Göyçaydakı tarixi çinar ağacı
25 may 2021 17:24 (UTC +04:00)

Göyçaydakı tarixi çinar ağacı

150 yaşlı “qəhrəman”, yoxa çıxan lövhə, bir tarixin izi ilə - ARAŞDIRMA

Göyçayda belə bir deyim var: “Ermənilər soyqırımı törətdilər, xalqımızın günahsız oğul və qızlarını öldürdülər, lakin kökümüzü kəsə bilmədilər. Ölən hər bir şəhidin yerinə 4 oğul dünyaya gəldi. Beləcə insanlar artdı, çoxaldı”.

Əslində, şəhərin mərkəzində ucalan, 150 ildən çox yaşı olan çinar ağacıyla bağlı yaranıb bu deyim. 1918-ci ildə Göyçay ərazisində baş verən döyüşlər zamanı Bozdağda quraşdırılan erməni topundan atılan mərmi şəhərin mərkəzindəki çinar ağacına dəyib və onu ağır zədələyib. Amma buna baxmayaraq o yenidən qol-budaq atıb ucalıb. Vaxt keçdikcə bir gövdədən 4 budaq çıxıb.

Göyçaydakı tarixi çinar ağacı

Vaxtı ilə bu ağacın üstünə lövhə də var idi. Gənc nəslə, şəhərin qonaqlarına bu tarixi xatırladan lövhə. Amma indi nədənsə gözə dəymir. Həmin lövhədə isə bu sözlər yazılmışdı: “1918-ci il 30 iyun. Erməni təcavüzkarlarının Bozdağdan atdığı top mərmisi bu çinarı sındırdı. Amma məhv edə bilmədi. Bir idi, pöhrələnib dörd oldu. Çinarlı şəhəri göyçaylılarla birlikdə türk dünyasının qəhrəman oğlu Nuru paşa və onun başçılıq etdiyi türk ordusu xilas etdi. Bu tarixi unutma. Bu çinarı unutma”.

Şəhər sakinləri Lent.az-a deyir ki, bu ağac zamanla deformasiyaya uğrayaraq əvvəlki görünüşünü dəyişib.

“Əvvəl mərminin izlərini daha aydın görmək olurdu. Zamanla itib getdi. Amma lövhə elə son zamanlara qədər burada idi. Bilirsiz də, bura şəhərin ən qələbəlik yeridi, mərkəzdi. Kim hara getsə, yolu burdan düşür. Keçənlər ayaq saxlayıb lövhəni oxuyar, məlumatlanardılar. Çox təəssüf ki, artıq lövhə yoxdur və bilinmir kim hara söküb aparıb”.

Göyçaydakı tarixi çinar ağacı

Görəsən, nə oldu o lövhəyə? Niyə götürülüb, kim götürüb? Yoxsa, daha tarixi xatırlatmağa ehtiyac yoxdur?

Göyçay rayon İcra Hakimiyyətinin humanitar məsələlər üzrə müavini Zivər Zeynalova Lent.az-a açıqlamasında bildirir ki, bu məsələnin onlara heç bir adiyyatı yoxdur.

“O ağacların mühafizəsi və qorunması məsələlərinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxır. Biz buna cavab verə bilmərik”.

Göyçay rayon İcra Hakimiyyətinin Başçısının Göyçay şəhəri üzrə nümayəndəsi Rəşad Şükürov deyir ki, Göyçay rayonunda 200-ə yaxın qoca çinar ağacı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qorunur.

“Düzdür, əvvəllər həmin ağacın üzərində lövhə var idi. Daha sonra götürüldü. Belə deyirlər ki, ağacın məhz həmin çinar olmadığı müəyyənləşdirilib və buna görə lövhə götürülüb. Amma biz hamımız həmin rayonun sakini kimi ağacın tarixi abidə olduğunu bilirik. Bəlkə də onun tarixi abidə olduğunun əsaslı sübutu yoxdur. Onu da deyim ki, 2010-2015- ci illərdə həmin ərazidə, şəhərin mərkəzində bir sıra abadlıq işləri aparıldı. Hovuzlar tikildi. Yəqin ki, həmin vaxtda götürülüb”.

Göyçaydakı tarixi çinar ağacının üzərindəki lövhə

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşı Arzu Səmədova isə deyir ki, hər tarixi abidənin  üzərinə məlumatlandırıcı lövhənin qoyulması vacib deyil.

“Əvvəlcə həmin ağacın tarixi abidə olub-olmadığı araşdırılmalıdır. Əgər o həqiqətən tarixi abidədirsə, o zaman lövhə qoyulması ilə bağlı qərar haqda düşünmək olar. Amma əvvəllər ağacın üzərində lövhə qoyulub daha sonra götürülübsə, bunun da əsaslı səbəbi var. Belə deyim ki, ölkəmizdə tarixi abidələr çoxdur. Və onların hamısının üzərində də lövhə olmur. Yəni bəzi tarixi abidələrin üzərinə lövhənin yerləşdirilməsi vacib deyil”.

Belə çıxır ki, 150 ildən çox yaşı olan bu tarixi ağacın üzərindəki lövhə qeybə çəkilib. Nə gördüm deyən var, nə də götürdüm. Niyə götürüldüyü də elə tarixi sirr olaraq qaldı. 

Qeyd edək ki, 1918-ci ilin mart-iyun aylarında Nuru Paşanın rəhbərliyi ilə Türk Qafqaz İslam Ordusunun əsgərləri azərbaycanlı silahdaşları ilə birlikdə Göyçay ərazisində erməni-rus birləşmələrinin hücumunun qarşısını alıb. 1918-ci il iyunun 27-dən iyulun 2-dək Göyçay ərazisində gərgin döyüşlər baş verib. Göyçayın Qarabaqqal kəndinin ərazisi bir həftə davam edən ölüm-dirim savaşının dönüş nöqtəsi olub. Türk və azərbaycanlı əsgərlər daşnak erməniləri və bolşevik rusları məhz Göyçay ərazisindəki döyüşlərdən sonra geri çəkilməyə məcbur edərək, onları Bakıyadək qovublar. 1918-ci il sentyabrın 15-də Bakı erməni və rus birləşmələrindən azad olunub.

Osmanlı ordusunun generalı Nuru Paşa

Göyçay

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6843
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar