Ordu xəbərləri ilə bağlı TOPLANTI  - Media nümayəndələri bir arada
28 iyul 2022 13:16 (UTC +04:00)

Ordu xəbərləri ilə bağlı TOPLANTI - Media nümayəndələri bir arada

Bu gün Mətbuat Şurasında mediada və sosial şəbəkələrdə Orduya dair bilgilərin yayılması və ictimai rəyin yanlış yönləndirilməsi təmayülləri ilə bağlı toplantı keçirilib.

Lent.az-ın xəbərinə görə, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, son zamanlar bir sıra şəxslər sosial şəbəkələrdəki səhifələrində Azərbaycan Ordusunun işgüzar nüfuzuna xələl gətirmək, vətəndaşlar arasında süni ajiotaj yaratmaq, eləcə də dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salmaq məqsədilə həqiqətə uyğun olmayan informasiyalar tirajlayıb.

Əflatun Amaşov nəzərə çatdırıb ki, ictimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının pozulmasına yönələn halların qarşısının alınması üçün bu cür hərəkətlərə yol verən şəxslər Baş prokurorluğa dəvət olunub, onların barələrində prokuror təsir tədbirləri görülüb. Sosial media istifadəçiləri “jamaz.info” saytının rəhbəri İbişbəyli Fikrət Fərəməz oğlu, “miq.az” saytının rəhbəri Alışov Aqil Balabəy oğlu, Şirvan şəhər sakini İsmayıl Elçin Xankərəm oğlu, Lənkəran rayon sakini Cabbarlı Əli Allahverdi oğlu və Xaçmaz rayon sakini Fətəliyeva Nuranə Etibar qızına “Prokurorluq haqqında” Qanunun 22-ci maddəsinə əsasən gələcəkdə bu kimi neqativ hallara yol verməmələri ilə bağlı xəbərdarlıq edilib.

“Facebook” sosial şəbəkəsində özünə məxsus olan səhifədə qanunla yayılması qadağan edilən informasiyanı yerləşdirdiyinə görə Şahmuradov Tofiq Təhmuraz oğlunun barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün Bakı şəhəri, Nizami rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Tofiq Şahmuradov barəsində 1 ay müddətinə inzibati həbs tənbehi seçilib.

Mətbuat Şurasının sədri qeyd edib ki, qanunvericiliyə əsasən, xəbərdarlıq edilən və nəticə çıxarmayan elektron informasiya resursları müvəqqəti bloklana, informasiya resursunun fəaliyyətinin dayandırılması üçün məhkəməyə müraciət edilə bilər: “Sosial şəbəkədə də müəyyən qayda-qanun yaradılması üçün biz öz təkliflərimizi verə bilərik. Müzakirələrin yekununda bu barədə bəyanat qəbul edə bilərik”.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirib ki, kənardan Azərbaycan cəmiyyətinə ünvanlanmış dezinformasiyaların qarşısı alınmalıdır: “Bu mübarizədə də bizim media aktiv iştirak etməlidir. Mən inzibati metodların, həbslərin əleyhinəyəm, amma Ordumuza qarşı neqativ fəaliyyətin qarşısını almağa çalışmalıyıq. Sosial şəbəkələrdə təxribatların qarşısına biz çıxmalıyıq. “Yotube” platformasında fəal olmalıyıq. Biz İnternet mühitinə transformasiyanı gücləndirməli, yanlış nədir, biz söyləməliyik”.

“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə müvafiq dövlət qurumlarının bu kimi halllara qarşı atdığı addımların anlayışla qarşılanmasını vacib sayıb: “Yaradılmış imkanlardan sui-istifadəyə yol vermək olmaz. Vətən müharibəsindən sonra da informasiya savaşı davam edir. Xüsusən qazilər, şəhidlər, Ordumuzla bağlı şişirtmələrə yol vermək olmaz. Elə informasiyalar var ki, daxildə müzakirə olunmalıdır. İrad və xəbərdarlıqlardan nəticə çıxarmayan media mənsublarına münasibətdə müvafiq orqanların atdığı addımları da anlayışla qarşılamalıyıq”.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktor Elçin Mirzəbəyli hesab edir ki, söz və ifadə azadlığının da müəyyən sərhədləri var: “Media haqqında” qanun qəbul edilib, digər qanunvericilik aktları ilə də medianın fəaliyyəti tənzimlənir. Sosial şəbəkələr barədə isə bunu demək olmaz. Biz peşə etikasından çıxış edirik, qarşımızda isə heç bir sərhəd, peşə etikası tanımayan kəsim dayanır. Əgər qarşında dövlətin, xalqın maraqlarına düşmən kəsilən kontingent dayanıbsa, onu necə maarifləndirə bilərsən?! Nə vaxtdan şəxsiyyətin alçaldılması söz və ifadə azadlığı sayılır? Biz atılan daşı hər birimizin bostanımıza atılan daş kimi dəyərləndirməliyik”.

Mətbuat Şurası sədrinin müavini, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə elektron media qurumlarında da dövlətin, Ordunun maraqlarına zərbə vuran materiallar yer aldığını söyləyib: “Əgər belələri bilərəkdən düşmən dəyirmanına su tökürsə, onlarla hüquqi dildə danışılmalıdır. Dövlətə, Orduya böhtan atan bizə böhtan atmış olur. İnsanların ləyaqətini alçaltmaq, dövlətə, qalib Ordumuza ləkə atmaq yolverilməzdir. Ona görə də bu məsələdə prinspial mövqe nümayiş etdirmək lazımdır”.
Qarabağ qazisi, “Qaziler.az” saytının baş redaktoru Rey Kərimoğlu rəsmi qurumların informasiya siyasətinin daha operativ olmasını, bu sahədəki çatışmazlıqların da aradan qaldırılmasının vacib olduğunu vurğulayıb: “Medianın obyektiv olaraq bu sahələrdəki nöqsanlardan yazması da bu baxımdan anlayışla qarşılanmalıdır. Məsələn, Müdafiə Nazirliyinin Maliyyə idarəsinin rəisi həbs olunubsa, deməli, bu sahədə də müəyyən problemlər var”.

Mətbuat Şurasının sədri deyib ki, Müdafiə Nazirliyinin fəaliyyətində nöqsan varsa, təbii ki, bu da yazılmalıdır: “Söhbət burada ondan getmir ki, biz Tofiq Şahmuradovun, hansısa blogerin, media mənsubunun həbsini alqışlayırıq. Mən tədbirdən əvvəl Baş prokurorla da danışdım ki, hansısa formada Tofiq Şahmuradovun həbsdən azad edilməsinə nail ola bilərik”.

Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli medianın fəaliyyəti ilə bağlı bir sıra hallarda yersiz tənqidlərin səsləndirildiyin söyləyib: “Məsələn, deyilir ki, Vətən müharibəsi dövründə mediamız dünyaya çıxa bilmədi. Məsələn, Vətən müharibəsi dövründə təkcə APA-ya 102 dəfə istinad edildi. Kiməsə istinad edilməyibsə, bu, onun fəaliyyətsizliyi ilə bağlıdır”.

Müşfiq Ələsgərli nəzərə çatdırıb ki, dünən Baş Prokurorluğun yaydığı məlumatda adı çəkilən şəxs son vaxtlar 6 dəfə xəbərdarlıq alıb: “Müzakirələrdə səslənən bütün iradlar nəzərə alınmalıdır. Kimsə xəbərdarlıqdan nətixə çıxarmırsa, prokurorluğun bu barədə qərar verməsinə də normal yanaşmaq lazımdır”.

Hərbi sirlərin yayılmasını yolverilməz sayan Hərbi ekspert Ramil Məmmədli Mətbuat Şurasının əsas missiyasının da jurnalistləri müdafiə olduğunu qeyd edib.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Azərbaycan jurnalistləri hər zaman milli məsələlərdə dövlətin, Ordunun yanında olduğunu vurğulayıb: “Əgər dəfələrlə xəbərdarlığa baxmırsa, deməli, eləsinin məqsədi jurnalistika deyil, eləsini cəzalandırmaq lazımdır”.

Toplantı müzakirələrlə davam edib.

# 2313
avatar

Oxşar yazılar

Naxçıvanın həbsdəki keçmiş nazirinin  vəziyyəti AĞIRLAŞDI

Naxçıvanın həbsdəki keçmiş nazirinin vəziyyəti AĞIRLAŞDI

28 noyabr 2022 , 23:10
Naxçıvanın tutulan maliyyə nazirini neçə il həbs cəzası gözləyir? - CAVAB

Naxçıvanın tutulan maliyyə nazirini neçə il həbs cəzası gözləyir? - CAVAB

28 noyabr 2022 , 18:19
 13 hərbçinin meyiti   Ermənistana verildi

13 hərbçinin meyiti Ermənistana verildi

28 noyabr 2022 , 17:39
Bakıda 5 marşrut xətti ilə bağlı  MÜSABİQƏ

Bakıda 5 marşrut xətti ilə bağlı MÜSABİQƏ

28 noyabr 2022 , 17:23
İnsan yetişdirən adam – O öyrətmirdi, öz yaşam tərzi ilə həyatı göstərirdi

İnsan yetişdirən adam – O öyrətmirdi, öz yaşam tərzi ilə həyatı göstərirdi

28 noyabr 2022 , 16:21
AzərTAc-a yeni sədr təyin edildi

AzərTAc-a yeni sədr təyin edildi

28 noyabr 2022 , 13:26
Sabah  qar yağacaq   - HAVA PROQNOZU

Sabah qar yağacaq - HAVA PROQNOZU

28 noyabr 2022 , 12:30
ATU növbəti beynəlxalq konqresə ev sahibliyi edəcək®

ATU növbəti beynəlxalq konqresə ev sahibliyi edəcək®

28 noyabr 2022 , 10:47