SSRİ-NİN SÜQUTU
(1991)
8 dekabr SSRİ-nin rəsmən süquta uğradığı gün kimi tarixə düşüb. 1991-ci il dekabrın 8-də Rusiya prezidenti Boris Yeltsin, Ukrayna prezidenti Leonid Kravçuk və Belarus Ali Sovetinin sədri Stanislav Şuşkeviç SSRİ-nin dağılması barədə sənəd imzalayıblar. Sənəd Belarusda imzalandığı yerin adı ilə “Belovejsk sazişi” kimi tarixə düşüb.
İSMAYIL AXUNDOV
(1897-1952)
İlk azərbaycanlı epidemioloq, tibb elmləri doktoru, professor İsmayıl Əbdülxaliq oğlu Axundov 8 dekabr 1897-ci ildə Şamaxı şəhərində dünyaya göz açıb. Bakı Dövlət Universitetinin Tibb fakültəsində və Azərbaycan Xalq Cümhuriyyətinin göndərişi əsasında dövlət hesabına Almaniyada Lüdviq Maksimilian adına Münhen Universitetində təhsil alıb. Hamburq Universitetində, Hamburq Tropik Xəstəliklər İnstitutunda çalışıb. Bakıda Epidemiologiya və Mikrobiologiya İnstitutunda entomoloji şöbəyə rəhbərlik edib. Azərbaycan Tropik Xəstəliklər İnstitutunda şöbə müdiri, Azərbaycan Tibb İnstitutunda dosent, Bakı Tropik Stansiyasının direktoru, Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda kafedra müdiri, Səhiyyə Nazirliyində malyariya ilə mübarizə şöbəsinin müdiri vəzifələrində işləyib, Zaqafqaziya hərbi dairəsinin baş epidemioloqu olub. 1943-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunda epidemiologiya kafedrasını yaradıb və ömrünün sonuna kimi onun müdiri işləyib. Tədqiqatları malyariyanın və tropik xəstəliklərin epidemiologiyası və profilaktikası problemlərinə həsr edilib. 40-dan çox elmi əsərin müəllifidir. Bir çox orden, medal və mükafatlarla təltif olunub. İsmayıl Axundov 1952-ci il yanvarın 28-də Bakıda vəfat edib.
MƏRZİYƏ DAVUDOVA
(1901-1962)
Azərbaycanın xalq artisti, aktrisa Mərziyyə Yusif qızı Davudova 1901-ci il dekabrın 8-də Həştərxanın Sarevo kəndində anadan olub. Kənddə dördillik "Darül-təhsil", "Qaliyə" və "İqbal" rus-tatar məktəblərində təhsil alıb. Birləşmiş Dövlət Teatrı nəzdində Türk Dram Teatrı kollektivində, Tiflis Azərbaycan Dram Teatrında və Bakı Türk İşçi Teatrında çalışıb. Daha sonra ömrünün sonunadək Akademik Milli Dram Teatrının aparıcı sənətçilərindən olub. Azərbaycan Teatr Cəmiyyətinin sədri, Azərbaycan SSR Ali Sovetinin deputatı olub. Cəfər Cabbarlının əsərlərindəki qadın rollarının ilk ifaçısı olub. “Hacı Qara”, “Bir ailə”, “Bakının işıqları”, “Bir məhəlləli iki oğlan”, “Koroğlu”, “Bəxtiyar” və başqa filmlərdə çəkilib. "Şərəf Nişanı", "Qırmızı Əmək Bayrağı" ordenlərinə və “Stalin” mükafatına layiq görülüb. Mərziyə Davudova 6 yanvar 1962-ci ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub. O, aktyor və rejissor Abbas Mirzə Şərifzadənin həyat yoldaşı, aktrisa Firəngiz Şərifovanın anasıdır.
FİKRƏT ZƏRGƏRLİ
(1929-1984)
Azərbaycanda milli kardiocərrahiyyənin banisi, tibb elmləri doktoru, professor Fikrət İsmayıl oğlu Zərgərli 8 dekabr 1929-cu ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunda və İ.M.Seçenov adına Moskva Tibb İnstitutunda təhsil alıb. Moskva şəhər xəstəxanasında cərrah, A.L.Myasnikov adına Elmi Tədqiqatlar İnstitutunda ürək cərrahiyyəsi bölməsinin rəhbəri, Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş cərrahı vəzifələrində çalışıb. Müxtəlif illərdə Moskva və Bakı şəhərlərində onun rəhbər etdiyi şöbələrdə açıq ürək üzərində 1500 əməliyyat aparılıb. 150-dən çox elmi əsərin, məruzə və məqalələrin müəllifidir. Fikrət Zərgərli 1984-cü il iyulun 27-də Bakıda vəfat edib.
TOFİQ BAKIXANOV
(1930)
Azərbaycanın xalq artisti, bəstəkar, professor Tofiq Əhmədağa oğlu Bakıxanov 1930-cu il dekabrın 8-də Bakıda anadan olub. Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki onillik musiqi məktəbində, Azərbaycan Dövlət Konservatoriyasında skripka və bəstəkarlıq ixtisasları üzrə təhsil alıb. Azərbaycan Dövlət Simfonik Orkestrində, Azərbaycan radiosunun simfonik orkestrində solist olub. Uzun illər Bakı Musiqi Akademiyasında dərs deyib. Bir sıra əsərlərin, o cümlədən 100-dən artıq mahnı və romansın müəllifidir. Tofiq Bakıxanov 2000-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub. O, Azərbaycanın xalq artisti, tarzən Əhməd Bakıxanovun oğlu, XIX əsrdə Azərbaycanın məşhur alimi, tarixçisi, şairi və ictimai xadimi Abbasqulu Ağa Bakıxanovun (təxəllüsü Qüdsi) nəticəsidir.
ELXAN AĞAHÜSEYNOĞLU
(1942-2009)
Azərbaycanın xalq artisti, teatr və kino aktyoru Elxan Ağahüseyn oğlu Ağahüseynov 1942-ci ilin bu günü Bakıda anadan olub. Tələbə ikən 1960-cı ildə Akademik Milli Dram Teatrına işə qəbul edilib və qırx ildən çox orada çalışıb. Eyni zamanda Azərbaycan Dövlət Televiziyasında hazırlanmış onlarla tamaşada rol alıb. "Axırıncı aşırım", "Ömrün səhifələri", "Dantenin yubileyi", "Qəm pəncərəsi" bədii filmlərinə çəkilib. Prezident təqaüdçüsü olan Elxan Ağahüseynoğlu 2 avqust 2009-cu ildə Bakıda vəfat edib.
SƏRDAR FƏRƏCOV
(1957)
Azərbaycanın xalq artisti, bəstəkar Sərdar Fərəculla oğlu Fərəcov 8 dekabr 1957-ci ildə anadan olub. Azərbaycan Dövlət Konservatoriyasında Xəyyam Mirzəzadənin sinfində təhsil alıb. Əsərləri Avropa, Amerika və keçmiş SSRİ ərazisində müxtəlif ansambllar və ifaçılar tərəfindən ifa edilib. Sərdar Fərəcov hazırda Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Üzeyir Hacıbəylinin Ev-Muzeyinin direktorudur.
SAHİB ƏHMƏDOV
(1953-1993)
Şəhid Sahib Nəriman oğlu Əhmədov 1953-cü il dekabrın 8-də Laçın şəhərində anadan olub. 1970-ci ildə 1 saylı Laçın şəhər orta məktəbini bitirib. Sovet Ordusunda hərbi xidmətini başa vurduqdan sonra uzun müddət Laçın Rayon İstehlak Cəmiyyətində işləyib. 1992-1993-cü illərdə Laçın rayonunun cənub-şərq kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. 811 saylı hərbi hissənin tağım komandiri olub. Sahib Əhmədov 1993-cu il avqustun 18-də Laçın rayonunun Səfiyan və Fərəcan kəndləri uğrunda gedən döyüşlərdə şəhid olub.
MƏHƏMMƏD TAĞI SİDQİ
(1854-1903)
Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin anım günüdür. O, 1854-cü il martın 22-də Ordubad şəhərində anadan olub. Molla Məhəmməd Tağı adlı axundun məktəbində, Şah Hüseyn Soltan mədrəsəsində təhsil alıb, klassik Şərq poeziyasını və fəlsəfəsini dərindən mənimsəyib. 1892-ci ildə Hüseyn Sultan Kəngərlinski ilə birlikdə Ordubadda “Əxtər” adlı yeni üsullu məktəb açıb. Buradakı “Əncüməni-şüəra” ədəbi məclisinin fəallarından olan şair 1894-cü ildə Naxçıvan şəhərində dini, eyni zamanda dünyəvi elmləri tədris edən “Tərbiyə” adlı məktəb təsis edib. 1894-1899-cu illərdə M.F.Axundovun “Müsyö Jordan və Dərviş Məstəli şah” əsəri əsasında hazırlanaraq Naxçıvan teatrında səhnələşdirilmiş eyniadlı tamaşaya quruluş verib. Elmi-pedaqoji dəyərə malik “Nümuneyi-əxlaq”, “Qızlara hədiyyə”, “Müxtəsər coğrafiya risaləsi”, “Ərəb dilinin sərfi-nəhvi”, “Ədəbiyyat”, “Pedaqogika” adlı əsərlərlə yanaşı, “Məsnəviyyati-mənəviyyə” adlı mənzumə, “Kəblə Nəsir” mənzum hekayəsini, “Heykəli-insana bir nəzər” ədəbi-fəlsəfi traktatını, 20-dən çox hekayənin cəm olunduğu “Məktəb hekayələri”ni və 300-dən çox qəzəl qələmə alıb. Həyatını maarifçiliyə və bədii yaradıcılığa həsr edən Məhəmməd Tağı Sidqi 8 dekabr 1903-cü ildə vəfat edib və Naxçıvanda dəfn olunub.
ABDULLA QARAYEV
(1910-1968)
Azərbaycanda fiziologiya elminin banisi, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Abdulla İsmayıl oğlu Qarayevin xatirə günüdür. 1910-cu il yanvarın 10-da Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin pedaqoji fakültəsinin təbiət bölməsində təhsil alıb. 1938-ci ildə Kurortologiya və Fiziki Üsullarla Müalicə İnstitutu nəzdində yaradılan laboratoriyaya rəhbərlik edib. Azərbaycan Dövlət Universitetinin prorektoru və rektoru, Ali və Orta İxtisas Təhsili Komitəsinin sədri, Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunun direktoru vəzifələrində çalışıb. Abdulla Qarayev 1968-ci il dekabrın 8-də Bakıda dünyasını dəyişib.
HƏSƏN SEYİDOV
(1932-2004)
Azərbaycan-sovet dövlət xadimi, əməkdar mühəndis Həsən Neymət oğlu Seyidov da bu gün xatırlanır. O, 16 avqust 1932-ci ildə Gürcüstanın Marneuli rayonunun Qaçağan kəndində anadan olub. Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsində təhsil alıb. SSRİ Kimya və Neft Maşınqayırma Nazirliyinin indiki Səttarxan adına zavodunda usta köməkçisi, 9 il ərzində mühəndis və baş mühəndisin müavini, "Azərinkom" "Azərinkom" səhmdar cəmiyyətinin sədri vəzifələrində çalışdıqdan sonra 1965-ci ildə zavod direktoru vəzifəsinə təyin edilib. Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin sənaye-nəqliyyat şöbəsinin müdiri, MK-nın katibi, Azərbaycan SSR Nazirlər Sovetinin sədri olub. Azərbaycan SSR və SSRİ Ali Sovetinin deputatı seçilib. Lenin ordeni, üç dəfə "Qırmızı Əmək Bayrağı" ordeni və medallarla təltif edilib. Borçalı camaatının Azərbaycan televiziyasına baxa bilmələri üçün orada ötürücü stansiya tikdirib, Qaçağan kəndinə qaz və su kəmərləri çəkdirib, onun Gürcüstan hökumətindən xahişi ilə Qaçağan kəndində müasir tipli üçmərtəbəli məktəb binası inşa olunub. Həsən Seyidov 8 dekabr 2004-cü ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn edilib.