Səbinə ƏVƏZQIZI
04 dekabr 2024 13:29 (UTC +04:00)

Səbinə ƏVƏZQIZI

İntihar qərarı verən uşaq, ananın çarəsiz TƏLAŞI, nazirin 25 illik vədi - Səbinə Əvəzqızı yazır

O gün Lent.az-ın iş telefonuna zəng gəldi. Dəstəyi qaldıranda gənc bir xanım ağlaya-ağlaya öz aləmində nələrsə danışırdı. Heç nə anlamaq mümkün deyildi. Bir saniyə ara vermir ki, soruşum ki, ay xanım sizə nə olub, nə baş verir? 

Dayanmadan ağlayaraq, nələri isə izah etməyə çalışır. Arada yalnız onu eşidə bilirəm ki, xanımın uşağı özünü öldürmək istəyir. Düzü bir ana olaraq bunu duyandan sonra mənim də əlim-ayağım əsməyə başladı. Amma onu heç cür sakitləşdirə bilmirəm. Az qala yalvarıram ki, ağlamağını bir saniyə saxla, bir de görək dərdin nədir, sənə necə kömək edək?

Zorla sakitləşdirə bildiyim ana deyir ki, bəs onun aşağı siniflərə gedən bir oğlu var. Məktəbdə uşaqlar ona ailəsi ilə bağlı aşağılayacağı sözlər deyir, təzyiq edir, ələ salır və uşaq da özünü öldürmək istəyir. 

Demək, söhbət nədən gedir? Bu xanımın evində illər əvvəl dava düşübmüş. Nəsə mübahisə qızışanda ortaya bıçaq filan çıxıb, qan tökülüb, amma heç kim ölməyib. Hətta xəsarət də yüngül formada olub. O zaman indi dərsə gedən oğlan balaca uşaq olub. Uzun sözün qısası, qonşular polisə xəbər verib, onlar da gəlib evin kişisini qandallayıb aparıblar. Qadın ağlayaraq deyir ki, hər evdə söz-söhbət ola bilər də, axı ortada elə də ciddi bir şey yox idi. Bu da şərqli qadının düşüncəsi. Məsələnin bu tərəfi tamam başqa bir bəladır. Deyirəm ay xanım, gərək sizi öldürəydi, onda məsələnin ciddiliyini anlayardınız? Hər nə isə, əsas məsələdən yayınmayaq. O vaxt, bu qadının ərini polis tutub, sonra da verib prokurorluğa. Söyləyim ki, Daxili İşlər Nazirliyi də bu hadisə ilə bağlı bütün media qurumlarına xəbər yayıb, prokurorluq da ayrıca məlumat paylaşıb. Onlara sözüm yoxdur, insanlar öz işlərini görür. İndi qayıdaq yenə bu ailəyə. Kişi məhkəmədə peşman olduğunu deyib, arvadı da ondan şikayətçi olmayıb. Bununla belə az da olsa azadlıqdan məhrum etmə cəzası alıb və artıq o məhkumluq həyatı da bitib. Hazırda xoşbəxt bir ailə olaraq yaşayırlar. Mən xanımın yalançısıyam. Yəni o, mənə dedi ki, evdə əri ilə can deyib can eşidirlər. Amma o vaxt baş verən hadisə internetin yaddaşından silinməyib. Dəcəl uşaqlar qəsdən axtarışa verib internetdən bu xəbərləri tapır və azyaşlı sinif yoldaşlarının “gözünə soxurlar”. Özü də bu hadisə demək olar ki, hər gün davam edir. Uşaq da öz balaca ağılı ilə qərara alıb ki, özünü öldürsün və bu biabırçılıqdan qurtarsın. 

Sözügedən internet səhifələrinin siyahısında təbii ki, Lent.az da var. Rəsmi qurumların paylaşdığı xəbəri ölkədə verməyən portal olmaz yəqin ki. Özü də bıçaqlı-mıçaqlı, qanlı filan xəbər ola... O hadisəyə hansı başlıqların qoyulduğunu təxmin etmək çətin deyil. İndi xanımın bizdən istəyi odur ki, elə edək ki, bu xəbər, ümumiyyətlə, internetdə çıxmasın. Bütün etimadımla dəstəyin o tərəfindəki xanımı inandırmağa çalışsam da ki, lap Lent.az o xəbəri silsə belə, başqa saytlarda qalacaq, xanım kirimir. Deyirəm ay xanım, mən axtarış motorlarının sahibi deyiləm. Daxili İşlər Nazirliyi və prokurorluğun saytlarına qəti müdaxilə edə bilmərəm. Bu məsələdə təəssüf ki, sizə yardımçı ola bilməyəcəyəm. Qadın daha möhkəm ağlamağa başladı. Elə ağlaya-ağlaya da dəstəyi asdı…

Telefondakı “qudok” səslərini dinləməkdə davam edirdim. Nəsə mənə elə gəlirdi ki, bu səs bitəndə o xanımın da göz yaşları dayanacaq… Çarəsizlik pis vəziyyətdir. 

Söhbət hərlənib-fırlanıb yenə məktəbin üstünə gəlir. O məktəbdə bir müəllim, psixoloq yoxdurmu ki, bu məsələyə əl qoya. Uşaqları bir yerə yığıb vəziyyətin necə travmatik, dəhşətli nəticələrinin ola biləcəyini şagirdlərə izah edə? Bildirə ki, siz bu hadisəyə görə, sinif yoldaşınıza təzyiq etməkdənsə, dəstək olmalısınız. Onsuz da internetdəki xəbərlər o uşağın qarşısına ömür boyu çıxacaq. Amma uşağa da izah etmək olar ki, bu olayda onun heç bir günahı yoxdur və gələcəkdə onu gözəl bir həyat gözləyə bilər. Baş verənlərdən nəticə çıxarıb, xanımına daha zərif davranar və sairə.  

Elm və təhsil naziri Emin Əmrullayev də bu gün beynəlxalq konfransda deyib ki, təhsillə bağlı görülən işlər uzun müddətlidir: “Çünki tez nəticə görmək mümkün deyil. İnanırıq ki, cəmiyyət nəticələri 20-25 ildən sonra görə biləcək”. 

Bu hesaba görə, o gözəl günləri görmək heç mənim nəvələrimə də nəsib olmayacaq. Amma yenə ümid balaca məsələ deyil.  
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4524
avatar

Oxşar yazılar