Bir neçə gündür sosial şəbəkələrdə qəzalı vəziyyətdə olan bir evin fotoları paylaşılır. İddialara görə bu ev şair Əhməd Cavadın doğulub böyüdüyü evdir. Şəmkir rayonunun Seyfəli kəndindəki ata yurdu. Bu fotoları paylaşan hər kəs rayon rəhbərliyini, yerli icra orqanlarını Azərbaycan Respublikasının Dövlət Himninin sözlərini yazan bir dühaya hörmətsizlikdə qınayırlar.
Bəs, bu ev niyə bu haldadır? Niyə dahi şairin doğulub böyüdüyü bir ocaq belə darmadağın vəziyyətdədir? İddialar doğrudurmu? Əgər elədirsə, niyə buna bir çarə qılan yoxdur?
Lent.az olaraq məsələni araşdırmağa başladıq. Əvvəlcə onu deyək ki, Şəmkir rayonunda eyniadlı iki kənd var – Aşağı Seyfəli və Yuxarı Seyfəli. Əhməd Cavad isə Yuxarı Seyfəli kəndində anadan olub. Hə, elə yayılan fotolar da həmin kənddəndir. Ev də onun ata yurdunun yerləşdiyi torpaqlardadır. Amma... Amma bu işdə bir əmma var.
Əslən şəmkirli, vaxtıyla bu mövzunu araşdırmış həmkarımız Tural Turan Lent.az-a açıqlamasında bildirdi ki, tarixi və ədəbi mənbələrdə Əhməd Cavadın Şəmkirin Seyfəli kəndində doğulduğu bildirilir.
Jurnalist Tural Turan
“Amma burada bir qədər də dəqiqləşdirmə aparmaq yerinə düşər. İstiqlal şairimiz 17 tirədən ibarət olan Seyfəlinin Mehrili tirəsində (obasında) doğulub. 1900-cü ilə qədər bu kənddə yaşayıb. Sonra ailəsi ilə Gəncəyə köçür. Quran hafizi olur. Əhməd Cavad doğulduğu evə bir də 30-cu illərdə qısa müddətə qayıdır. Bir müddət Şəmkirin Könüllü kəndində müəllimlik edir. Sonra Bakıya gəlir, professor vəzifəsinə qədər yüksəlir. Daha sonra həbs edilir və güllələnir”.
Həmkarımız deyir ki, Əhməd Cavadın Seyfəlidəki doğulduğu və yaşadığı ev 1937-ci ildə yerli əhali tərəfindən dağıdılıb və ona məxsus heç nə saxlanılmayıb.
Elə keçmiş millət vəkili Sona Əliyeva da Lent.az-a açıqlamasında deyilənləri təsdiqləyib.
Sona Əliyeva
“1952-ci ildə Qəmbər Vəliyev adlı bir partiya mənsubu Əhməd Cavadın doğulduğu evin, yəni həmin yurdun yerində şəkilləri mediada dolaşan evi tikdirir. Özü də ev kimi yox, təsərrüfat obyekti kimi... Bu tikiliş hazırda həmin Qəmbər Vəliyevin nəvəsi Amal Abdullayevə məxsusdur. Heç bir idarənin balansında deyil. Özəl mülkdür. Mənə bu cür məlumat verilib. Ümumiyyətlə, tarixi tikili də sayılmır”.