Miqrasiya orqanlarının işçiləri üçün vacib xəbər
20 noyabr 2012 10:12 (UTC +04:00)

Miqrasiya orqanlarının işçiləri üçün vacib xəbər

Nazirlər Kabineti miqrasiya orqanları işçilərinin fasiləsiz qulluq illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması qaydasını təsdiqləyib.

Lent.az-ın verdiyi məlumata görə, miqrasiya orqanları işçilərinin fasiləsiz qulluq illərinə aşağıdakı dövrlər daxil edilir:

- miqrasiya orqanlarında vəzifəyə təyin olunduğu gündən başlayaraq, sonrakı işlədiyi müddət;

- miqrasiya orqanlarında stajorluq və sınaq müddəti;

- miqrasiya orqanlarında qulluq edərkən vəzifəsinin və əməkhaqqının saxlanması şərtilə, işçinin qulluqdan ayrıldığı müddət;

- miqrasiya orqanlarının kadrlarında saxlanılmaqla, müvafiq normativ hüquqi aktların tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının ali icra və ya qanunvericilik hakimiyyəti orqanlarına, hüquq-mühafizə orqanlarının təşkilati və qanunvericilik təminatı ilə bağlı işə keçmiş və bu orqanlardan işdən çıxdıqdan sonra miqrasiya orqanlarında xidmətini davam etdirən işçilərin həmin orqanlarda işlədikləri müddət;

- məzuniyyət dövrləri;

- əmək qabiliyyətinin müvəqqəti itirildiyi müddət;

- miqrasiya orqanları işçilərinin sərəncamda olduqları və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldıqları müddət;

- peşə fəaliyyəti ilə bağlı miqrasiya orqanının müvafiq göndərişinə əsasən Azərbaycan Respublikasının və xarici dövlətlərin tədris müəssisələrində təhsil aldıqları müddət;

- miqrasiya orqanları işçilərinin ilkin hazırlıq, ixtisasartırma və yenidən hazırlıq kurslarına cəlb edildikləri müddət.

Miqrasiya orqanları işçilərinin qulluq illərinə onların aşağıdakı orqanlarda işlədikləri müddətlər də daxil edilir:

- “Prokurorluq haqqında” qanununda göstərilən prokurorluq işçisi vəzifələrində qulluqda olduqları müddət;

- digər hüquq-mühafizə və fövqəladə hallar orqanlarının sıravi və rəis heyəti vəzifələrində, həmçinin məhkəmə hakimiyyəti orqanlarında işlədikləri müddət;

- ali icra və qanunvericilik orqanlarında, yuxarı icra hakimiyyəti orqanlarında, 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdə işlədikləri müddət;

-Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət müddəti, zabit, gizir, miçman və müddətdən artıq hərbi qulluqçu vəzifələrində xidmət müddəti.

Qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan miqrasiya orqanlarından xaric olunmuş, sonradan isə məhkəmənin və ya Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin, yaxud Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin qərarı əsasında miqrasiya orqanlarına bərpa edilmiş işçilərin miqrasiya orqanlarından xaric olunduqları gündən işə bərpaolunma haqqında əmrin verildiyi günədək olan miqrasiya orqanlarında qulluq keçmədikləri müddət qulluq illərinə daxil edilir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya vəzifəsindən sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malik miqrasiya orqanları işçilərinin tutulma, həbsdəolma və cəzaçəkmə müddətləri qulluq illərinə daxil edilir. Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə qulluq illərinin güzəştli şərtlərlə hesablanması nəzərdə tutulan hallar miqrasiya orqanlarında fasiləsiz qulluq illərinin hesablanmasında nəzərə alınır.
Xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan işçilər miqrasiya orqanlarında vəzifəyə təyin olunmazdan əvvəl mülki ali təhsil müəssisələrində, habelə xüsusi təyinatlı təhsil müəssisələrində, o cümlədən qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da 5 (beş) ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla fasiləsiz qulluq illərinə daxil edilir. Dövlət qulluqçusu miqrasiya orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifəyə təyin edildikdə, əvvəlki dövlət qulluğu vəzifəsindəki qulluq illəri fasiləsiz qulluq illərinə daxil edilir.
Qulluq illərinə görə verilən əlavə haqq vəzifə maaşından və xüsusi rütbəyə görə əlavədən hesablanaraq, aşağıdakı məbləğlərdə ödənilir:
- 1 ildən 2 ilə qədər qulluq illərinə görə - 5 faiz;
- 2 ildən 5 ilə qədər qulluq illərinə görə - 10 faiz;
- 5 ildən 10 ilə qədər qulluq illərinə görə - 15 faiz;
- 10 ildən 15 ilə qədər qulluq illərinə görə - 20 faiz;
- 15 ildən 20 ilə qədər qulluq illərinə görə - 25 faiz;
- 20 ildən 25 ilə qədər qulluq illərinə görə - 30 faiz;
- 25 ildən 30 ilə qədər qulluq illərinə görə - 40 faiz;
- 30 ildən yuxarı qulluq illərinə görə - 50 faiz.
Müvəqqəti əvəzetmə üzrə iş zamanı əlavə haqq əsas işin vəzifə maaşına və rütbəsinə uyğun hesablanır. Təqvim ayı ərzində qulluq illərinə görə əlavə haqqın məbləği artdığı təqdirdə, həmin ay üçün əlavə haqqın məbləği ayın təqvim günlərinə mütənasib şəkildə artırılaraq hesablanır. Əlavə haqq miqrasiya orqanı işçisi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada orta aylıq əməkhaqqı hesablanarkən nəzərə alınır. Qulluq illərini müəyyən edən əsas sənəd əmək kitabçası hesab edilir. Əmək kitabçası olmadıqda və ya onda lazımi qeydiyyatlar aparılmadıqda, habelə iş dövrləri düzgün əks etdirilmədikdə, qulluq illərinin müəyyən edilməsi üçün əmrlərdən çıxarışlar, şəxsi hesab vərəqələri, əməkhaqqının ödəniş cədvəlləri və iş fəaliyyətləri barədə məlumat verə biləcək digər təsdiqedici sənədlər əsas götürülür. Miqrasiya orqanları işçilərinin qulluq illəri Dövlət Miqrasiya Xidməti aparatının və Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin müvafiq struktur bölməsi tərəfindən bu qaydaya uyğun olaraq hesablanır.
Bu qaydanın tətbiqi zamanı yaranmış fikir ayrılığı Dövlət Miqrasiya Xidmətinin aparatında, Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətində, habelə Dövlət Miqrasiya Xidmətinin rəisi tərəfindən səlahiyyət verilən struktur qurumlarda yaradılan miqrasiya orqanları işçilərinin qulluq illərinin hesablanması üzrə komissiya tərəfindən aradan qaldırılır. Miqrasiya orqanları işçilərinin qulluq illərinin hesablanması üzrə komissiyaların tərkibi Dövlət Miqrasiya Xidmətinin rəisi, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi və müvafiq struktur qurumların rəhbərləri tərəfindən müəyyən edilir. Bu qaydanın tətbiqi zamanı fikir ayrılığı yarandıqda, əlavə haqq miqrasiya orqanları işçilərinin qulluq illərinin hesablanması üzrə komissiyaların qərarlarına əsasən verilir. Qulluq illərinin müəyyən edilməsi haqqında qərarlar göstərilən komissiyalar tərəfindən protokol formasında rəsmiləşdirilir. Protokolun əsli müvafiq miqrasiya orqanında saxlanılır, surəti isə işçinin şəxsi işinə əlavə edilir. Miqrasiya orqanları işçilərinin qulluq illərinin hesablanması üzrə komissiyaların qərarından Dövlət Miqrasiya Xidmətinin rəisinə və məhkəməyə şikayət verilə bilər.
# 1815

Oxşar yazılar