Aprelin 9-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.
Havanın temperaturu gecə 10-14° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq.
Azərbaycanın bəzi şimal və qərb rayonlarından başlayaraq fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 17-22° isti, dağlarda gecə 2-7° isti, gündüz 7-12° isti olacaq.