Bu sahədə çalışanların maaşları ARTIRILDI
29 iyul 2022 16:50 (UTC +04:00)

Bu sahədə çalışanların maaşları ARTIRILDI

Azərbaycanda hakimlərin maaşı artırılıb.

Lent.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Məhkəmələr və hakimlər haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

İndiyə qədər Ali Məhkəmənin sədrinə Azərbaycan Respublikası Milli Məclisi Sədrinin aylıq vəzifə maaşı (2475 manat) həcmində maaş ödənilib. Qanuna əsasən, Ali Məhkəmənin sədrinə 3550 manat maaş ödəniləcək. O cümlədən qüvvədə olan qanuna görə, yenə Ali Məhkəmənin sədrinə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödəniləcək. Yəni Ali Məhkəmənin sədrinə vəzifə maaşı və vəzifə maaşına əlavə olmaqla, ümumilikdə aylıq 7 100 manat ödəniş veriləcək.

Hakimlərə isə aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir:

- Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin sədrlərinə ali məhkəmə sədrinin vəzifə maaşının 90 faizi həcmində

- ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin, inzibati məhkəmələrin və kommersiya məhkəmələrinin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 80 faizi həcmində

- digər məhkəmələrin sədrlərinə Ali məhkəmə sədrinin vəzifə maaşının 70 faizi həcmində

bütün məhkəmələrin sədr müavinlərə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 90 faizi həcmində;

- Ali Məhkəmənin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin kollegiya sədrlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşının 85 faizi həcmində;

- bütün məhkəmələrin hakimlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 80 faizi həcmində müəyyən edilir.

Beləliklə, dijər məhkəmə sədrlərinin və hakimlərin maaşı Ali Məhkəmənin sədrinin maaşı ilə tənzimləndiyi üçün həmin məhkəmə sədrləri və hakimlərin də maaşı müvafiq faizlər nisbətində artacaq.

Qanuna əsasən, hakimlərə məzuniyyətə çıxdığı vaxt verilən iki aylıq əmək haqqı məbləğində müavinət isə ləğv olunur.

O cümlədən hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilməsi də dayandırılır.

Qanun sentyabrın 1-dən qüvvəyə minəcək.

***

Hesablama Palatasının üzvlərinin təminatları dəyişib.

Lent.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Hesablama Palatası” haqqında qanuna edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, Hesablama Palatasının sədri 3150 manat, Hesablama Palatası sədrinin müavini 2800 manat, Hesablama Palatasının auditorları 2625 manat məbləğində aylıq vəzifə maaşı alacaqlar.

Hesablama Palatasının üzvlərinə hər ay vəzifə maaşlarının iki misli həcmində vəzifə maaşına əlavə ödəniləcək.

Qanuna əsasən, Hesablama Palatasının üzvlərinə əmək məzuniyyətinə çıxarkən müavinət verilməsinə dair müddəa da ləğv olunub.

Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minib.

***

Konstitusiya Məhkəməsi hakiminin əmək haqqı artırılıb.

Lent.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Konstitusiya Məhkəməsi haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, Konstitusiya Məhkəməsi hakiminin əmək haqqı vəzifə maaşından, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən vəzifə maaşına əlavələrdən, digər müavinətlərdən və Konstitusiya Məhkəməsi hakiminin səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün aylıq vəzifə maaşının 50 %-i məbləğində vergilərdən azad olunan aylıq pul təminatından ibarət olacaq. Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı isə 3550 manat olacaq.

İndiyə qədər Konstitusiya Məhkəməsi hakiminin əmək haqqı vəzifə maaşından, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən vəzifə maaşına əlavələrdən, digər müavinətlərdən və Konstitusiya Məhkəməsi hakiminin səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Milli Məclisi deputatının aldığı məbləğdə vergilərdən azad olunan aylıq pul təminatından ibarətdir. Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı Azərbaycan Respublikası Milli Məclisi Sədrinin aylıq vəzifə maaşına bərabərdir.

Qeyd edək ki, indiyə qədər Konstitusiya Məhkəməsi hakiminə əmək məzuniyyətinə çıxdığı vaxt dövlət büdcəsi hesabına birdəfəlik ödəmə qismində iki aylıq əmək haqqı məbləğində müavinət verilir. Konstitusiya Məhkəməsi hakimlərinin müalicəsi üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik müavinət verilir.

Qanuna əsasən, bu müddəalar ləğv olunur.

Qanun 2022-ci il sentyabrın 1-dən qüvvəyə minəcək.

# 3312
avatar

Oxşar yazılar