Bakı şəhəri 56 saylı məktəbdə peyvəndlənmə prossesi
04 mart 2021 12:12 (UTC +04:00)

Bakı şəhəri 56 saylı məktəbdə peyvəndlənmə prossesi

“Qorxu hissi keçirənlər olur...”- Müəllimlərin peyvəndlənmə günündən REPORTAJ

“35 ildən artıqdır ki, müəllim kimi fəalliyyət göstərirəm. Amma bu illər ərzində mən hələ bir dəfə də olsun büllütenə çıxmamışam. Bu ənənəni davam etdirmək üçün peyvənd olmağa gəldim”.

27 saylı tam orta məktəbin müəllimi Şəhla İsmayılova deyir bu sözləri. 65 yaşlı Şəhla müəllimə onu da deyir ki, həmişə çalışmışam ki, xəstəliklərdən uzaq olum.

Hazırda Bakı şəhəri 56 saylı tam orta məktəbdəyik. Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərində yaradılan 10 peyvənd məntəqəsindən biri də elə buradadır. Təhsil işçiləri bir-bir qeydiyyat bölməsinə yaxınlaşır, növbə götürür və gözləmə stullarında əyləşir. Üzlərində həyəcan, bir qədər də tərddüd var. Şəhla müəllim də gözləyənlər sırasdındadır:

“Daim uşaqlarla birlikdə olmuşam. Uşaqlarla işləmək məni cavan saxlayıb. Sağlam şəkildə işimə davam etmək və yenə də uşaqlara dərs keçmək üçün bu peyvəndi vurdurmaq vacibdir deyə düşünürəm. Təbii ki, həyəcanlıyam. Adam həkimə gedəndə həyəcanlı olar da. Amma qorxmuram. Əgər həkimlərimiz özləri bu peyvənddən keçiblərsə, deməli qorxusu yoxdur”.

27 saylı məktəbin tərbiyə işləri üzrə direktor müavini Arzu İbrahimova deyir ki, tərəddüd etməli heç nə yoxdur:

“Əgər bu peyvəndi vurdurmaq məsləhət görülübsə, deməli biz də riayət etməliyik. Qaçmağın mənası yoxdur. Qorxmaq da lazım deyil. Həyəcana gəldik də isə, biz hamımız anayıq. Oğullarımız müharibədə vuruşdu. Bütün həyəcan hissini də onda keçirdik. Bu həyəcan onun yanında heç nədir”.

Məntəqənin ta o başında isə artıq peyvənd olunanlar əyləşib. Üzlərindəki rahatlıq və məmnunluğu asanlıqla müşahidə etmək olur. Yaxınlaşıb əhvallarını soruşuram. 25 saylı məktəbin müəllimi Nailə Dadaşova özünü yaxşı hiss etdiyini deyir:

“Həkimlər məsləhət bildiyi üçün biz də bu peyvəndləmədən keçdik. Hər halda onların nəyin doğru, nəyin yalnış olduğunu yaxşı bilirlər. Mənim 61 yaşım var. Yaşamaq və işimə davam etmək üçün peyvəndin nə qədər vacib olduğunu bilirdim. Bircə qalmışdı riayət etmək. Onu da etdim”.

Həkim-reanimatoloq Arzu Zeynalova vəziyyətin yaxşı olduğunu bildirdi:

“Artıq iki gündür ki, başlamışıq. Dünən iki məktəbimiz peyvəndləmədən keçdi. 59 nəfər peyvənd olundu. Bu gün də 3 məktəbin təhsil işçilərində peyvəndləmə aparacağıq. Təbii ki, qorxu hissi keçirənlər olur. Biz onları sakitləşdiririk. Peyvənd etdirənlər arasnda heç bir əks təsir ilə qarşılaşan olmayıb. Bu çox yaxşı göstəricidir. Hər kəs öz səhhətini qorumaq üçün bu peyvənləmədən keçməlidir”.

Şəlalə xanım ilə söhbətimiz onun peyvənd olduğu zaman baş tutur. Tibb bacısı peyvəndi hazırlayır və həmsöhbətimin qoluna vurur...

“53 yaşım var. Sağlamlığımdan əmin olduğuma görə daha da ürəklə gəldim. Bu yaşa qədər nə təzyiqim olub, nə də başqa bir xəstəliyim. Heç bir qorxu, tərəddüd olmadı. Son zamanlar, ümumiyyətlə, qrip belə olmuram. Peyvənddən sonra necə olacağını deyə bilmərəm. Amma indi hər şey yaxşıdır”.

Qeyd edək ki, martın 3-dən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ümumi təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün vaksinasiya prosesinə başlanılıb. İlkin olaraq yaşı 50 və daha yuxarı olan pedaqoji və texniki heyətin vaksinasiyasına start verilib.
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5331
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar