Azərbaycanda onlayn alış-verişlə bağlı PROBLEMLƏR  - mütəxəssisdən AÇIQLAMA
11 yanvar 2021 10:52 (UTC +04:00)

Azərbaycanda onlayn alış-verişlə bağlı PROBLEMLƏR - mütəxəssisdən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, hazırda Dövlət Gömrük Komitəsi tərəfindən “Smart Customs” tətbiqinin və e.customs.gov.az portalının fəaliyyətində yaranan texniki problemlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

PR və Marketing kommunikasiyaları üzrə mütəxəssis, karqo şirkətlərindən birinin əməkdaşı olan Samir Əfətli Lent.az-a bildirib ki, Azərbaycanda karqo şirkətləri yeni fəaliyyətə başladığı gündən sifarişlərin həyata keçirilməsi ilə bağlı sadə izahlarla vətəndaşları məlumatlandırıblar:

“Bunun üçün vizual və ya audio formatında sosial media hesablarından geniş məlumatlar paylaşılıb və bu proses davam edilir”.

S.Əfətli “Smart Customs” tətbiqində hazırda olan problemlər barədə bu sözləri deyib:

“Əvvəlcə“ASAN Login” sistemindən qeydiyyatdan keçmək lazımdır. Bunun üçün vətəndaşlar mobil nömrələrini yazmalıdır. Nömrə vətəndaşın yalnız öz adına olmalıdır. Başqa bir şəxsin adına olan nömrə ilə qeydiyyatdan keçmək mümkün deyil. İndiki vəziyyətdə əsas problemlərdən biri budur, çünki insanların bir çoxunun işlətdiyi mobil nömrələr öz adlarına deyil. Bununla bağlı bizə müraciətlər hədsiz çox olur. Müxtəlif yollarla yardımçı olmağa çalışırıq. Ümumilikdə, “Smart Customs”da qeydiyyatdan keçmək üçün mərhələləri də vətəndaşlara izah edirik. Bununla bağlı sosial media kanallarımızdan məlumatlar paylaşırıq və s.”.

Mütəxəssis əlavə edib ki, problemlərdən biri də tətbiqin karqo şirkətləri tərəfindən məhsullar üçün göndərdiyi “Track ID” (izləmə nömrəsi) tanımamasıdır:

“Məhsulun həmin şəxsin adında olub-olmaması ilə bağlı da anlaşılmazlıqlar çox olur. Bu cür problemlərin həllində yardım göstərmək üçün karqo şirkəti olaraq Dövlət Gömrük Komitəsinə yazılı müraciət etmişdik ki, saytımız üzərindən tətbiqə birbaşa keçidi həyata keçirmək üçün icazə verilsin və məlumatlar avtomatik ötürülsün. Bunu həyata keçirmək mümkün olsaydı, müştərilər həm karqo şirkətinə, həm də tətbiqetməyə ayrı-ayrılıqda bəyan etməli deyildilər. Bu da onların vaxt qazanmasına və tətbiqdən də rahatlıqla istifadəsinə gətirib çıxaracaqdı”.

S.Əfətli insanların qarşılaşdığı digər çətinliklər barədə də danışıb:

“Məhsulları sözügedən sistemlərdə bəyan etdikdə müxtəlif növ “CAPTCHA” (kompüterləri və insanları biri-birindən ayırmaq (fərqləndirmək) üçün istifadə olunan test) formaları insanların qarşısına çıxır. Bəzən bu testlərdən bir neçə dəfə davamlı istifadə edilir. Bu isə insanları yorur.

Bundan başqa əlavə edim ki, e.customs.gov.az portalında tətbiqdən fərqli olaraq problemlər elə də çox deyil. Biz müştərilərimizə də tez-tez tətbiqdənsə, saytdan sifariş etmələri ilə bağlı məsləhətlər veririk.

Ümid edirəm ki, Dövlət Gömrük Komitəsi qısa müddət ərzində problemləri həll edəcək və vətəndaşların istifadəsi üçün daha sadələşdirilmiş tələblər qoyulacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2262
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar