MİŞEL NOSTRADAMUS
(1503-1566)
Fransalı astroloq, həkim, münəccim, Nostradamus təxəllüsü ilə məşhur olan Mişel de Notrdam 1503-cü il dekabrın 14-də Fransanın Sen Remi vilayətində katolikliyi qəbul etmiş yəhudi ailəsində anadan olub. Klassik ədəbiyyatı, münəccimliyi və ilk tibbi bilikləri evdə, fəlsəfə, qrammatika və oratorluğu Avinyon Universitetində öyrənib. XVI əsrdə Avropada tüğyan edən taun epidemiyasının həllində əldə etdiyi uğurlara görə şöhrət qazanıb. 1550-ci ildə 24 öngörücü rübaidən ibarət təqvim hazırlayıb. Avropanın gələcəyinə hesablanmış tarixini göstərən "Senturilər" (yüzilliklər) әsәrini 1554-58-ci illərdə yazıb. Öngörücülüyü ilə bağlı iz buraxmış hadisələrdən biri də fransalı gənc keşiş Feliçe Piyeretinin önündə diz çökərək, onun gələcək Roma Papası olacağını deməsi olub. Keşiş bu müəmmalı şəxsə inanmasa da, 19 il sonra VI Sikst adı ilə Roma papası olub. 2 iyul 1566-cı ildə vəfat edən Nostradamus vəsiyyətnaməsində çürümüş sümükləri dağılmasın deyə ayaqüstə mumiyalanmasını istəyib.
RƏŞİD BEHBUDOV
(1915-1989)
Dünya şöhrətli Azərbaycan müğənnisi, SSRİ xalq artisti Rəşid Behbudovun 14 dekabr 1915-ci ildə Tiflisdə xanəndə Məcid Behbudalı oğlunun ailəsində dünyaya gəlib. Dəmiryolu Texnikumunda təhsil alıb. Hərbi xidməti zamanı ordu ansamblında, sonra Tiflis estrada qruplarından birində solistlik edib. Daha sonra Ermənistan Dövlət Caz Orkestrində, Ermənistan Dövlət Opera və Balet Teatrında çalışıb. Azərbaycan Dövlət Filarmoniyasının, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olub. 1966-cı ildə Azərbaycan Dövlət Mahnı Teatrını təşkil edib və ömrünün sonunadək onun solisti, bədii rəhbəri olub. "Arşın mal alan" filmindəki Əsgər roluna görə "Stalin" mükafatı ilə təltif olunub. "Xalqlar Dostluğu", "Qırmızı Əmək Bayrağı", "Lenin" ordenləri, Dağıstanın xalq artisti və Gürcüstanın əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülüb. Rəşid Behbudov 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat edib, cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunub. O, müğənni Rəşidə Rəşidin atası, xalq artisti, rejissor Ənvər Behbudovun və aktrisa Nəcibə Behbudovanın qardaşı, müğənni Cəfər Behbudovun dayısıdır.
RAC KAPUR
(1924-1988)
Məşhur hind kinorejissoru, ssenarist, prodüser və aktyor Ranbir Rac Kapur 1924-cü il ilin bu günü Pişəvərdə aktyor Prithvirac Kapurun ailəsində anadan olub. Kinoda ilk rolunu 1935-ci ildə - 11 yaşı olarkən ifa edib. 1948-ci ildə şəxsi studiyası olan "Rac Kapur Films" şirkətini yaradıb. Buna qədər isə bir neçə il "Bombey Tokiz" studiyasında rejissor assistenti vəzifəsində çalışıb. Müxtəlif filmlərində sadə, mehriban və cazibəli "kiçik insan" obrazına, uşaq cinayətləri və s. mövzulara toxunub. Rac Kapur 2 iyun 1988-ci ildə Hindistanın Yeni Dehli şəhərində vəfat edib.
XUDU MƏMMƏDOV
(1927-1988)
Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru, professor Xudu Surxay oğlu Məmmədov 1927-ci il dekabrın 14-də Ağdam rayonunun Mərzili kəndində dünyaya gəlib. Azərbaycan Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsində təhsil alıb. Azərbaycan EA-nın Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda Struktur-kimya laboratoriyasının müdiri vəzifəsində çalışıb. Uzun müddət Azərbaycan Televiziyasında yayımlanan “Elm və həyat” verilişinin aparıcısı olub. Azərbaycanda kristalloqrafiya və kristallokimya məktəbinin yaradıcısıdır. 340-dan artıq elmi əsərin, 3 monoqrafiyanın müəllifidir. "Şərəf nişanı", "Qırmızı Əmək Bayrağı" ordenləri və bir sıra medallarla təltif olunan Xudu Məmmədov 1988-ci il oktyabrın 15-də Bakıda vəfat edib.
DİLARƏ ƏLİYEVA
(1929-1991)
Ədəbiyyatşünas-alim və tərcüməçi Əliyeva Dilarə Ələkbər qızı 14 dekabr 1929-cu ildə Tiflisdə dəmirçi ailəsində anadan olub. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində, Azərbaycan EA-nın Dil və Ədəbiyyat İnstitutunda, Gürcüstan EA-nın Ədəbiyyat İnstitutunda təhsil alıb. Azərbaycan EA-nın Dil və Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, Ədəbiyyat Muzeyində baş elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, bölmə müdiri, şöbə müdiri kimi vəzifələrdə çalışıb. Tədqiqatları Azərbaycan-gürcü ədəbi əlaqələrinə aiddir. “Azərbaycan-gürcü ədəbi əlaqələri tarixindən”, “Ürək bir, dilək bir” və başqa kitabların müəllifidir. Gürcü ədəbiyyatından tərcümələri ayrıca kitab şəklində buraxılıb. Azərbaycan xalq hərəkatının fəal iştirakçısı, AXC İdarə Heyətinin üzvü və Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin qurucularından və rəhbərlərindən biri olub. Dilarə Əliyeva 19 aprel 1991-ci ildə Balakəndə baş verən müəmmalı avtomobil qəzasında türkoloq Aydın Məmmədovla birlikdə həlak olub və Bakıda Fəxri Xiyabanda dəfn edilib.
NAZİM ABBAS
(1938-2000)
Azərbaycanın əməkdar incəsənət xadimi, rejissor Nazim Hüseynqulu oğlu Abbasov 1938-ci ilin bu günü Lənkəranda anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatr və kino fakültəsini bitirib. Elə həmin ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində rejissor köməkçisi, rejissor assistenti, rejissor və baş rejissor işləyib. 1979-1991-ci illərdə "Bakı" televiziya stansiyasının direktoru və baş rejissoru, 1993-2000-ci illərdə "Azərbaycantelefilm" Yaradıcılıq Birliyinin direktoru olub. 5 bədii, 17 musiqili və 127 sənədli filmin rejissoru və bəzilərinin ssenari müəllifidir. Onun çəkdiyi filmlər Azərbaycan Televiziyasının “qızıl fond”unda qorunub saxlanılır. Nazim Abbas 2000-ci il sentyabrın 16-da Bakıda vəfat edib.
ƏLİYAR ƏLİYEV
(1957-1992)
Azərbaycanın Milli Qəhrəmanı Əliyar Yusif oğlu Əliyev 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qazyan kəndində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil alıb. Dəfələrlə yunan-Roma güləşi üzrə respublika, ümumittifaq və beynəlxalq yarışların qalibi olub. Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində, Qazyan qəsəbə orta məktəbində və Saransk Dövlət Universitetində müəllim, "Məhsul" Kənd Könüllü İdman Cəmiyyətində rayon şöbəsinin məşqçisi vəzifəsində çalışıb. 1985-ci ildən Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti rayon Şurasının sədri seçilib. Ermənilərin Azərbaycan torpaqlarına təcavüzü başlanan gündən Qubadlıda ilk batalyon yaradıb və onun komandiri olub. Erməni qəsbkarları ilə döyüşlərdə misilsiz rəşadət göstərib. 1992-ci ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçın rayonunun 40-a qədər kəndini 4 gün ərzində ermənilərdən azad edib. Əliyar Əliyev 3 oktyabr 1992-ci ildə Laçın uğrunda döyüşlər zamanı şəhid olub və doğulduğu kənddə dəfn olunub. Azərbaycan Prezidentinin 10 noyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.
SƏRHƏD ZÖHRABBƏYOV
(1956-1992)
Şəhid Sərhəd Pirsəmalı oğlu Zöhrabbəyov 14 dekabr 1956-cı ildə Qusar rayonunun Yasab kəndində ləzgi ailəsində anadan olub. Kənd orta məktəbini bitirdikdən sonra 1979-cu ildə Gəncə Kənd Təsərrüfat Akademiyasının aqronomluq şöbəsini bitirib. Bərdə rayonunda müxtəlif kolxozlarda baş aqronom, idarə heyətinin sədri, meşə təsərrüfatı idarəsinin müdiri vəzifələrində işləyib. Ermənistanın Azərbaycana hərbi təcavüzü başlayandan sonra könüllü olaraq Milli Ordu sıralarına qoşulub. Bərdə batalyonunun qərargah rəisi olub. Sərhəd Zöhrabbəyov 1992-ci ilin avqustun 24-də Ağdərənin Drmbon kəndi uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.
CORC VAŞİNQTON
(1732-1799)
ABŞ-ın ilk prezidenti, dövlət xadimi Corc Vaşinqtonun anım günüdür. O, 1732-ci il fevralın 22-də Virciniya ştatında anadan olub. 1753-1754-cü illərdə Virciniyadakı könüllü hərbi birləşmələrdən birinə rəhbərlik edib, 1759-1774-cü illərdə Virciniya qanunvericilik məclisinin deputatı olub. 1789-cu il fevralın 4-də keçirilən prezident seçkilərində ABŞ-ın ilk prezidenti seçilib. ABŞ tarixində yeganə prezidentdir ki, seçicilərin 100 faiz səsini qazanıb. Hələ sağ ikən amerikalılar tərəfindən “Amerikanın atası” adına layiq görülüb. Corc Vaşinqton 14 dekabr 1799-cu ildə Maunt-Vernondakı malikanəsində vəfat edib. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
ALEKSEY ÇERNYAYEVSKİ
(1840-1894)
Görkəmli maarifçi, metodist və pedaqoq Aleksey Osipoviç Çernyayevskinin xatirə günüdür. O, 1840-cı ildə Şamaxı yaxınlığında anadan olub. Şamaxıda qəza və şəhər məktəblərində təhsil alıb. Şamaxı qəza məktəbinin müəllimi, Duşeti-Tianeti ikisinifli qapalı pansionun müdir, Tiflisdəki Nikolayev ibtidai məktəbinin müdir, Bakı şəhər və Kuban vilayət xalq məktəbləri idarələrində müdir müavini, Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin müfəttişi vəzifələrində çalışıb. "Vətən dili" dərs vəsaitinin I hissəsinin müəllifi, II hissəsinin isə həmmüəllifidir. Aleksey Çernyayevski 14 dekabr 1894-cü ildə Tiflisdə vəfat edib.
AZƏR RZAYEV
(1930-2015)
Azərbaycanın xalq artisti, bəstəkar, professor Azər Rzayev də bu gün xatırlanır. O, 15 iyul 1930-cu ildə Bakı şəhərində Hüseyn Rzayevin və Azərbaycanda Ərəbzəngi rolunun ilk qadın ifaçısı, məşhur opera müğənnisi Həqiqət Rzayevanın ailəsində dünyaya göz açıb. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki 11 illik orta ixtisas musiqi məktəbində skripka, Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq və skripka üzrə təhsil alıb. Bəstəkar kimi ilk dəfə skripka ilə simfonik orkestr üçün 1 saylı konserti ilə tanınıb. Azərbaycan Dövlət Konservatoriyasında kamera ansamblı üzrə müəllim, baş müəllim, professor kimi fəaliyyət göstərib. Radio və Televiziya Komitəsinin səs rejissoru, Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, Opera və Balet Teatrının direktoru olub. Bir neçə silsilə verilişlərin müəllifi və aparıcısı olub. 1997-ci ildə Bülbül adına orta-ixtisas musiqi məktəbi nəzdində "Uşaq simfonik orkestri" yaradıb. “Şöhrət” ordeni və “Humay” mükafatına layiq görülən Azər Rzayev 14 dekabr 2015-ci ildə Bakı şəhərində vəfat edib.
QƏDİR RÜSTƏMOV
(1935-2011)
Azərbaycanın xalq artisti, Qarabağ xanəndəlik məktəbinin tanınmış nümayəndələrindən biri Qədir Çərkəz oğlu Rüstəmovun anım günüdür. O, 20 noyabr 1935-ci ildə Ağdam rayonunda anadan olub. Əvvəlcə Azərbaycan Dövlət Musiqi Məktəbində ustad xanəndə Hacıbaba Hüseynovdan muğam dərsləri alıb, sonradan Ağdamda təhsilini davam etdirib. Məlahətli səsi və özünəməxsus ifa tərzi ilə xalqın rəğbətini qazanıb və xanəndə kimi məşhurlaşıb. İfa etdiyi bir sıra muğam dəstgahları – “Rast”, “Çahargah” lentə alınaraq radionun qızıl fondunda saxlanılır. Onun ifasında “Sona bülbüllər” mahnısı xüsusilə sevilir. Prezident təqaüdçüsü Qədir Rüstəmov 2011-ci il dekabrın 14-də Türkiyənin İstanbul şəhərində vəfat edib və Bakı şəhərində dəfn olunub.