formalarını və ya rütbələrini taxaraq çirkli məqsədlər üçün istifadə etdiyini müşahidə edirik. Cəmiyyət olaraq düşünməliyik ki, forma daşıyan insanın gedib hansısa çirkli məqsədlərlə təkliflər etməsi və s. başqa bir maddi ehtiyatlar tələb etməsi məntiqə uyğun bir şey deyil. Ona görə də bizim cəmiyyət belə hallarla rastlaşdıqda hüquq-mühafizə orqanlarına məlumat verməlidirlər. Əgər hərbi forma geyinən şəxslər qazi adından sui-istifadə edərək, insanları aldatmaqla məşğuldurlarsa, bu fəaliyyətlərinin tərkibində artıq cinayət məsuliyyəti mövcuddur və geyimə görə tətbiq edilən cərimədən başqa bu insanlara qarşı cinayət işi də açılmalıdır. Hesab edirəm ki, bu işlərlə məşğul olanlar kütləvi informasiya vasitələrində işıqlandırılmalıdır ki, digər vətəndaşlarımız da bu yola qədəm qoymaqdan çəkinsinlər”.

Milli Məclisin deputatı Elman Nəsirov isə hesab edir ki, bu əməli törədən şəxslər şəhidlərimizin ruhuna və qazilərimizə hörmətsizlik nümayiş etdirir:

“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazandığımız tarixi qələbənin əldə edilməsində şəhidlərimiz öz canını fəda edib, qazilərimiz öz sağlamlıqlarını bu müqəddəs missiya uğrunda mübarizədə qoyublar. Ona görə də biz ömür boyu şəhidlərimizə minnətdarıq, onların müqəddəs ruhları qarşısında baş əyirik, hər zaman da qazilərimizin yanında olmalıyıq, onlara dəstək olmalıyıq. Təəssüflə qeyd edirəm ki, bu gün qazi adına ləkə gətirən saxta qazilər də var. Hansı ki, onlar heç yerdə döyüşməyiblər, sadəcə hərbi geyimlər geyinirlər, amma araşdırıldıqda məlum olur ki, onların Vətən müharibəsində heç bir iştirakı olmayıb. Belə adamlar qazilərimizə hörmətsizlik edirlər, onların xidmətini ucuzlaşdırırlar. Belə insanlar tez bir zamanda aşkar edilməli və onlara uyğun müstəvidə cəza verilməlidir. Bizim hörmətli qazilərimiz də belə məsələlərdə ayıq-sayıq olmalıdırlar. Çünki Vətən müharibəsi yolunu keçmiş döyüşçülərimiz, Vətən müharibəsi veteranlarımız, qazilərimiz bir-birini gözəl tanıyır. Kimlərsə bu addan istifadə etmək istəyir, gah hərbçi geyimi geyinməklə, gah özlərini qazi kimi təqdim etməklə. Hesab edirəm ki, onlar hüququn ən sərt dili ilə cəzalanmalıdırlar. Belə məsələlərdə təbii ki, hüquq-mühafizə orqanlarının da üzərinə məsuliyyət düşür, eyni zamanda ictimai nəzarətində rolunu xüsusi qeyd etmək lazımdır”.

Bu gün cəmiyyətdə şəhid ailəsinin maklerlər tərəfindən istifadə edilməsi hallarına da rast gəlirik. Belə ki, bir müddət əvvəl sosial şəbəkələrdə Sabunçu rayonunda şəhid anasına məxsus olduğu deyilən evin sökülməsi ilə bağlı video yayıldı. Həmin görüntülər araşdırılarkən məlum oldu ki, şəhidin anası Mehriban Abdurahmanlı hansısa dələduzun toruna düşüb. Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev belə dedi...

İcra başçısı dərhal mətbuata açıqlama verərək məsələyə aydınlıq gətirdi: "Mənə verilən məlumata görə, həmin tikili Amil Əliyev adlı bir şəxsindir. Kim istəsə gəlib baxa bilər, köhnə yarımçıq tikili olub. Bizim tərəfimizdən inşası dayandırılıb. Özü də şəhid ailəsi adından istifadə edərək, orada ev yox, qeyri-yaşayış sahəsi, obyekt tikmək istəyirlər. Məlumata görə, tikintiyə icazə almaqdan ötrü şəhid anasına 1000 manat pul verib. Ümumiyyətlə, o xanım indiyə kimi bir neçə nəfərə himayədarlıq edib, qanunsuz tikintilərə icazə almaq istəyib”.

A.Vəliyev həmçinin bildirib ki, videosu yayılan həmin şəhid anasına ölkə başçısı tərəfindən ev də verilib: "Cənab Prezident onlara hər cür qayğı göstərir. Bizə də tapşırıb ki, onlara yüksək səviyyədə diqqət göstərək, hər hansı bir çətinlik çəkmələrinə imkan verməyək. Şəhid anasına Ramanı qəsəbəsində ev verilib. Ona yardımlar edilib”.  

Qazi və şəhid ailələri haqqında danışarkən, əlbəttə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında” Fərmanı ilə “YAŞAT” Fondunun təsis edilməsinə də diqqət yetirmək lazımdır. İndiyədək Fond tərəfindən minlərlə şəhid ailəsi üzvü və yaralının məişət şəraitinin yaxşılaşdırılmasına, onlarının ailə üzvlərinin təhsil haqlarının, kreditlərinin ödənilməsinə vəsait ayrılıb.  

Bütün bunlarla yanaşı, qeyd edilməli məqamlardan biri Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli Sərəncamıdır. Sərəncama uyğun olaraq 2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. O cümlədən bu il ərzində 3 minədək mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara təqdim ediləcək. Həssas təbəqəyə göstərilən diqqət bununla da yekunlaşmır. Onların sosial vəziyyəti daim nəzarətdə saxlanılır. Nəzərdə tutulmuş müavinətlərin məbləği müntəzəm olaraq artırılır.

Yuxarıda qeyd edilənlər bir daha onu deməyə əsas verir ki, Azərbaycan dövləti üçün İkinci Qarabağ müharibəsinə qədər olduğu kimi, indi də əsas prioritet vətəndaşlara, ələlxüsus şəhid ailələrinə və qazilərə dövlət qayğısının göstərilməsidir.

# 3948
avatar

Oxşar yazılar