Azərbaycan samsunlu iş adamlarına təbliğ olunacaq
13 iyul 2011 11:14 (UTC +04:00)

Azərbaycan samsunlu iş adamlarına təbliğ olunacaq

Azərbaycan və Türkiyə arasındakı iqtisadi əlaqələrin, eləcə də Türkiyənin regionları ilə ticarət və investisiya münasibətlərinin inkişaf etdirilməsi məqsədilə ölkəmizin Ankaradakı səfirliyinin və Samsun Ticarət və Sənaye Palatasının təşəbbüsü, həmçinin, AZPROMO və Türkiyə Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) Türk-Azərbaycan Biznes Şurasının dəstəyi ilə iyul 14-də Türkiyənin Samsun şəhərində iş adamları ilə toplantı keçiriləcək.
Ankaradakı səfirliyimizdən Lent.az-a daxil olan məlumata görə, səfər zamanı Samsun valisi Hüseyin Aksoy, bələdiyyə başçısı Yusuf Ziya Yılmaz və Samsun Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Salih Zeki Murzioğlu ilə səfir Faiq Bağırovun görüşünün keçirilməsi də planlaşdırılıb.

Samsunlu iş adamları ilə görüş zamanı Azərbaycandakı investisiya mühiti, qanunvericilik, investisiya imkanları ilə bağlı təqdimat ediləcək, ölkəmizin iqtisadiyyatını, turizmini, mətbəxini və mədəniyyətini, o cümlədən Dağlıq Qarabağ həqiqətlərini təbliğ edən tanıdıcı materiallar paylanacaq. Samsuna səfəri çərçivəsində səfir Faiq Bağırovun Samsundakı Azərbaycan diasporunun nümayəndələri ilə görüşü nəzərdə tutulur.

Qeyd edək ki, Türkiyənin Qara dəniz bölgəsindəki ən böyük liman şəhəri olan Samsunda hazırda 5 sənaye zonası, 14 kiçik sənaye şəhərciyi fəaliyyət göstərir. İl ərzində 3 milyon tondan çox yükləmə-boşaltma fəaliyyəti həyata keçirilən Samsun limanı və digər özəl 3 liman, həmçinin, Türkiyə Dövlət Dəmir yollarına məxsus logistika mərkəzi şəhərin ticarət imkanlarını artırmaqdadır.
# 426

Oxşar yazılar