Eyni diş, fərqli qiymət:  İmplantlarının qaranlq və aydın tərəfləri
21 may 2025 14:09 (UTC +04:00)

Eyni diş, fərqli qiymət: İmplantlarının qaranlq və aydın tərəfləri

Diş əksikliyi yaşayanların son illərdə ən çox müraciət etdiyi ən son yollarından biri implantlardır. Amma bu müasir diş əvəzedicilərinin qiymətləri klinikadan klinikaya xeyli fərqlənir. Bir  yerdə 700-1000 manata təklif olunan implant, başqa ünvanda 300-400 manata başa gəlir. 

Bu fərqlər nə ilə bağlıdır? Keyfiyyət qiymətə birbaşa təsir edirmi?

Lent.az-a açıqlama verən həkim stomatoloq, üz-çənə cərrahı İdris Rəhimli bildirib ki, qiymət fərqlərinin əsas səbəbi implantın istehsal olunduğiu ölkə və istifadə olunan materiallarla bağlıdır:

"Koreya və Türkiyə kimi ölkələrin istehsalı olan implantlar adətən daha ucuz, 300-500 manat aralığında, Almaniya, İsveçrə, İsrail, ABŞ kimi ölkələrin premium markaları isə (məsələn, Straumann, Nobel Biocare, Miss C1 ) 700-1500 və daha yüksək qiymət aralığında olur. 

Həmin bahalı implantların titanı təmiz, uzunömürlü və orqanizmlə daha uyğun gəlir. Çin və Türkiyədə istehsal olunan bəzi implantların isə ucuz olmasının səbəbi daha az keyfiyyətli titandan hazırlanması və yaxud elmi-tibbi sınaqdan yetərincə keçməməsidir”.  


Cərrah qeyd edib ki, implant əməliyyatı mütləq üz-çənə cərrahı yaxud cərrah stomatoloqlar tərəfindən icra olunmalıdır:

“İxtisaslaşmış cərrahlar baş verə biləcək ağırlaşmalara tez zamanda müdaxilə etməyi yaxşı bacarırlar. Onlar implantları düzgün planlayıb paralel yerləşdirirlər ki, hazırlanan ortopedik konstruksiyalar estetik və uzunömürlü olsun. 
Təəəsüf ki, bəzən bu prosesi başqa sahənin həkimləri icra etməyə çalışır, bu zaman isə təcrübəsizlikdən yumşaq toxumalar zərər görə bilir”.

Həkim implantlarla xaricə səfər etmək istəyən şəxslərə bildirib ki, implantlarla ölkə xaricinə çıxışda hər hansısa bir problem yaranmır:

“Dental implantlar normal şəraitdə metal detektorda problem yaratmır, çünki istifadə olunan materiallar (titanyum və ya zirkonyum) detektorlar üçün demək olar ki, görünməzdir.Amma bəzi hallarda, xüsusilə hava limanlarındakı yüksək həssaslıqlı metal detektorlar, (əgər şəxsin bədənində çox sayda implant varsa) (məsələn, birdən çox implant, digər metal protezlər və s.), zəif siqnal verə bilər. Bu hallarda da adətən əlavə yoxlamaya ehtiyac olmur. Sadəcə izah vermək kifayət edir".


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1088

Oxşar yazılar