Bakıda  400 milyon illik   xəzinənin saxlanıldığı məkan  - VİDEO
25 may 2022 23:19 (UTC +04:00)

Bakıda 400 milyon illik xəzinənin saxlanıldığı məkan  - VİDEO

1930-cu ildə yaradılmış Təbiət Tarixi Muzeyi Bakının ortasında, Dağüstü Parkın yaxınlığında yerləşir. Ancaq yaşayış binasının altında yerləşdiyindən və ətrafda burada muzey olduğunu göstərən heç bir nişan olmadığından bu qeyri-adi məkanı tapmaq o qədər də asan deyil. 

Lent.az APA TV-ə istinadən xəbər verir ki, 2017-ci ildən sərbəst qurum kimi fəaliyyət göstərən Təbiət Tarixi Muzeyində Azərbaycanın qədim flora və fauna qazıntıları saxlanılır. Burada həmçinin Azərbaycan faunasının “Qırmızı kitabı”na daxil olan nadir endemik heyvanların müqəvvaları, skeletləri ziyarətçilərə təqdim olunur.

Əsası Xalq Cümhuriyyəti dövründə qoyulan bu muzey başqa-başqa vaxtlarda Geologiya və Zoologiya institutlarının nəzdində fəaliyyət göstərib. Muzeyin direktoru Tariyel Eybatov deyir ki, buna görə də, muzeyin kolleksiyası müxtəlif zamanlara aid nümunələrlə zəngindir: “Muzey Həsən bəy Zərdabinin adını daşıyırdı. Ancaq sonradan bu ad ləğv olundu. Muzeyimiz iki şöbədən təşkil olunub, zooloji  və geoloji. Zooloji şöbədə quşlara, məməlilərə və sürünənlərə aid nümunələr var. Ən nəhəng kolleksiyamız isə quşlarla bağlıdır. Burada 340 müqəvva növü var. Burada müxtəlif quşların dəstələri nümayiş etdirilir. Nəsli kəsilmiş, “Qırmızı kitaba” düşmüş heyvan nümunələri də var”.  

Təbiət Tarixi Muzeyi sözün əsl mənasında keçmişimizdən qalan xəzinədir. Muzeydəki eksponatların qorunması üçün isə xususi kimyəvi maddələrdən istifadə olunur. Tariyel Eybatovun sözlərinə görə, devon dövründən olan nümunələrin yaşı nə az, nə çox 350-400 milyon ili əhatə edir: “İndi gördüyünüz ən qədim tapıntılar bu vitrində nümayiş etdirilir. Naxçıvan Muxtar Respublikası ərazisindən tapılmış devon çöküntülərdir. Bunların yaşları 350- 400 milyon ilidir. Bunlardan qədim canlı Azərbaycanda tapılmayıb. Bu quşun yaşı isə 25-30 milyondur. Dişləri həqiqidir. Çox nadir eksponatdır. O vaxt tapılanda ilk eksponat idi, ancaq indi sayları çoxalıb. Daha sonra 20-30 milyon il əvvəl Azərbaycanda yaşayan nəhəng dəniz tısbağalarıdır. Bu da onların sümükləridir. 

Uzun illər baxımsız vəziyyətdə qalmış, sanki kimlərdənsə gizlədilmiş bu muzey geniş kolleksiyasının ancaq kiçik bir hissəsini ziyarətçilərə nümayiş etdirə bilir.

Qeyd edək ki, qoruq şəraitində saxlanılan və adı "Qırmızı kitab"a düşmüş 20 heyvanın müqəvvası da muzeyin qızıl fonduna daxildir. 


 

# 3732
avatar

Oxşar yazılar