Nikahdan kənar doğulan  uşaqların hüquqları   qanunla necə tənzimlənir? - CAVAB
30 may 2024 16:52 (UTC +04:00)

Nikahdan kənar doğulan uşaqların hüquqları qanunla necə tənzimlənir? - CAVAB

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu nikahdan kənar uşaqlarla bağlıdır.

Qanunlara görə, rəsmi nikahda olan cütlüklər boşandığı halda ana öz övladı üçün aliment tələb edə bilir.

Bəs nikahdan kənar doğulan uşaqların hüquqları qanunla necə tənzimlənir?

Lent.az xəbər verir ki, Ailə Məcəlləsinin 44-cü maddəsinə uyğun olaraq, uşaq dünyaya gəldikdən sonra onun mənşəyi müəyyən edilir.

Uşağın bioloji atasının adı doğum haqqında şəhadətnaməyə yazıldığı andan uşaq müəyyən hüquqlara malik olur: “Uşağın anadan mənşəyi ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuşa kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur.

Ailə Məcəlləsinin 44.2. maddəsinə görə, uşaq aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də uşaq nikahın pozulması və ya etibarsız sayılması vaxtından, yaxud uşağın atasının ölümündən sonrakı 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq edilir”.

Ailə Məcəlləsinin 44-cü maddəsinə görə, ana ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yerini müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atalıq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə həmin şəxsin ərizəsi əsasında, bu razılıq olmadıqda isə məhkəmənin qərarı ilə müəyyən edilir.

Atalığın müəyyən olunması haqqında birgə ərizə verməyin uşağın doğulmasından sonra qeyri-mümkünlüyü və ya çətinliyi güman olunduğu hallarda gələcək uşağın öz aralarında nikahda olmayan valideynləri bu ərizəni müvafiq icra hakimiyyəti orqanına ananın hamiləliyi dövründə vermək hüququna malikdirlər.

Uşağın valideynləri haqqında qeyd uşaq doğulduqdan sonra aparılır. Yetkinlik yaşına çatmış şəxs barədə atalığın müəyyən olunmasına yalnız onun razılığı ilə, həmin şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə isə onun qəyyumu və ya müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yol verilir.

Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər.

Nikahda olmadan dünyaya gələn uşağın hüquq və vəzifələri məcəllənin 44-45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, həmin uşaq rəsmi nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyır: “Amma doğulan uşağı ata qəbul etmirsə, o, ananın və ya qəyyumunun adında qalırsa, ata uşağına xoşluqla sahib çıxmaq istəmirsə, bunun məhkəmə yolu ilə həll edilmə üsulları var. Yəni qadın istəsə, övladının atasına atalıq haqqında iddia qaldıra bilər. Uşaq nikahdan kənar doğulsa da, onun digər uşaqlar kimi hüquqları var”.

Sonda qeyd edək ki, ananın aliment tələb etməsi üçün bioloji atanın adının doğum haqqında şəhadətnaməyə yazılması kifayət edir.Amma bu uşağın mənəvi və psixoloji vəziyyətin necə olacağına heç kim zəmanət verə bilməz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6867
avatar

Fidan İlqar

Oxşar yazılar