Yüksək nəticə göstərən abituriyentlərin sayı azalıb
28 iyul 2009 13:45 (UTC +04:00)

Yüksək nəticə göstərən abituriyentlərin sayı azalıb

Bu il 500-700 bal toplayanlar ümumi abituriyentlərin 5,6 faizini təşkil edib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bütün ixtisas qrupları üzrə ali məktəblərə tələbə qəbulunun ümumi nəticələrini açıqlayıb. Bununla da komissiya hər bir ixtisas qrupu üzrə minimum keçid və ayrı-ayrı fənlərə tələb olunan nisbi bal göstəricilərini elan edir.

TQDK-dan Lent.az-a bildiriblər ki, bu ilki imtahanlarda abituriyentlərin 6,5 faizi 500 baldan 700 baladək nəticə göstərib. İmtahanlarda iştirak etmiş abituriyentlərin 33,8 faizi 100 ballıq həddi keçə bilməyib. Məhz bunun nəticəsində komissiya minimum keçid ballarını aşağı salmaq məcburiyyətində qalıb.

Komissiyada bildirirlər ki, bu il I ixtisas qrupu üzrə müsabiqəyə ümumi balı 200-dən, riyaziyyat və fizika fənləri üzrə ayrılıqda nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılır. Ana dili, kimya və xarici dil fənlərinə nisbi bal məhdudiyyəti tətbiq edilmir.

II ixtisas qrupu üzrə müsabiqədə ümumi balı 250-dən, riyaziyyat və coğrafiya fənləri üzrə ayrılıqda nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilər. Bu qrupda ana dili, Azərbaycan tarixi və xarici dil fənlərinə nisbi bal məhdudiyyəti tətbiq edilmir.

III ixtisas qrupunda müsabiqəyə ümumi balı 250-dən az olmayan abituriyentlər buraxılır. Bu zaman abituriyentin hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmamalıdır. Azərbaycan bölməsində III qrupun DT alt qrupunda xarici dil fənninə nisbi bal məhdudiyyəti qoyulmur.

IV qrup üzrə tələbə qəbulu müsabiqəsində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Azərbaycan Dövlət Aqrar Universitetinin (keçmiş Azərbaycan Kənd Təsərrüfatı Akademiyası) bu qrupa daxil olan ixtisaslarına fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir.

Xatırladaq ki, bu il ixtisas qrupundan asılı olmayaraq, ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün fənlər üzrə nisbi bal məhdudiyyəti qoyulmur.

Elxan SALAHOV
# 1296

Oxşar yazılar