Hamiləlik əleyhinə dərmanların CİDDİ FƏSADLARI  – Həkim Lent.az-a danışır
07 noyabr 2024 16:05 (UTC +04:00)

Hamiləlik əleyhinə dərmanların CİDDİ FƏSADLARI – Həkim Lent.az-a danışır

Hamiləlik əksər qadınların həyatında sevindirici hal hesab olunur. Ancaq bəzən müxtəlif səbəblərdən (maddi imkansızlıq, karyera, uşaqların çoxluğu) hamilə qalmaq xoşagəlməz vəziyyət kimi qəbul edilir. Arzuolunmaz hamiləlikdən qorunma üsullarından biri də kontraseptivlər - hamiləlik əleyhinə həblərdir. Bəs qadın hamiləlik əleyhinə dərman içərkən belə bətninə uşaq düşübsə həmin uşaq nə qədər sağlıqlı olur?

Mövzu ilə bağlı ginekoloq Aygün Budaqova Lent.az-a bildirib ki, dərman vasitələri növündən və dozasından asılı olaraq, dölə mütləq təsir edir: 

“Həblərin düzgün qəbul edilməməsi hamiləliyin pozulmasına, döldə müxtəlif inkişaf qüsurlarına səbəb ola bilər”.
Onun sözlərinə görə, qadının daxili cinci orqanına qoyulan spiral uşaqlıq daxilindən çıxarıldıqdan sonra orqanizm üçün heç bir fəsad yaranmır. 

Qeyd edək ki, hamiləlik əleyhinə dərman, yəni kontraseptivlərin seçimi məsuliyyətli bir addımdır. Bu həblər ancaq xüsusi hallarda tətbiq edilməsi lazım olan bir üsuldur və vərdiş halına gətirilməməlidir. Tərkibində yüksək doza estrogen olduğu üçün istifadə edilməsi sağlamlıq üçün riskli olan insanlarda təhlükəli ola bilər. Bu səbəbdən dərman preparatları yalnız ginekoloq tərəfindən təyin olunmalıdır. 

Bəs kontraseptivlər sağlamlıq üçün hansı təhlükəli hallara səbəb olur?

Məsələn, çəkini artıra bilər. Duyğu, sinir pozğunluğu, əsəblərdə gərginlik, yüngül baş ağrıları yarada, qan təzyiqini yüksəldə bilər. Sağlamlığında problem olmayan qadın üçün bunlar keçici hallardır. Qadınları ən çox narahat edən çəkini artırma ehtimalı olmasıdır. Son illər istehsal olunan az dozalı kontraseptivlərdə bu təsir azdır. Qadın həb istifadə etməyə başlayan ilk vaxtlardan özündə çəki artımı hiss eləsə, istifadəni dayandırmalı və ginekoloqu ilə məsləhət etməlidir.

Ümumiyyətlə, kontraseptiv həbləri kimlər istifadə edə bilməz?

Damar tutulmasının olması və ya şübhəsi olanlar, damar tutulması olan şəkər xəstələri, ciddi qaraciyər xəstələri və qaraciyər  şişi, döş və ya cinsiyyət orqanlarına aid şiş, ciddi miqren tutmaları olanlar, ailəvi qanda lipid yüksəkliyi olanlar, bilinən hamiləlik və ya hamiləlik şübhəsi olanlar - oral kontrseptiv preparatlar istifadə etməməlidir. Həmçinin, səbəbi bilinməyən qanaxmaları olan qadınlar da kontraseptivlərdən istifadə etməməlidirlər. Əlbəttə kontraseptiv həblərin istifadəsinə ümumi ginekoloji müayinədən keçdikdən sonra başlamanız daha məsləhətdir.

Hamiləlik əleyhinə həbləri qəbul etmək istəyənlər nələri bilməlidir?

- Bu həblər bir dəfə qəbul olunduqda belə mənfi təsir göstərə bilir. Həbin qəbulundan sonra baş ağrısı, ürəkbulanma və qusma, başgicəllənmə, qarın ağrısı və sancı, halsızlıq, süd vəzilərində həssaslaşma, damcı şəklində qanama, ödem və aybaşı pozulma hallarının olma ehtimalı var.
- Həblərin qəbulundan sonra əksər hallarda aybaşı 1 həftə gecikir. Həmçinin, aybaşı zamanı qanama daha şiddətli ola bilir; 
- Qəbuldan sonra iki saat ərzində qusma baş verərsə, daha bir həb qəbul edilməlidir; 
- Qoruyucu həblər ayda bir neçə dəfə qəbul edilərsə, hormonal balansa ciddi zərər yetirə bilirlər;
- Artıq çəkili və piylənməsi olan qadınlara bu həblərin normaldan 3 dəfə az təsir etməsi müəyyənləşdirilib. 


Həblərin qəbulu hansı hallarda dayandırılmalıdır?

Şiddətli baş ağrısı, eyni zamanda ürək bulanma, qusma, bulanıq görmə, ani görmə itkiləri, keçici korluq kimi hallarda dərmanın istifadəsi dərhal kəsilməlidir. Ayaqlarda qızartı, şişkinlik və ağrı, iflic, şiddətli qarın və sinə ağrısı, nəfəs almada çətinlik, qan təzyiqində yüksəlmə kontraseptivlərin dayandırılmasını tələb edən digər hallardır. Əlavə təsir olaraq isə ürək bulanma, baş ağrısı, cinsi istəksizlik, menstruasiya aralığında qanaxmalar görülə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1746
avatar

Ləman Sərraf

Oxşar yazılar