İşçi və işəgötürən münasibətləri hər nə qədər qanunla tənzimlənsə də, bəzi hallarda sahibkarlarlar onların hüquqlarını tapdalaya bilirlər. İşçiyə heç bir ödənc olunmadan iş saatından sonra tapşırıqlar verilir. “Başım ağrımasın” fikri ilə bir çoxları hüquqlarını bilmədən artıq işləməyə “məcbur buraxılırlar”
Vətəndaşlar iş saatından çox işlədilə bilərlər?Əlavə işlədikləri halda onların hansı hüquqları var?
İqtisadçı ekspert Günay Hüseynova Lent.az-a bildirib ki, 8 saatdan çox işləyən işçilər 1 saatlıq əmək haqqısına düşən məbləğin hər saatbaşı 2 qatını almalıdırlar:
“İşçi və işəgötürən münasibətləri əmək qanunvericiliyi ilə tənzimlənir. Qanuna nəzarəti isə Əmək Müfəttişliyi həyata keçirir. Əmək qanunvericiliyi işçinin kobud pozuntu etdiyi hallar istisna olmaqla, onun hüquqlarını qoruyur.
Əvvəlki illərdə bu sahədə vəziyyət heç də ürək açan olmasa da, son illər vətəndaşların maariflənməsi, hüquqlarının müdafiəsi bazara nəzarətin güclənməsinə təşviq etdi. Əslində indi də, vəziyyət bir o qədər yaxşı deyil. Ümumiyyətlə, nəzarət işçinin iş yeriylə bağlı şikayət məktubu göndərmədən öncə edilməlidir.
Məsələnin digər tərəfi işçi məsuliyyətsizliyidir. Şəxsin əmək hüquqları tapdalanır, işdən çıxarılana kimi səssiz qalır. O, yalnız işdən azad olunduqdan sonra bütün pozuntular barədə danışır.
Vətəndaşları da anlayırıq, işsiz qalmasınlar deyə, heç kim işini itirmək istəmir. Bundan əlavə sahibkarlar da “İşçidən çox işçi var”, -deyərək, insanları manipuliyasiya edirlər.
İş vaxtı qanunla 8 saatdır. Əgər işçi artıq işlədilirsə, bu, onun razılığı ilə olmalıdır. Razılıq verilərsə, işçi 1 saatlıq əmək haqqına düşən məbləğin hər saat hesabı 2 qatını almalıdır. Qanun pozuntusu ilə rastlaşan vətəndaş ilk öncə Əmək Müfəttişliyinə daha sonra isə mülki qaydada məhkəməyə müraciət edə bilər. Haqsız işdən çıxarılma halı olsa belə, o, təzminatını alıb iş yerinə bərpa oluna bilər”.
“Hər bir işçinin fərdi iş sözləşməsi olmalıdır”,-deyə G.Hüseynova vurğulayıb:
“Dövlət Sosial Müdafiə Fondu, Əmək Müfəttişliyi və Dövlət Vergi Xidmətinin nümayəndələri işçi və işəgötürən münasibətlərində birgə monitorinqlər aparmalıdır. Əgər işçinin maaşından sığorta, vergi tutula bilirsə, işçinin hüquq və öhdəliyinə nəzarət də bu qurumların qarşılıqlı fəaliyyəti ilə təmin olunmalıdır. İşçi dövlətin, qanunun onun qoruduğunu görməli, hiss etməlidir.
İş müqaviləsinin olması da qanunən vacibdir. İndi hansısa sahibkara deyilsə ki,vətəndaşı normadan artıq işlətmisən, əmək haqqısına əlavələr edilməlidir, Deyəcək ki, “Əslində onun maaşı 400 manatdır (minimum əmək haqqı) artıq iş saatına görə 600 ödəmişik.
Ona görə hər bir işçi üçün fərdi iş sözləşməsi olmalıdır”.