Bakıda məşhur şadlıq evində saxta araqlar  verilirmiş
08 aprel 2025 17:54 (UTC +04:00)

Bakıda məşhur şadlıq evində saxta araqlar verilirmiş

Bakı şəhəri, Nərimanov rayonu Y.V.Çəmənzəminli küçəsində yerləşən “Avşarlar" MMC-yə məxsus “Mona Liza" şadlıq sarayında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib.

AQTA-dan Lent.az-a verilən məlumata görə, yoxlama zamanı bir sıra ciddi nöqsanlar müəyyən edilib.

Belə ki, şadlıq sarayının mətbəxinə və toy şənliyinin keçirildiyi zala baxış keçirilən zaman müxtəlif həcmdə aşkar saxtalaşdırma əlamətləri olan, küstar üsulla doldurulmuş, keyfiyyət və təhlükəsizliyinə dair sənədləri olmayan “Oneqin” əmtəə nişanlı alkoqollu içkilər aşkarlanıb. Agentlik tərəfindən həmin içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb və  məhsullardan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədilə laborator müayinələrə cəlb olunub.

Həmçinin yoxlama zamanı şadlıq sarayında yararlılıq müddəti bitmiş kolbasa məhsulu, üzərində etiket məlumatları və müvafiq sənədləri olmayan turşu və pendir məhsulları da aşkar edilib. Eyni zamanda qida obyektində sanitar-texniki və sanitar-gigiyenik tələblərin gözlənilmədiyi, ət, tərəvəz və alkoqollu içkilərin saxlandığı soyuducunun divar hissələrinin və rəflərinin, həmçinin ət asılan qarmaqların korroziyaya uğradığı, ətin emalı, xammalın qəbulu və anbar sahələrində kanalizasiya və su borularının izolyasiya edilmədiyi, alkoqolsuz içkilərin birbaşa boruların altında saxlandığı, havalandırma sisteminin qurulmadığı, isti yeməklərin hazırlandığı və quru məhsul anbarı sahələrində tavanın tamlığının pozulduğu, doğrama lövhələrinin təmizlənmədiyi, işçi heyətin soyunub-geyinmə otağı ilə təmin edilmədiyi və gigiyenik təlimlərə cəlb olunmadığı məlum olub. 

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1588

Oxşar yazılar