Əli Həsənov: «Məndə elə məlumatlar var ki... »
28 iyul 2009 15:15 (UTC +04:00)

Əli Həsənov: «Məndə elə məlumatlar var ki... »

Komissiya sədri: “Narkomanların sayının az göstərilməsi Azərbaycanı bu sahədə beynəlxalq təşkilatların yardımından kənarda qoyur”

«Narkotiklərlə mübarizə məqsədi ilə həyata keçirilən layihələrə milyonlarla manat vəsait xərclənir. Amma effekti azdır. İstənilən effekti almaq üçün kütləvi informasiya vasitələrini bu layihələrə cəlb etmək lazımdır».

Lent.az-ın məlumatına görə, belə bir təkliflə Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri, baş nazirin müavini Əli Həsənov çıxış edib.

Ə.Həsənov narkotiklərlə mübarizə sahəsində görülən işləri normal saysa da, bu sahədə hələ də problemlərin çox olduğunu dilə gətirib. Xüsusilə də mövcud rəqəmlərin həqiqəti əks etdirmədiyindən narazılıq edib. Müvafiq qurumları daha ciddi tədbirlər görməyə çağıran komissiya sədri bildirib ki, sahədə ciddi dəyişiklik aparılmalıdır: «Gəlin öz mövqeyimizi sərtləşdirək. Narkotiki gətirən də bilinir, aparan da, satan da bilinir alan da. Məndə elə məlumatlar var ki, desəm tükləriniz biz-biz durar. Axı bu məlumatları kimdən gizlətməliyik».

Ə.Həsənovun sözlərinə görə, narkomanların sayının az göstərilməsi Azərbaycanı bu sahədə beynəlxalq təşkilatların yardımından kənarda qoyur: «Beynəlxalq təşkilat görəndə ki, burda qeydiyyatda olan narkomanlar 20 min nəfərdir, vəsait vermək istəmir. Arqument də bu olur ki, onsuz da Azərbaycanın öz imkanları buna çatır. İyirmi min Azərbaycan üçün nədir ki?»

Ə.Həsənov narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində bir neçə maraqlı təkliflərlə də çıxış edib. komissiya sədrinin birinci təklifi dini qurumların, həmçinin yerlərdə ağsaqqalların imkanlarından istifadə ilə bağlıdır.

İkinci təklif isə Təhsil Nazirliyinə ünvanlanıb: «Bir gün tapşırıq verin ki məktəblərdə xidmətçilər yığışdırdıqları zibili atmasınlar. Toplayıb baxın orada nə var. Monitorinqdir, real vəziyyəti görmək istəyirsiniz, onda bunu edin. Heç nə çıxmayacaq, lap yaxşı. Allah eləsin, heç nə çıxmasın. Amma bu monitorinqi elə keçirin ki, heç kim də bilməsin, məxfi olsun».

Ə.Həsənovun üçüncü təklifi isə sərhədlərin mühafizəsinin daha da gücləndirilməsi ilə bağlı olub. Baş nazirin müavini deyib ki, bunun üçün sərhədlərdə müasir texnologiyalar tətbiq olunmalıdır: «Sovet dövründə İrandan heç nə gətirə bilmirdilər. Bu necə olurdu? Bu gün sərhədlərin mühafizəsi istiqamətində müsbət nəticələr var. Amma yenə keçirirlər. Necə keçirirlər? Mən sərhəddə böyümüşəm və təcrübəmdən deyə bilərəm ki, Sovet sərhədindən quş da uça bilmirdi. Bu təcrübəni tətbiq eləməliyik. Keçmiş təcrübənin hamısını atmaq olmaz».

Rəşad Süleymanov
# 851

Oxşar yazılar