“O böyük azərbaycanlı, xalqın təbibi idi” - İlham Məmmədov
09 dekabr 2023 14:00 (UTC +04:00)

“O böyük azərbaycanlı, xalqın təbibi idi” - İlham Məmmədov

Lent.az-ın müsahibi Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə komitələrin üzvü İlham Məmmədovdur.

- İlham müəllim, uzun müddət tibb sahəsində çalışmış bir insan və hazırda Milli Məclisin Səhiyyə komitəsinin üzvü olaraq ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə Azərbaycanda səhiyyənin inkişafı üçün gördüyü işlər barədə danışmağınızı istərdik.

- Öncə onu deyim ki, bu barədə qısa danışmaq mümkün deyil, təfsilatlı danışmaq üçünsə, uzun zaman lazımdır. Çünki ümummilli liderimizin Azərbaycanda səhiyyənin səviyyəsinin yüksəldilməsi üçün gördüyü işlər ölçüyəgəlməzdir, sadə insanın gücünün yetməyəcəyi qədər böyükdür, möhtəşəmdir. Mən Heydər Əliyevə “Xalqın təbibi” deyərdim. Onun xalqımızın hər bir nümayəndəsinin gələcəyini düşünərək gördüyü işlər öz dəyəri, böyüklüyü ilə əvəzsizdir. Respublikaya birinci dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə, həm SSRİ-nin ali hakimiyyət orqanlarında təmsil olunduğu dövrdə, həm də müstəqil Azərbaycanın Prezidenti kimi fəaliyyətində Heydər Əliyev bütün sahələrin inkişafı üçün əlindən gələni edib. Xalqın sağlamlığı onun üçün xüsusi önəm daşıyıb. Tale elə gətirmişdi ki, ulu öndərin xanımı da həkim idi və o, səhiyyəmizin mövcud problemlərini görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva ilə müzakirə edə, daha yaxından tanış ola bilirdi.

Heydər Əliyevin göstərişi ilə 1970-1980-ci illərdə respublikada bir çox mühüm səhiyyə obyektləri inşa edilib. 1970-1975-ci illərdə ölkədə 185 uşaq klinikası fəaliyyət göstərirdi. Uroloji Kliniki Xəstəxana, neyrocərrahiyyə, toksikologiya, yanıq mərkəzləri kimi yeni tibb ocaqları yaradıldı, Elmi-Tədqiqat Oftalmologiya və Elmi-Tədqiqat Onkologiya institutları üçün yeni binalar tikildi.

Onun hakimiyyəti illərində Azərbaycan həkimlərinin iş keyfiyyətinin yüksəldilməsi üçün Azərbaycan Tibb Universitetinin beynəlxalq əlaqələri genişləndi. Nəticə olaraq 1996-cı ildə regionda ilk dəfə məhz bu universitet dünya təhsil birliyinin beynəlxalq reyestrinə daxil edildi. Səhiyyə müəssisələrində çalışacaq yüksək ixtisaslı tibb personalının və təbabət sahəsində elmi tədqiqatlar aparacaq gənc alimlərin hazırlığını yüksək vəzifə kimi qarşıya qoydu. Heydər Əliyevin təşəbbüsü ilə qabaqcıl elm mərkəzlərində tədqiqatlar aparan, elmi işlər yazan mütəxəssislər tibb elmimizə töhfə verdilər. Heydər Əliyevin təşəbbüsü ilə hələ 70-ci illərdə Azərbaycan beynəlxalq səviyyəli tibb konfranslarına ev sahibliyi eləməyə başlamışdı və bu ənənə bu gün də uğurla davam edir.

- Onun rəhbərlik etdiyi illərdə SSRİ məkanında hansısa tibbi təcrübəmizdən istifadə olunurdu?

- Bəli. Azərbaycan təcrübəsinə əsaslanaraq SSRİ əhalisinin kütləvi dispanserizasiyası və səhiyyə sistemində iqtisadi islahatlar keçirilmişdi. Onun ideyası əsasında Xəzər dənizi sahillərində və Naftalan rayonunda İttifaq əhəmiyyətli kurort zonasının yaradılması səhiyyə turizminin əsasını qoymuşdu.

- Və təbii ki, bu sahədə görülən böyük işlər müstəqillik illərimizdə daha da geniş vüsət aldı.

- Tamamilə doğrudur. Çox çətin bir dövrdə hakimiyyətə gəlmiş böyük azərbaycanlının qarşısında çətin bir vəzifə qoyulmuşdu. Ölkəni uçurumdan çəkib çıxarmaq. Mən bir kiçik qeyd etmək istəyirəm. Bu yaxınlarda Əfqanıstan və İraqa səfərlərimiz olmuşdu. Mən bu səfərlərdən böyük ürək ağrısı ilə gəldim. Min illik tarixi olan o dövlətlər necə bir xarabazara çevrilib, necə məhv edilib. Heydər Əliyev ən çətin bir dövrdə ölkəmizi məhv olmaqdan xilas etdi, yenidən qurdu, yenidən yaratdı və bununla da qalmayıb inkişafı üçün gecə-gündüz çalışdı.

1998-ci ildə “Səhiyyə sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması barədə” sərəncamı ilə səhiyyənin bütün sahələrini əhatə edən islahatlar başladı. 

Ümummilli liderin səhiyyə siyasətinin gördüyü ən böyük işlərdən biri də keçid dövründə yeni səhiyyə sistemini qurması idi.

Müstəqilliyin ilk illərində səhiyyə sisteminə lazımi səviyyədə maliyyə vəsaiti ayırmaq böyük problem idi. Heydər Əliyev həm səhiyyəyə əlavə vəsait cəlb etmək, həm də səhiyyəni bir fəaliyyət növü kimi liberallaşdırmaq üçün özəl səhiyyə sisteminin tətbiqinə şərait yaratdı. Bu istiqamətdə hüquqi-normativ baza olan “Özəl tibb fəaliyyəti haqqında” qanun qəbul edildi.

Görülən işlərin nəticəsi bu gün göz qabağındadır. Dünya standartları səviyyəsində maddi texniki avadanlıq, tibbi personal və xəstəxanalarımız var. Fikrimi Prezident İlham Əliyevdən sitat gətirərək qüvvətləndirmək istəyirəm. O ölkə səhiyyəsinin inkişafının qiymət verərkən “Azərbaycanda səhiyyə sistemində aparılan islahatlar, görülən işlər dünya səviyyəsində gedir. Hətta deyə bilərəm ki, biz artıq Azərbaycan standartlarından da danışa bilərik” demişdi.

Bu gün Azərbaycanın hər bir bölgəsində əhali müasir xəstəxanalarda keyfiyyətli tibbi yardım ala bilir. Müxtəlif xəstəliklər üzrə insanlar pulsuz dərmanlarla təmin olunur, maddi imkanı aşağı olan xəstələrin müalicə xərcləri dövlət hesabına ödənilir. Tibbi xidmətin hər kəs üçün əlçatanlığı təmin edilib, əhali tibbi sığortadan  istifadə edir və məmnundur.  Bu gün bizim hə¬kimlərimiz ən çətin əməliyyatları apa¬rırlar, orqanların transplan¬tasiyası əməliyyatları öz klinikalarımızda həyata keçirilir. Xaricdən müalicə və əməliyyat olunmaq üçün bizim özəl klinikalarımıza gələnlər var. Bilirsinizmi niyə? Eyni keyfiyyətlə daha ucuz qiymətə sağlamlıqlarına qovuşa bilirlər.

2004-cü ildən bəri respublikamızda 750-dən çox tibb müəssisəsi tikilib. Bu müəssisələrin açılışında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mütləq iştirakı  səhiyyə sahəsinə göstərilən qayğının daha da artırılmasının göstəricisidir. 

- Azərbaycanda tətbiq edilən icbari tibbi sığortanı dünya ölkələri ilə müqayisə eləsək, nə nəticəyə gəlmək olar?

- Səhiyyə sahəsində əsas uğurlarımızdan biri  ölkəmizdə icbari tibbi sığortanın tam tətbiqidir. Bu dövlətin sosial siyasətinin mərkəzində ilk növbədə insan amilinin dayanması deməkdir. 
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu müstəsna xidmətlər göstərir.  “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Tibb müəssisələrinin yenidən qurulması və inşası” kimi layihələr minlərlə insanın həyatına işıq saçıb. Ana və uşaq sağlamlığı xüsusilə diqqətdə saxlanılır.

Artıq ölkəmizdə də körpədən alınan bir damcı qanla əcdadlarından qaynaqlanan xəstəliyinin olub-olmadığını müəyyənləşdirirlər. “Erkən diaqnoz həyat qurtatır” devizi ilə biz bu günümüzlə yanaşı gələcəyimizin sağlamlığının keşiyində dayanırıq. Düz 5 irsi xəstəliyi öncədən müəyyən edib, qarşısını ala bilirik. Gələcəkdə bu say daha da artırılacaq.  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi anadangəlmə və irsi xəstəliklərin erkən aşkarlanması məqsədilə aparılan, “topuq testi” adlandırılan neonatal müayinələri hər kəs üçün əlçatan edib. 

Hədəfdə millətin sağlam gələcəyi dayanır. Bu həm də vəsaitin doğru yerə xərclənməsi deməkdir.

Sığorta sistemimiz yenidir, bununla belə dünya standartları ilə ayaqlaşır. Söz yox ki, gələcəkdə daha da təkmilləşəcək, əhatə dairəsi genişlənəcək. Sağlam bədəndə sağlam ruh olar, sağlam millət güclü millət deməkdir. Gələcəyimiz üçün əminəm, çünki bu gün dövlət gələcək üçün yatırımlar edir, görülən bütün işlər təkcə bu günümüzə deyil, sabahımız üçün də hesablanıb. 

Heydər Əliyev böyük şəxsiyyət olaraq cəmiyyətin sivil inkişafını hədəfləyirdi və bu xətt  Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yenə başlıca prinsip xalqdır, millətə sədaqətlə xidmətdir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasının “Bir ömür xidmətinizdə...” mövzusundakı birgə müsabiqəsinə təqdim edilir”.

# 1557
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar