Girinc, Drinqlit, Türməxanım - Söyüş kimi adlar...
01 iyul 2022 18:01 (UTC +04:00)

Girinc, Drinqlit, Türməxanım - Söyüş kimi adlar...

Ötən  il Azərbaycanda körpələrə verilən müxtəlif adlar sırasına br gözəl ad da əlavə olundu. Bir əsgərimiz öz qızına Şuşa adı verdi. Bu xəbərin anonsunu əslində Şuşa səfərimdə mənə divarlar pıçıldamışdı. Divarlara əsgərlərin yazdığı ürək sözlərini oxuyarkən bir döyüşçümüzün "Uşağıma Şuşa adını verəcəm" yazısını görmüşdüm. Azad Şuşanın adını balasına vermək əslində çox böyük anlam daşıyır. Amma balasına digər rayonların adlarını qoyanlar da var. Məsələn, son 5 ildə 4 uşağa Tovuz, 1 uşağa Gəncə,  2 uşağa Quba, 1 uşağa Şəmkir, 1 uşağa Şəki, 335 körpəyə isə Oğuz adı qoyulub. O qədər də pis səslənmir. Torpaq qədər ömürləri olsun.

Amma elə adlar var ki, valideyn sanki övladına ad yox, ömürlük utanc verir. Söyüş kimi səslənən adlarımız da var. Qızməmə, Dalaverdi, Momuş, Tak-tak, Türməxanım, Mütü, Dilqat, Pambıq, Qarsalan, Valik, Meyxoş, Drinqilit, Dımba, Girinc, Porsuq kimi adlarla böyüyən uşaq cəmiyyət arasında özünə necə yer tapsın? Heç unutmuram, qonşumuzda Müharibə adlı yaşlı bir qadın yaşayırdı. Müharibə başlayan gün doğulmuşdu deyə, adını belə qoymuşdular. Qadın o qədər davakar idi, “can” deyəndə də tərs anlayırdı.

Ad da bir enerjidir. Adın insan taleyində mütləq şəkildə rolu var. Övladlara verilən qəribə, gülünc adları görəndə bəzi adların verilməsinə dair tətbiq edilən qadağaya haqq qazandırmamaq olmur. Sovet dönəmində sevilən hind kinolarına baxıb valideynlər uşaqlarına Rac, Rita, Zita, Gita kimi adlar qoyurdular. Sonralar gördülər millət bu gedişlə “indeyski” olacaq,  əcnəbi adların verilməsi qadağan edildi.

Nə yaxşı ki, qanunlarımız insanlara bəyənmədiyi adı dəyişmək ixtiyarı verib. İllər sonra özün özünə ad qoya bilərsən. Maraqlananlar üçün qeyd edək ki, ad dəyişmək üçün dövlət rüsumu 3 manatdır. Adını dəyişdirən şəxs ailəlidir və övladları varsa, bu zaman övladlarının doğum haqqında şəhadətnaməsi və ya şəxsiyyət vəsiqələri, adı dəyişilən şəxsin sürücülük vəsiqəsi, əgər soyadı dəyşilirsə xanımının şəxsiyyət vəsiqəsi də dəyişilir.  Bu sənədlərin hər birinin dəyişdirilməsi üçün 30 manat rüsum tələb olunur.

Atalar yüz ölç, bir biç demişdilər. Uşaqlara da ad qoyanda yüz ölçüb, bir biçmək lazımdır ki, sonra  xərcə düşməsinlər, zaman itirməsinlər və  işə yaramayan adın təzyiqi altında  güvənsizlik problemi yaşamasınlar. Uşağı sevməklə, söymək arasındakı incə cizgidir ad məsələsi.

# 2316
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar