Şuşanın azadlığı bizə ümid verdi... - BƏLKƏ ATAM DA QAYITDI
16 noyabr 2020 12:55 (UTC +04:00)

Şuşanın azadlığı bizə ümid verdi... - BƏLKƏ ATAM DA QAYITDI

“Şuşada narın yağan qarın üzərində gəzəndə səslərin əks olunması ilə yaranan harmoniya, yaz gələr-gəlməz ətrafı xalı kimi bəzəyən novruzgülləri, hamının piyada üz tutduğu Çıdır düzündəki şənliklər və daha nələr-nələr…”

Şuşanın adı çəkiləndə şuşalıların xəyalından doğma şəhərlərinin hər anı keçir.

1986-cı ildə Şuşada doğulan Fərid Bağırov da onlardan biridir. Şuşadan çıxanda yaşı az olsa da, xatırladığı çox məqamlar var. Üstəlik illərdir ki, yaxınlarından Şuşa haqqında çox eşidib.

Təəssüratlarını Lent.az-a danışan Fərid sevincini sözlə ifadə etməkdə çətinlik çəkir: “Şuşada bağçaya getdiyim günləri yaxşı xatırlayıram. Qar yağanda necə sürüşməyimizi, müxtəlif şənliklərdə bir araya toplaşan insanların sevinclərini unuda bilmirəm. Bir neçə bağça yoldaşımla sonradan Bakıda da görüşürük. Şuşa haqqında danışırıq, xatirələrimiz bölüşürük”.

Fəridgil Şuşadan anası və azyaşlı qardaşı ilə birlikdə çıxıblar. Çünki o zaman atası könüllü olaraq Şuşa uğrunda gedən döyüşlərdə iştirak edirmiş: “Mən uşaq olsam da, xatırlayıram ki, Şuşadan çıxıb avtobusla gedirdik. Bizi yolda necə daşa basdıqları yadımdadır. Mən, anam və hələ heç bir yaşı olmayan qardaşım idi. Əmim qızları da bizmlə birlikdə gedirdi. Bizim avtobusu daşladılar. Şüşələr çilk-çilik oldu. Yaxşı ki, sürücüyə bir şey olmadı. Üstümüzə şüşələr tökülürdü. Oradan salamat çıxa bildiyimizə şükür edirdik. Bizim Şuşadakı evimiz ikimərtəbəli və çox gözəl idi. Ermənilər “Alazan”la evimizi vurub yandırdılar. Bu hadisədən sonra nənəmlə babam da Şuşadan çıxdı və yanımıza, Yevlaxa gəldilər. Amma atamla əmim könüllü vuruşurdular. Onlar Şuşadan çıxmadılar. Hətta Şuşanın işğalından sonra belə, atam Şuşada qalıb, çıxmaq istəməyib. Şuşanı qoyub gedə bilmərəm,- deyib. O gündən sonra atamdan və əmimdən heç bir xəbər yoxdur. Birlikdə vuruşduğu polislər sonradan bir neçə dəfə bizə gəlib-getdilər. Hələ o zaman Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına da bu barədə məlumat vermişdik. Hələ indiyə kimi heç bir məlumat yoxdur”.

Fəridin atasına şəhid statusu da verilib. Amma deyir ki, şəhid kimi qəbri yoxdur, əsir kimi bir xəbər.

Şuşanın işğaldan azad olunmasından sonra gələn xəbərlər bu ailəni də ümidləndirib: “Eşidirik ki, bəzi əsirləri götürüblər, geri qaytaracaqlar. Bizdə ümid yaranıb ki, bəlkə atamı, əmimi yenidən görə bilərik”.

Özü də, qardaşı da yaxşı ali təhsil alan Fəridin və ailəsinin indi bir arzusu var. Tezliklə doğma yurda qayıtmaq: “Ali Baş komandan, prezident hər gün işğladan azad olunan torpaqların adını açıqlayırdı. Ailəlikcə Şuşanın azad olunması xəbərini nə zaman deyəcəyini gözləyirdik. Nəhayət, o xəbər gəldi. Sevincimizi sözlə ifadə etmək çətindir. Xatırlayıram ki, həmin gün 3-4 saat telefonum susmadı. Hamı zəng edib təbrik edirdi. Sevincdən göz yaşlarımızı saxlaya bilmirdik. İndi çox böyük ümidlə qayıdacağımızı gözləyirik. Şuşadan göstərilən hər bir videoyaya baxdıqca hamı ağlayır. Şuşanın nə zamansa qayıdacağına ümid var idi. Amma bu o qədər də alovlanan ümid deyildi. Prezidentimiz bunun əksini sübut etdi. Bizə qələbə sevincini yaşatdığı üçün Prezidentə minnətdaram”.

Fərid əmindir ki, onlar tezliklə doğma yurda qayıdacaq və yenə də Cıdır düzündə böyük el şənliyi qurub doğma şəhərin həsrətinə məlhəm olacaqlar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 924

Oxşar yazılar