Müharibədə hər travma alan şəxsə əlillik verilə bilməz - RƏSMİ AÇIQLAMA
09 iyun 2021 14:32 (UTC +04:00)

Müharibədə hər travma alan şəxsə əlillik verilə bilməz - RƏSMİ AÇIQLAMA

Əyani müayinə zamanı müharibə ilə əlaqədar əlilliyinin saxta olduğu aşkar edilən Bərdə rayon sakini Mustafayev Şamaillə bağlı yayılan məlumatlar sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.

Mövzu ilə əlaqədar olaraq Lent.az-a açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat katibi Gülnar Əzizova bildirib ki, insan müharibədə iştirak edib, travma alsa da, aldığı travmanın əlilliyə əsas verməməsi mümkündür:

“Nazirlik tərəfindən son 2-3 il ərzində saxta əlilliklə bağlı ciddi mübarizə tədbirləri həyata keçirilir. Əvvəlki dövrlərdə hərbi səbəblərlə əlaqədar əlillik təyinatı alan şəxslər bununla əlaqədar əyani müayinələrə dəvət olunurlar. Müayinə zamanı onların yerindəcə real vəziyyətləri dəyərləndirilir. Sənədlərdə ziddiyyətli məsələlər ortaya çıxırsa isə əlillik ləğv olunur.

Əyani müayinələrin birində Ş.Mustafayevin 2016-cı ildə Bərdə Rayon Mərkəzi Xəstəxanasının onun barəsində rəsmiləşdirdiyi göndərişdəki diaqnoz (“kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri, postravmatik ensefalopatiya” və s.) təsdiqini tapmayıb. Ümumiyyətlə, onun sağlamlıq durumunda heç bir əlillik əlaməti olmadığı və beş il əvvəl "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar" ona aparılmış ikinci dərəcə əlillik təyinatının da saxta olduğu müəyyən edilib. Diaqnoz təsdiqini tapmadığı üçün orada olan həkim-ekspert, nevropatoloq sözügedən şəxsə vəziyyəti izah etməyə çalışıb. O isə həqiqəti qəbul etmədiyi üçün həkim-ekspertə xəsarət yetirib”.

Mətbuat katibi xatırladıb ki, yanlış təyin olunmuş əlilliklər aşkarlandığı təqdirdə əlillik ləğv olunur:

“Və qanunvericiliyi pozmuş şəxslər cəzalandırılaraq vəsaitin dövlət büdcəsinə həm müvafiq vəzifəli şəxslər, həm də vətəndaşlar tərəfindən geri ödənilməsi öhdəliyi tələb kimi qoyulur.
Bundan başqa bildirim ki, vətəndaşlar verilən qərarla razılaşmadıqları zaman müvafiq instansiyalara, məhkəmələrə şikayət edə bilərlər”.

"Qaziler.az" saytının rəhbəri, Qarabağ qazisi Rey Kərimoğlu isə Ş.Mustafayevlə bağlı danışarkən bildirib ki, "Qarabağ qaziləri" birliyi qadına əl qaldıran döyüşçü haqqında ilkin araşdırma aparıb:

“O şəxs birliyin üzvü deyil. Amma məlum olub ki, o həqiqətən qazidir. Mustafayev Şamail N saylı hərbi hissənin tərkibində Ağdərə istiqamətində döyüşüb, rabitə xidməti rəisi olub. Olduğu ərazi  düşmənin hücumuna məruz qalıb, yanında şəhid olanlar olub, Ağır yaralanıb, kontuziya alıb. Görünür səhhətində problemlər yaranıb, ona görə də bir neçə il əvvəl müraciət edib və əlillik dərəcəsi alıb. Düşünürəm ki, bununla bağlı bir daha araşdırılma aparılmalıdır”.

R.Kərimoğlu həmçinin təklif edib ki, komissiyada qadınlar yer almasın.

Əlavə edək ki, Daxili İşlər Nazirliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertinə qarşı xuliqanlıq faktı üzrə cinayət işi başlanıb və hazırda Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsilə başlayan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4197
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar