Bunlara diqqət etməyənlərin diplomu tanınmayacaq - EKSPERTDƏN AÇIQLAMA
07 iyul 2025 15:10 (UTC +04:00)

Bunlara diqqət etməyənlərin diplomu tanınmayacaq - EKSPERTDƏN AÇIQLAMA

Digər ölkələrdə təhsil almaq istəyənlər xaricdə təhsil şirkətlərinə, ya da bu işlə fərdi məşğul olan şəxslərə müraciət edirlər. Yüksək faizlə onların müraciəti təsdiqlənir, diplomlarının tanınmasına “zəmanət verilir”, lakin məzun olduqdan sonra bu cəhətdən ciddi problemlər yaşayırlar.

Məhz Təhsildə Keyfiyyət Təminatı Agentliyi sonuncu açıqlamasında bildirdi ki, “İbtidai sinif müəllimliyi” ixtisası üzrə peşə tanınması əldə etmək istəyən namizədlərin 90%-i, “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” üzrə 96, “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə 87, “Hüquqşünaslıq” ixtisası üzrə isə namizədlərin 93% -i müvafiq imtahanda uğursuz olub.

Bəs diplomların tanınmamasının kökündə nə dayanır? Nəyə görə xaricdə təhsil alanların illərdir diplomları tanınmır?

İxtisas seçimi və karyera üzrə mütəxəssis Ramin Nurəliyev mövzu ilə bağlı Lent.az-a açıqlamasında bildirib ki, xaricdə diplomların tanınmaması ixtisasla yanaşı təhsilin forması ilə də bağlıdır:

Ramin Nurəliyev

“Bir neçə ixtisas üzrə xaricdə diplomların tanınmasının faizi aşağıdır. Burada əsas məsələ ixtisasla yanaşı təhsilin forması ilə bağlıdır. Yəni əksər tələbələr distant təhsilə üstünlük verərək, xarici ali təhsil müəssisələrinə müraciət edir. Məzun olduqdan sonra isə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə diplomun tanınması ilə bağlı müraciət edirlər. Lakin distant təhsil Azərbaycanda tanınmadığı üçün onların diplomları da öz funksiyasını itirir.

Hüquqşünaslıq ixtisası üzrə diplomların tanınmasında fərqli situasiya var. Burada Dövlət İmtahan Mərkəzi tərəfindən ixtisas fənnindən imtahan götürülür. Məqbul qiymət alanlar qismən tanınmaya cəlb olunur, qeyri-məqbul alanlar isə birbaşa hər hansısa universitetdə (xüsusən, Bakı Dövlət Universiteti) hüquq ixtisası üzrə müvəqqəti kurs keçməyə göndərilir. Kurs yekunlaşdıqdan sonra onlardan təkrar imtahan götürülür. Hüquqşünaslıq ixtisasında diplomların tanınması məhz bu formada aparılır".

Ukraynanın diplomu tanınmır 

Ramin Nurəliyevin sözlərinə görə, Ukrayna universitetlərində fövqaladə hallar istiqaməti üzrə təhsil almağa çalışanların (həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi) 96%-nin diplomu tanınmayıb: "Səbəb isə orada təhsilin onlayn (distant) şəkildə olmasıdır. 

Xaricdə oxumaq istəyənlər bilməlidirlər ki, hər hansısa xarici universitetdə distant təhsil alanlar Azərbaycanda o sahə üzrə çalışa bilməyəcəklər, çünki onların diplomu yararsız hesab olunur. 

Distant təhsil istiqamətində bəzi xaricdə təhsil şirkətləri valideynləri aldadır ki, diplomlar tanınacaq. Amma təəssüf ki, bu yalandır". 

Niyə distant (onlayn) təhsil tanınmır?

Ekspert bildirir ki, buna səbəb onun ekvivalentinin Azərbaycanda olmamasıdır: "Diplomun tanınması üçün həmin ixtisasın, yaxud təhsil formasının ekvivalenti (oxşarı) Azərbaycanda formalaşmalıdır. Əks halda bu, mümkün deyil.

İxtisasın oxşarının olmaması halı, xüsusən magistratura pilləsində müşahidə olunur. Gənclər magistrı xaricdə oxumağa üstünlük verirlər. Amma Azərbaycana gələndə peşə tanınmasında ciddi çətinliklər çəkirlər".

Bəs xaricdə təhsil almaq istəyənlər nə etməlidirlər?

Həmsöhbətimiz vurğulayıb ki, xaricdə təhsil almaq istəyən şəxslər ilk növbədə mütəxəssislərlə məsləhətləşməli, hansı ixtisasların Azərbaycanda tanınıb, tanınmadığını öyrənməli, həmçinin TKTA-nın rəsmi internet səhifəsində diplomları tanınmayan, eyni zamanda tanınmada problemlər yaşanan universitetlərin siyahısına, ixtisasların ekvivalentinə baxmalıdırlar. 

Türkiyədə qiyabı təhsilin diplomu Azərbaycanda tanınmır

Ramin Nurəliyev bildirib ki, valideynləri və abituriyentləri Türkiyədə qiyabi təhsilin diplomlarının tanınması ilə bağlı aldadırlar: "Amma bu diplomlar heç bir formada tanınmır, çünki bizim qiyabi dediyimiz “açık öğretim” təhsil formasının Azərbaycanda oxşarı yoxdur. Ekvivalenti olmadığı üçün də 100% diplomlar tanınmır." 

Distant təhsilin tələbəyə heç bir faydası yoxdur

Sonda ekspert fikrini tamamlayarkən bəzi ixtisasları distant oxuyub, heç nə əldə etmək olmadığını deyib: "Diplomu tanınmayanlar hüquqşünaslığı distant oxuyublar. Bu ixtisası distant oxuyub nə fayda əldə etmək olar? Qanunvericilik, tətbiq, təcrübə tələb edən sahəni monitor arxasından öyrənmək olmaz. 

Eləcə də, müəllimlik ixtisası. Onun qiyabisi ekvivalent olaraq bizdə yoxdur. Yoxdursa, nəyə görə xaricdə bu üzrə təhsil alırlar? Diplomu tanınmayan ixtisasa xərc çəkməyə dəyməz. 

Bu problemlər illərdir var. Hər dəfə xəbərdarlıqlar edilməsinə baxmayaraq, səhlənkarlıq edərək araşdırmırlar. Sonda isə diplomsuz qalırlar, iş tapmırlar".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 760

Oxşar yazılar