Ağız boşluğunun qarqara edilməsinin koronavirusa təsirini araşdıran Kardiff Universitetinin elm adamları uğurlu nəticə əldə ediblər.
Məlum olub ki, qarqara koronavirusu 30 saniyədə təsirsiz hala gətirir.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Mütəxəssislər bildirib ki, 0,07 faizli setilpiridinium xlorid tərkibli bir qarqara ilə koronavirusu 30 saniyədə təsirsiz hala gətirmək mümkündür.
Qeyd olunub ki, ağız nahiyəsinin yaxalanması üçün mayedən istifadə koronavirus da daxil olmaqla, müxtəlif bakteriyalara, viruslara yoluxma riskini azaltmağa imkan verir.
Alimlər iddia edir ki, ağızın yaxalanması üçün setilpiridin xlorid tərkibli mayelər bədənin bu nahiyəsində koronavirusun miqdarını azalda bilər.
Tədqiqat müəllifləri üç ay boyunca mayelərin ağız boşluğuna təsirini öyrəniblər və mayelərin virusla mübarizədə necə kömək edə biləcəyini müəyyənləşdiriblər.
Lakin alimlər koronavirus profilaktikası sistemi üçün hər hansı belə vasitənin tətbiqi üçün əlavə tədqiqatların aparılmasının zəruri olması barədə xəbərdarlıq ediblər.
Onlar bu qənatə gəlib ki, qarqara da koronavirusa qarşı mübarizədə maska taxmaq və əlləri yumaq kimi adətlərlə eyni sıraya daxil ola bilər.